Xırdalanda binaların həyəti satılır?

13:50 18-09-2019 96

Xırdalan şəhəri 27-ci məhəllə 2B saylı binanın sakini Asif Lətifov mənzilinin qarşısının zəbt olunduğunu bildirib. Mirsahib adlı şəxsin həmin ərazidə özünə qanunsuz ev tikməsini və təsərrüfat yaratmasını deyən şikayətçi heyvanların səsindən və antisanitariyadan təngə gəldiklərini qeyd edib.
O, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib. Əraziyə icra hakimiyyətin məsul şəxsləri baxış keçirib.


Amma heç bir müsbət nəticə əldə olunmayıb. “Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya arxayın olan Mirsahib adlı şəxs heç bir şikayətə məhəl qoymur- deyən Asif Lətifov əlavə edib.
Şikayətçi icra hakimiyyətindən cavab gözləyir. Onun sözlərinə görə, problem həll olunmayacağı təqdirdə məhkəməyə müraciət edəcək: “Yaşamaq mümkün deyil. Amma nədənsə bu qanunsuzluğa son qoyulmur. Məcburam yuxarı orqanlara eyni zamanda məhkəməyə müraciət edim. Başqa çıxış yolum yoxdur”.


Asif Lətifov binanın qarşısında olan qarajının sökülməsindən də danışıb. O, bildirib ki, heç bir məhkəmə qərarı olmadan onun qarajı söküldü. Kompensasiya hələ də tam ödənilməyib. Qarajın yanındakı ağacların binanın həyətində basdıracaqlarına söz versələr də əməl olunmayıb. Əksinə Mirsahib adlı qonşu ordakı sonradan əkilən ağacları da məhv edib.
Məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamaq cəhdimiz alınmadı. Adı çəkilən qurumların mövqe bildirmək imkanı saxlanılır.

Mənbə Azadlıq.info