Beş-on uşaq dünyaya gətirib, “mənim uşaqlarıma baxın” deyirsən

16:36 18-09-2019 458

Kubra Məhərrəmova yazır...

Hər şeyi dövlətdən gözləyirik. Özü də hamımız. Kinomuz bərbad gündədir, dövlət əncam çəkməlidir. Musiqimiz batır, dövlət kömək etməlidir. İnsanlarımız küçədə söyüş söyür, dövlət məsələni həll etməlidir. Qonşumuz 22-ci mərtəbənin pəncərəsindən zibili həyətə vızıldadır, dövlət problemi aradan qaldırmalıdır. Yadıma Kennedinin sözü düşür:

“Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə etmisən?”.

Bu fikri təsadüfən qeyd etmədim, yəni əsası olduğu üçün yazdım. 

Əgər sənin əlin-ayağın sağdırsa, işləyə bilirsənsə, niyə işləmirsən? Niyə bütün gün çayxanalarda nərd vurub hökumətdən mənzil, avtomobil tələb edirsən? “Məktəb və ali məktəb boş şeydir” deyib öz adını düz yazmağı bilmədiyin halda hansı vəzifədən söz edirsən? Sənə verilməyən hansı şansların olmamasından dəm vurursan?

“Fəhləlik etməyəcəyəm, torpaqda eşələnmək mənlik deyil” deyib acından günorta duranlar təbii ki, həmişə günahı başqasında görüb öz bəxbəxtliyində hamını günahlandıracaq. Özükimilər də buna dəstək olacaq. Bəli, dövlət dəstək olmalıdır bizə, amma biz heç nə etməli deyilik. Küçədə söyüş söyməliyik, zibili pəncərədən yerə atmalıyıq, bütün gün gəzib-dolaşmalıyıq. 

Əziz həmvətənlərim, dövlət dediyin işləyən, vergi ödəyən vətəndaşların gəliri əsasında formalaşan büdcədir. Niyə mən üç yerdə işləməyiləm, gecə-gündüz çalışmalıyam, vergi ödəməliyəm, amma sən hazıra-nazir olmalısan? Niyə mənim qazancımı sən yeməlisən? Əldə etdiyin hansı kosmik nəticələrə görə? 

Niyə normal gəliri olan gənc ailə bir övlad dünyaya gətirir və düşünür ki, bu uşağın normal şəraitdə yaşaması üçün işləməli, çalışmalıdır. Amma sən beş-on uşaq dünyaya gətirib, “mənim uşaqlarıma baxın” deyirsən. “Mənə ev verin, uşağıma yemək alın” tələbini irəli sürürsən. Niyə övladını dünyaya gətirməmişdən əvvəl bu uşağın gələcəyini düşünmürsən? Sonra da dünyaya səfalət içində göz açan uşağı cəmiyyətə düşmən kimi böyüdürsən.

Bax, onlar toxdurlar, sən isə ac. Bax, onların uşaqları məktəbə gedir, sən isə göyərti satırsan. Bax, onların maşını var, sənin isə heç nəyin yoxdur. Çünki sən ata-ana olaraq özün heç nəyə nail olmadan öz problemini uşağının üstünə atırsan.

Onu oğru, soyğunçu olmağa təhrik edirsən. Uşağını dilənçilik etməyə məcbur edirsən. Qonşunun iki toyuğundan birini oğurlamağa göndərirsən. “Əşşi, yaşı azdır, iş düşməz ona” deyirsən. 

Amma mən fəhlə ana-atalar gördüm ki, bütün günü əziyyət çəkib övladına təhsil verdi. Özü yeməyib övladını yedirtdi. Onu ləyaqətli, əxlaqlı tərbiyə etdi. Və bu ana-atalar heç vaxt, heç kimdən heç nə istəmədilər. Nə qonşudan, nə hökumətdən, nə də qohumdan. Çünki adamın istəməyə üzü olmalıdır.