Badamdarda Fərhad Nağıyev kabusu – çox sayda məhkəmə iddiaları, ləğv olunan çıxarışlar…

12:09 20-09-2019 43

Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev Fərhad Məzahim oğlu barədə Aznews.az-ın redaksiyasına sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çoxsayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb. Bəs, buna necə nail olub?

Kütləvi informasiya vasitələrində yayılan məqalələrdə deyilənə görə, Səbail Rayon İcra Hakimiyyətinin əsasən 1998-1999-cu illərdə verdiyi sərəncamların hamısı saxtalaşdırılaraq, bu gün Badamdar qəsəbəsində torpaqların zəbt olunmasına yönəlir: “Bunun üçün Fərhad Nağıyevin möhürü və ştampı var. Məhz o, bu möhür və ştamplarla Səbail RİH-in adından saxta sərəncamlar verir və istənilən adamın torpağını bu yolla əlindən alaraq külli miqdarda pula satır. Bu qanunsuz torpaqlara hələ Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətindən çıxarış da alır. Bəs bu çıxarış neçə alınır? Deməli, F.Nağıyev tanışı vasitəsilə bu saxta sərəncamları köhnə tarixlə mərkəzi arxivin Bakı filialına yerləşdirir. Sonradan hər hansı bir dövlət qurumunun sorğusu əsasında arxivdən arayış verilir ki, bəs, dünən Badamdarda peyda olan hər hansı bir insana 1998-ci ildən guya sərəncamla torpaq verilibmiş. Beləliklə də həmin arayışla Fərhad Nağıyev vətəndaşların illərlə içərisində yaşadığı evə və torpağa çıxarış alır, sonra da həmin insanları məhkəmə yolu ilə ərazidən qovur”.

Bu barədə Fərhad Nağıyevin əməllərindən zərər çəkmiş Şəmiyev Mehman Rəhman oğlu belə deyir:

“Fərhad Nağıyevin əməllərindən zərər çəkmiş təkcə mən deyiləm. Badamdarda yaşayan çox sayda adam onun qanunsuz fəaliyyətinin ya qurbanıdır, ya da qurbanı olmaq ərəfsindədir. Bir müddət əvvəl onun qanunazidd fəaliyyətindən İmanov Ramiz Əyyub oğlu adlı bir vətəndaş da zərər gördü. Bir çox şikayət ərizələri kimi, onun da şikayətinə Səbail Polis İdarəsində Orxan Əkbərov tərəfindən baxıldı. Lakin heç bir cinayət işi açılmadı, məsələ ört-basdır edildi”.

Mehman Şəmiyev bildirir ki, onun və saxta sənədlər əsasında torpağı, obyekti ələ keçirilmiş şəxslərin əsas tələbi budur ki, Fərhad Nağıyevin Bakı Arxiv Filialına qanunsuz yollarla yerləşdirdiyi Bakı Şəhər İcra hakimiyyəti tərəfindən verilmiş sərəncamların (1971, 1125, 2066, 1042, 1548, 1549, 755, 758, 885,439) və onlara sonradan hazırlatdığı saxta cizgilərin ekspertizası aparılsın:

“1998-ci ildə 1971 nömrəli sərəncamla F. Nağıyevin dayısı oğlunun, dayısı qızının, dayısı gəlinin adına Badamdarda torpaq sahəsi “ayrılıb”. Bu sənədin də həqiqiliyi, qanuniliyi araşdırılmalıdır. Bu barədə həmin vaxt Səbail rayonunda icra başçısı işləmiş Rüstəm Məmmədovun da izahatının alınmasına ehtiyac var. Axı Cəlilabad rayonunda yaşayan insanlara Badamdarda bu qədər torpaq sahəsi ayrıla bilməzdi. Elə bu fakt yetərlidir başa düşməyə ki, “sərəncam” sonradan hazırlanıb və hansısa yollarla arxivə salınıb”.

Şikayətçi bildirir ki, onun mülkiyyətində olan torpaq sahəsi Fərhad Nağıyev tərəfindən məhz həmin “sərəncəm”a əsasən əlindən alınıb: “Mənim əlimdə Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş rəsmi çıxarış var. Lakin həmin 1971 saylı “sərəncam” əsasında Fərhad Nağıyev mənə qarşı iddia qaldırdı, həmin çıxarışın ləğv olunması üçün Bakı İqtisad Məhkəməsinə müraciət edildi. Məhkəmə arxivi araşdırmadan, cizgini ekspertizaya göndərmədən onun iddiasını təmin etdi. Heç ona da baxan olmadı ki, elə o saxta sərəncamda da deyilir ki, əgər vətəndaş (F.Nağıyevin 1998-ci ildə 17 yaşı olan dayısı qızı) əgər iki il ərzində ərazidə tikinti aparılmazsa, sənəd qüvvədən düşmüş sayılır. Təsəvvür edin, bu adam 19 ildən sonra iddia qaldırır ki, bəs mənim əlimdə köhnədən sənəd var, sənin əlindəki DƏK tərəfindən verilmiş çıxarış qanunsuzdur”.

Yenidən kütləvi informasiya vasitələrində bu barədə yazılanlara qayıdaq:

“Məlumat üçün qeyd edək ki, 1991-ci ildən 2000-ci ilə qədər qüvvədə olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 3/149 saylı 27 mart 1991-ci il qərarında açıq-aydın görünür ki, Bakı şəhərinin inzibati rayonlarının ərazisində yerləşən müəssisə, və təşkilatlarda mənzil növbəsində olan şəxslərə torpaq sahəsi ayrıla bilərdi. Torpaq sahəsi ayrılmış vətəndaşlar mənzil növbəsindən çıxarılır. Bizim təqdim etdiyimiz cədvəldə göstərilən şəxslərin əksəriyyəti bu günə kimi də Cəlilabad rayonunda hektarlarla pay torpaq sahəsi var. Eyni zamanda digərlərinin də adına Bakı rayonlarında daimi qeydiyyatda olduğu mənzillər və torpaq sahəsi mövcuddur. Hətta bir nəfər iki ünvanda, Bakı şəhəri 7 mkr. Ev 5 a mənzil 58-də və Binəqədi rayonu Xocahəsən qəsəbəsi, Sulutəpə Y.S. R. Haqverdiyev dön.11 ev 21-də qeydiyyatda olan Əlimardanova Nazilə və Zazilə Fərhad qızıına Səbail RİH-n 2292 sərəncamı ilə dörd yerdə 3152 və1875 nömrəli eyni arxiv arayışı ilə 2013-2018-ci illər arası torpaq səhələri alıb. Diqqət çəkən məqam odur ki, Zazilə adında ümumiyyətlə insan yoxdur. Sadəcə F.Nağıyev Nazilənin adındakı bir hərfi dəyışməklə yeni bir insan yaradaraq torpaq sahəsi alıb, satır”.

“Yeri gələndə F.Nağıyev dövlət qurumlarını məhkəməyə də verir ki, qanunsuzluğunu hüquqi yolla əsaslandırsın. Baxmayaraq ki, Fərhad Nağıyevin özünün barəsində də belə əməllərinə görə məhkəmə hökmü var. 11 yanvar 2010-cu ildə keçirilən Səbail rayon məhkəməsinin qərarı ilə Nağıyev Fərhad Məzahim oğlu Azərbaycan Respublikası CM-nin 132-ci maddəsilə təqsirli bilinərək hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 4 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Əlbəttə, bu cəza olduqca gülünc doğurur və 4 ay müddətinə islah işlərinə cəlb olunmaq Fərhad Nağıyev üçün heç bir əhəmiyyət kəsb eləmir. Ona görə də, sadə insanların halal torpaqlarını qanunsuz sərəncamlar və məhkəmə qərarları ilə əllərindən almaqda bu gün də davam edir.

Məsələn, cədvəldə adı göstərilən Əmrahov Şamil Əlipaşa oğlu Fərhad Nağıyevin, qeyd etdiyimiz kimi dayısıdır. Dayısı Ş.Əmrahov üçün qanunsuz yolla sənədləşdirmək istədiyi torpaqda problem yarandığı üçün F.Nağıyev onun rəsmi nümayəndəsi kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsini məhkəməyə verib. Bu idarədə F.Nağıyevin istəyinin əksinə olaraq, həmin torpağa çıxarış (kupça) ala bilməyib. Bu səbəbdən də məsələni əvvəlki torpaq məsələlərində olduğu kimi məhkəmə yolu ilə həll etmək istəyir. Amma bu dəfə nədənsə məsələ daşa dirənib. Doğrudan da F.Nağıyev dayısına alıb-satmaq istədiyi torpaq sahəsi Badamdardakı Daş Karxanasının ərazisidir. Ona görə də adı çəkilən dövlət qurumundan F. Nağıyevə göndərilmiş 11.09.2018-ci il tarixdə 183020547123 saylı bildirişdə yazılıb:

“Bununla əlaqədar bildiririk ki, təqdim edilmiş Səbail rayon İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında Əmrahov Şamil Əlipaşa oğlunun adına verilmiş Səbail rayonu Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən bu torpaq sahəsinin dövlət torpağı olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri Ərazi Şöbəsinə sorğu göndərilmişdir.

Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası qanununun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanı sənədlərinin həqiqiliyinə ciddi şübhə varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər”.

(Ardı var)