Ürəyində saxlama

19:09 25-09-2019 839

Ramin Musayev yazır...

Keçən həftə turzim forumunda iştirak edirdim. Bir spiker çıxışı zamanı turizmin formalaşması üçün vacib olan məqama toxundu. Onun çıxışında bir hadisə məni məyus etdi.

Həmin spikerin Amerikadan gələn zəngin bir qonağı deyir ki, eşitmişəm, Azərbaycanda çox dadlı pürrəngi çay var, onu dadmaq istəyirəm. Yerlimiz də onu İçərişəhərdə yerləşən yaxşı restorana dəvət edir. Nitqində orada sifariş edilən çayın dəmləmə deyil, paketlər olduğunu söylədi. Nə qonaq bir söz deyir, nə dəvət edən. Çayı içirlər, sonda da 27 manat hesab gətirirlər. Yenə də susaraq hesabı verib, oradan çıxırlar. Amma yenə də hirsli və narazı olsalar da, öz aralarında bunu pisləsələr də, heç bir söz demirlər. Əlbəttə ki, nə həmin şəxs, nə qonaq həmin restorana bir də heç zaman getməyəcək, həm də tanışlarına bunu danışacaq ki, intiqam alsın. Amma başqaları gedib, yenə məyusluq keçirəcək, yenə narazı qalacaq, yenə susacaq və orada-burada, bəlkə də sosial şəbəkələrdə öz narazılığını bildirəcək.

Belə hallarla hamımız qarşılaşırıq. Amma çox adam yuxarıda danışdığım hadisədə olanı təkrar edir, yəni susur. Hətta “Facebook”da belə bir qrup var. Bir neçə gün oradakı statusları oxuyaraq, əsəbiləşdim və oradan çıxdım. Əsəbimin səbəbini isə aşağıda ərz edirəm.

Mən nə edirəm… Yerindəcə administrator yaxud direktoru çağıraraq, tanış oluram. Vəziyyəti araşdırıram və aydınlıq gətirirəm. Mədəni şəkildə, dostcasına və əsaslı öz narazılığımı bildirirəm, səhv olduğunu göstərirəm, gələcəkdə bunun digərləri tərəfindən də pis qarşınalacağını deyirəm. Əksər hallarda bu yanlışlıq çox tez ortadan qalxır və hər şey həll olunur. Bunu qonaq olsa da, olmasa da, edirəm. Hətta bəzi hallarda restoran, kafe rəhbərliyi bizə kompliment (hədiyyə) olaraq nələrsə göndərir. Bu da onların təşəkkürüdür, çünki onlara səhvlərini göstərdim. 

Əgər müştəri öz narazılığını əyan etməsə, rəhbər öz səhvini düzəldə bilməyəcək, sonunda isə müflis olacaq. Bəlkə təcrübəsi yoxdur, ucuz xidmət arxasınca qaçır ki, biznesi gəlirli olsun. Nəticədə isə müştəriləri itirərərək, müflis olacaq və biznesi bağlanacaq. Neçə nəfər işini, neçə ailə gəlirini itirəcək!

Bəs niyə belə hadisələrlə qarşılaşanda susurlar? Utanıb, sözü üzə deyə bilmirlər. Bu tək ictimai iaşə obyektlərində deyil, mağazalarda, işdə, bir-birinə qarşı da baş verir. Çünki uşaqlıqdan böyüklər “nəyinə lazımdır, baş qoşma” deyiblər. Bəs onda necə yaxşı ola bilərik? Əgər hamı susub, səhvi göstərməsə, heç zaman yaxşılığa doğru dəyişiklik olmayacaq. 

Ölkəmiz turizmin inkşafına can atır. Sirr deyil ki, bu, nefti əvəz edə biləcək bir yoldur. Amma xidmətlər düzəlməyincə, aldadıb, tez gəlir əldə etmək istəyi ortadan qalxmayınca, turizm ölkəsinə çevrilməyimiz çətin olacaq. Turistlərin ölkəmizə gəlməsi yetərli deyil, xidmətləri də yoluna qoymaq lazımdır. Təcrübəm göstərir ki, qiymət ikinci faktordur, birinci isə müştəri məmnuniyyətidir.

Fərqi yoxdur, bu ölkədə kim gəlir əldə edir, etsin, bundan hamı qazanır. İstər taksi sürücüsü, istər bələdçi, istər bahalı hotel və ya restoran şəbəkəsinin sahibi qazansın, onlar həmin pulu xərcləyəcək. Özü də nə qədər çox qazansa, o qədər də çox xərcləyəcək. Onun xərclədiyi pullar digər xidmət, mallara yönələcək. Deməli, başqa iş adamları qazanacaq. Onlar da öz növbəsində digər xidmət və mal əldə edəcək. Bir şeyi anlamalıyıq ki, ölkəmizə nə qədər çox turist gələrsə, bundan gəlir əldə edən şəxslər o qədər çox olacaq, sonunda hamı qazanır. Bunun üçün isə aldatmağa ehtiyac yoxdur.

Bir lətifə yadıma düşdü. Şəhərin ən yaxşı və dadlı çay təklif edən çayxanasının sahibi ölüm ayağında olur. Bu çayxana da yaxşı pul gətirirmiş. Hamı ondan çayın sirrini soruşur. Çayçı öz sirrini ancaq oğluna açacağını deyir. Hamı otaqdan çıxanda oğluna deyir ki, “Ancaq sənə sirri açacağam, ona əməl et. Çayın dadlı olması üçün onun çayının (yəni quru çay) miqdarında və keyfiyyətində qənaət etmə”. 

Lətifələri çox sevirəm, çünki onlar real hadisələrdən yaranır və onlarda müdriklik var. Odur ki, nə çaya qənaət edin, nə də rəyinizə. 

Əgər nə isə səhvdirsə, sözü üzə deyin, ürəyinizdə nə kədər qalsın, nə kin. Yoxsa qorxaq kimi, sonradan gedib sosial şəbəkələrdə post faktum acığınızla bölüşməyin.