Ölkəyə qanunsuz gətirilən siqaret və dərman aşkarlandı - FOTO

21:27 28-09-2019 443

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

DGK-dan HerGun.Az-a verilən xəbərə görə, aksizli mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Mercedes Benz” markalı avtomobil Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılıb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı, orada siqaretlərin olduğu müəyyən edilib. Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilən avtomobilə təkrar baxış keçirilib.

Yoxlama zamanı, avtomobilin salonunda 2 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 12760 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əlavə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Opel Antara” markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin arxa sağ oturacağının altında gömrük nəzarətindən gizlədilən, 14 ədəd plastik qabın içərisində 2100 kapsul dərman preparatı aşkarlanıb.