“Yüz ilin işığı”: Avropadan əvvəl Bakıda yaradılan elektrik stansiyasından - REPORTAJ

13:45 29-09-2019 490

Elektrik enerjisinin istehsal və istehlakı Avropanın ən inkişaf etmiş şəhərlərindən də əvvəl Bakıda mövcud olub. Bunu sübut etmək heç də çətin deyil. Bunun üçün Binəqədi şosesi,  II mədən deyilən ərazidə yerləşən “Yarımstansiya Muzeyi”nə kiçik səyahət etmək kifayət edir.

Azərbaycanda ilk dəfə 1914-cü ildə Binəqədi rayonunda neft sənayesi ilə əlaqədar tikilmiş 20 kv-luq qapalı tipli yarımstansiya hazırda muzey kimi fəaliyyət göstərir.

Burada muzey yaratmaq üçün kifayət qədər işlər görülüb. “Yarımstansiya muzeyi” 2019-cu ildə fəaliyyətə başlayıb.

Sənədlərə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakinski dok”da quraşdırlıb. Öz gücünə görə indikilərlə müqayisəolunmaz elektrik stansiyaları yalnız öz obyektini təchiz edirdi.

O vaxt şəhərin elektrik enerjisi ilə təchizatı sırf belə yolla təşkil edilirdi. Avropanın bəzi inkişaf etmiş ölkələrində elektrik enerjisi olmayanda, Azəbaycanda enerji istehsal olunurdu.

Muzeyə daxil olan kimi uzun illər, hətta əsrlər əvvəl istismarda olan eksponatları görmək olar.

HerGun.Az “Yarımstansiya muzeyi”ndən hazırladığı reportajı təqdim edir:

Muzeyin ərazisinə daxil olan kimi ətrafda bir-birindən iri transformatorlar, elektrik enerjisinin istehsal və istehlakını təmin edən cihaz və avadanlıqları görmək olur.

Bizi muzeydəki eksponatlarla “Yarımstansiya muzeyi”nin direktoru Pərisoltan Ramazanova tanış edib.

Onun sözlərinə görə, muzeyin yaradılmasında əsas səbəb şəhər şəbəkəsində gedən modernləşmə ilə yanaşı, onun keçmişini qoruyub saxlamaqdır:

“Bildiyiniz kimi, 2006-cı ildə Bakı Elektrik Şəbəkəsi öz fəaliyyətini yenidən bərpa edərək böyük layihələr həyata keçirdi. O layihələrdən biri də bu muzeyin yaradılmasıdır. Muzeydə XIX əsrdən başlayaraq Azərbaycanda elektrik enerjisinin ötürülməsində istifadə olunan müxtəlif avadanlıqlar qorunur.

Nobel qardaşları tərəfindən 1882-ci ildə Bakı Dəniz Limanının işıqlandırılmasında elektrikdən istifadə edilib. Daha sonra isə müxtəlif yarımstansiyalar yaradılıb. 1898-ci ildə dünyada çıxarılan neftin təxminən yarısını Azərbaycan təmin edirdi”.

Muzeyə kiçik səyahətimiz zamanı avadanlıqların böyük əksəriyyətinin “Siemens” şirkətinə məxsus olması diqqətimizi çəkdi. Muzeydə təxminən 150-yə yaxın eksponat qorunub saxlanır. Pərisoltan xanım deyir ki, avadanlıqlar arasında 100 il istismarda olan və istismar müddəti bitməmiş muzeyə eksponat olaraq gətirilən cihazlar var:

“Bizim muzeydə müxtəlif illərdə istismarda olan avadanlıqlar var. Onlar arasında elə cihazlar var ki, “Siemens” şirkətinin arxivində belə qalmayıb. Dəfələrlə Azərbaycana səyahət edən “Siemens” şirkətinin mütəxəsissləri bu muzeyə heyranlıqla baxıblar. Muzeyə tez-tez turistlər, tələbələr gəlir.

Muzeydə yaradılan kiçik kitabxanada elektroenergetika sahəsinin tarixi ilə bağlı bir sıra ensiklopediyalar var ki, tələbələr onlardan rahat şəkildə istifadə edə bilirlər. Muzeydə elektrik enerjisi sahəsində istifadə edilən çox kiçik detallar saxlanılır”.

Gördüyünüz bu nəhəng avadanlıqları müasir dövrdə çox kiçik mikroskopik cihazlar əvəz edir. Orijinallığı ilə seçilən muzey müasir standartlar səviyyəsində təmir edilib. Burada sərgilənən eksponatların üzərində məlumatlar o qədər geniş qeyd edilib ki, ölkəmizin elektroenerji tarixi haqqında olduqca dolğun məlumat əldə etmək olar.

P.Ramazanova deyir ki, muzeyin ikinci mərtəbəsində Bibiheybətdə qurulan blok-sxem olduğu kimi yerləşdirilib:

“Yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Muzeydə XX əsrin əvvəllərində Bakıda tikilən stansiya və yarımstansiya, küçə və evlərin işıqlandırılması, idarəetmə stansiyaları barədə ətraflı məlumatlar qeyd edilib. 

Burada generatorların sinxronlaşdırılıb dövrəyə qoşulması, stansiyanın köməkçi avadanlarının – bəsləyici nasosların, kondensat nasosların, dəniz nasoslarının idarə edilməsi nəzərdə tutlumuşdu. Ümumilikdə Bakı şəhərinin 1929 və 2009-cu illərinin şəbəkə sxemləri nümayiş olunur. Həmçinin, 100 il əvvəlki layihə və avadanlıqlardan ibarət olmaqla 20/2 kv-luq yarımstansiya modeli olduğu kimi bərpa olunub”.

Qeyd edək ki, post-sovet ölkələrindən heç birində belə muzey yoxdur. Muzeyin ikinci mərtəbəsində həm də idarəetmə lövhəsi quraşdırlıb.

O vaxt Avstriyadan gətirilən və XIX əsrin sonlarından istifadə olunan avadanlıqların müəyyən hissəsi muzeydə saxlanılır. Muzey binasının işıqlandırılması da diqqəti cəlb edir.

Belə ki, daxili işıqlandırma sistemi 100 il əvvəl istifadə edilən şəkildə, xüsusi saxsı izolyatorlarla çılpaq naqillərin köməyilə quraşdırılıb. Burada həm də neft çıxarmaq üçün kran saxlanılıb. P.Ramazanova deyir ki, əvvəllər bura Binəqədi neft mədənlərinin ərazisi olub:

“XX əsrin əvvəllərində neft mədənlərini elektrik enerjisi ilə təchiz etmək üçün tikilib. Yarımstansiya binası restavrasiya olunub. Daha sonra əhalinin tələbatına uyğun olaraq bu binadan elektrik enerjisi təchizatında istifadə edilib. Ərazidə açıq havada xüsusi avadanlıqlar üçün sahələr yaradılıb. Yarımstansiya ekspozisiyaları 100 il əvvəlki dövrün layihəsinə əsasən elektromontaj olunub.

Muzeyin ərazisində, açıq havada xüsusi postamentlərdə irihəcmli avadanlıqalarla tanış olmaq mümkündür.

Xatırladaq ki, “Yarımstansiya muzeyi”nə giriş tamamilə pulsuzdur.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov