Bakıya “Sabahın xeyir” deyən mahnı – Bir gecədə bəstələndi

09:09 30-09-2019 18

Azərbaycanda uşaqdan-böyüyə hamı “Bakı, sabahın xeyir” mahnısını eşidib. Bu mahnının ərsəyə gəlməsinin maraqlı tarixçəsi var.

Sözləri şair İslam Səfərliyə, musiqisi Emin Sabitoğluna məxsus olan bu mahnının ən mahir ifaçılarından biri Xalq artisti Yalçın Rzazadədir.

Y.Rzazadə müsahibələrinin birində “Bakı, sabahın xeyir” mahnısını hər sənətkarın yaxşı ifa etməməsinə diqqət çəkib. O bildirib ki, Xalq artisti Flora Kərimova “Bakı, sabahın xeyir” mahnısını ifa etsə də, o, bir az fərqli oxunmalı idi.

Y.Rzazadə həmin mahnının məhz onun ifasında səslənməsi üçün yazıldığını bildirib.

Onun sözlərinə görə, 1970-ci illərdə İ.Səfərli gecə saat 01:00-da ona zəng edib.

“İslam Səfərli zəng edib dedi ki, Bakı üçün şeir yazıb. “Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya “Sabahın xeyir” deməyib. “Bakı, sabahın xeyir” adlı bir şeir yazmışam” dedi”, - Y.Rzazadə qeyd edib.

Həmin gecə İ.Səfərli elə həmin şeiri diktə edib, Y.Rzazadə isə yazıb. Y.Rzazadə bunun ardınca E.Sabitoğlu ilə danışıb, bu şeirə mahnı bəstələməsini xahiş edib.

Y.Rzazadə şeiri oxuyub, E.Sabitoğlu misraları yazıb.

Bununla bağlı 18:00-da görüşməli imişlər. Ancaq mahnı gözlənildiyindən də tez bəstələnib.

“Amma səhərə yaxın Emin mənə zəng etdi. Dedi ki, Yalçın, mahnı hazırdır. Mən isə yuxulu idim, ona görə də konkret nədən söhbət getdiyini bilmədim. Sən demə, Emin Sabitoğlu “Bakı, sabahın xeyir” mahnısını bir gecəyə bəstələmişdi. Bu mahnı belə yarandı”, - deyə Y.Rzazadə bildirib.

Aqşin Kərimov