Çatdırılma xidməti bu səhvlərə yol versə, zəhərlənə də bilərik

17:00 11-07-2019 15

Kafe və restoranlardan sifariş edilən yeməklərin ünvana vaxtında və keyfiyyətli şəkildə çatdırılması hər bir müştərinin istəyidir. Təəssüf ki, bəzən çatdırılma xidməti göstərən restoranlar sifarişləri gecikdirir, bəzən də yeməklər soyumuş halda gətirilir.

Bəzi restoranlarda isə ödənişli çatdırılma ilə şəhərlərarası sifarişlər də qəbul edilir - heç bir soyuducu və zəruri avadanlıqdan istifadə etmədən.

Əslində, necə olmalıdır? Çatdırılma xidməti göstərən restoranlarda qidaların keyfiyyəti necə qorunur? Xüsusilə yay aylarında sifarişlərin çatdırılması zamanı nələrə diqqət yetirilməlidir?

HerGun.Az-ın bu və digər suallarını Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət şöbəsinin müdiri Aysel Cəlilova cavablandırıb.

Onun sözlərinə görə, yay aylarında logistik xidmət göstərən restoranlar “soyuq zəncir” deyilən məqama diqqət yetirməlidir:

“Əgər çatdırılma xidməti göstərən restoranlar sifarişi təyin edilən ünvana çatdırana qədər soyuq zəncirə əməl edirlərsə, bu, artıq qayda pozuntusu hesab olunur. Çünki sifariş müştəriyə çatdırılana qədər soyuducu kamerası olan avtomobillərdə daşınmalıdır. Soyuq qida zənciri qorumağın başqa bir yolu isə 2-3 saat ərzində məhsulu soyuq şəkildə saxlayan qutulardan istifadə etməkdir.

Əgər logistik xidmət göstərən restoranlar buna əməl etməsə, sifariş edilən salatlar, yeməklər ünvana çatdırılana qədər xarab ola bilər. Bu halda isə istehlakçının qidadan zəhərlənmə riski yüksəkdir. Ona görə də çatdırılma məsafəsi qısa olmalıdır. Düşünürük ki, qida təhlükəsizliyi baxımından bunu hər bir sahibkar bilməlidir. Əks halda, bu, qida təhlükəsizliyi qaydalarının pozulması deməkdir”.

A.Cəlilova qidaların daşınmasında istifadə edilən plastik qabların növlərinin də düzgün seçilməsinin vacib olduğunu bildirib:

“Plastik qabların müxtəlif növləri var. Sahibkarlar bunu bilir və qidalarla birbaşa təmasda olan qabların xüsusi lisenziyaları olur. Həmin lisenziyalara görə, plastik qablar isti və ya soyuq yeməklərin keyfiyyətinə və dadına heç bir ziyan verə bilməz. Lakin bütün bu hallar yenə də dediyimiz soyuq zəncir qorunduğu müddətdə zərərsiz və təhlükəsizdir”.

Könül Cəfərli