"Günay Bank"ın rəhbərinə qarşı ifadə verildi: "Oğlumdan "günah keçisi" düzəltmək istəyirlər"

11:54 16-08-2019 9

"Günay Bank" ASC-nin Müşahidə Şurasının sədri və baş səhmdarı Mahmud Məmmədovun adı 100 milyon manat həcmində vəsaitin mənimsənilməsinə dair qalmaqallı işdə hallanıb.

Hazırda 13 ay müddətinə həbsdə olan "Günay Bank" ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emin Zeynalov ötən həftə verdiyi ifadədə iddia edir ki, bankın hesaba almadığı vəsaitlərlə bağlı bütün maliyyə əməliyyatlarını məhz M.Məmmədovun göstərişi ilə həyata keçirib və istintaq hazırda yenidən üzə çıxmış halları yoxlayır.

Bu barədə HerGun.Az-a E.Zeynalovun vəkili Akif Məlikov məlumat verib.

Müdafiə tərəfinin sözlərinə görə, E.Zeynalov daha əvvəl öz ifadələrində bankın Müşahidə Şurasının sədrinin adını heç vaxt hallandırmayıb. Müttəhim son ifadəsində isə qeyd edib ki, M.Məmmədovun göstərişi ilə pulları bankın əlavə filialların yaradılmasına (üç filial olub, 20-si yaradılıb) və təşkilatın işlərini sahmana salmaqla bağlı digər ehtiyaclara xərcləyib.

Saxlanılan iddia edir ki, M.Məmmədovun xəbəri olmadan heç bir əməliyyat keçirilməyib. İstintaqa M.Məmmədovun fəaliyyətini və müttəhimin ifadələrinin həqiqiliyini yoxlamaq üçün vaxt lazımdır.

Məlumdur ki, E.Zeynalovun həbs müddəti daha üç il müddətinə uzadılıb. İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. E.Zeynalov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə (külli miqdarda dələduzluq) iri məbləğdə pulun mənimsənilməsində ittiham olunur.

Vəkil qeyd edib ki, hazırda işdə üç epizod var, E.Zeynalov guya həmin epizodlar üzrə üç fiziki şəxsin vəsaitlərini mənimsəyib. Lakin istintaqın işə daha 19 epizod əlavə edəcəyi ilə bağlı təhlükə var. Bu iş barədə artıq çoxdandır danışılır.

Ötən ilin iyununda yerli mətbuat yazırdı ki, bankir 100 milyon manat oğurlayaraq ölkədən qaçıb və bir neçə gündən sonra saxlanılıb. İlkin məlumata görə, E.Zeynalov bankın hesaba almadığı pulların dövriyyəsi ilə maliyyə fırıldaqlığına yol verib və pulları ofşor hesabları vasitəsilə ölkədən çıxarıb.

Lakin E.Zeynalovun atası – bankir Zakir Zeynalov HerGun.Az-a bəyan edib ki, onun oğlundan “günah keçisi” düzəltmək və törətmədiyi cinayətlərdə ittiham etmək istəyirlər. Saxlanılanın doğmaları iddia edirlər ki, bu ittihamın arxasında "Günay Bank" ASC-nin Müşahidə Şurasının sədri M.Məmmədov dayanır.

Müttəhimin atası deyir ki, o, 2017-ci ildə gənc və çox şey vəd edən mütəxəssis E.Zeynalovu bu banka gətirib:

"E.Zeynalov həmin vaxt "Kapital Bank"ın xəzinədarlığının direktoru işləyib, lakin M.Məmmədov onu "Günay Bank" ASC-nin Xəzinədarlıq və müxbir əlaqələri departamentinin direktoru vəzifəsinə çəkib və bir neçə aydan sonra onu İdarə Heyəti sədrinin müavini edib.

2018-ci il iyunun 20-da E.Zeynalovu zorla M.Məmmədovun maşınına oturdublar və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Oğlum bütün qanunsuz hərəkətlərə baxmayaraq, istintaq təcridxanasında qalmağa davam edir, ona qarşı uydurulmuş ittiham irəli sürüblər, ittiham onun "Günay Bank"da uzun müddət davam etməyən işi ilə uyğun gəlmir. Oğlumdan “günah keçisi” düzəltmək istəyirlər”.

Qeyd edək ki, E.Zeynalovun atası Azərbaycan Dövlət İqtisadiyyat Universitetində dərs deyir. HerGun.Az bu işin təhqiqatının gedişatını izləyir. Güman etməyə əsas var ki, M.Məmmədovun adı ilə bağlı yeni maraqlı detallar ortaya çıxacaq.

Ramella İbrahimxəlilova