Bakı sakininə hücum edən gürcüstanlı tutuldu

17:54 10-09-2019 11

Gürcüstan vətəndaşı Bakının Yasamal rayonunda bir nəfərin qarət edilməsinə görə saxlanılıb.  

Bu barədə HerGun.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, təcavüzkarlar sentyabr ayının 9-u saat 03:00 radələrində Bəşir Səfəroğlu küçəsi, 130 nömrəli binanın yaxınlığında 1986-cı il təvəllüdlü Fərid Cəfərovu döyərək, 700 manat pulunu və "Samsung" markalı telefonunu oğurlayaraq hadisə yerindən qaçıblar.

Zərərçəkən dərhal polisə müraciət edib. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində 26-cı Polis Bölməsinin əməkdaşları əvvəllər narkotik saxlamaq və qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunan Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Taptıqzadə və Gürcüstan vətəndaşı Muraz Hacıyevi saxlayıblar. 

Faktla bağlı istintaq davam edir.