AFFA-dan bəyanat: Yaradılan yeni qurum qanuna ziddir

15:18 12-09-2019 11

Dünən Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı konfrans keçirib. Bundan sonra qurum özünü AFF Azad Həmkarlar İttifaqı adlandırıb və bura rəhbər keçmiş veteran Nazim Süleymanov seçilib.

HerGun.Az xəbər verir ki, AFFA bununla bağlı bu gün bəyanat yayıb.

Bəyantı olduğu kimi təqdim edirik:

“Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilib.

Bəyan edirik ki, bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, adıçəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyəti yoxdur.

Belə ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır”.

Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb.

Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmayıb.

Bunu nəzərə alaraq, “AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir”.

Səbuhi Musayev