Bakının iki rayonunda qaz olmayacaq

02:00 20-11-2019 18

Bu gün Bakının iki rayonunda qaz təchizatında fasilələr yaranacaq. 

“Azəriqaz” İB-dən HerGun.Az-a verilən məlumata görə, noyabrın 20-də Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.  

“Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.  

Bu zaman saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək. 

Bundan əlavə, avtomobil sahiblərinin CNG, yəni sıxılmış təbii qazla təminatı üçün mühüm addımlar atılır. Yanacaqdoldurma məntəqələrində bu istiqamətdə bəzi işlər görülür.  

Noyabrın 20-də Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaq doldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş diametri 159 mm olan yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.  

Bu işin icrası üçün bu gün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.