Əbülfət İmanov

Poeziya-2024

15:15 25-02-2024 586

GERCƏK, NAĞIL DÜNYADI

 

Nənə, bir nağıl söylə,

Umacağım ləngiyər.

Nənə, bir nağıl söylə,

Uşaq qəlbim səngiyər.

 

Sənin nağıllarının

Sonunda üç alma var.

İndiki nağılların

Onunda üç alma var.

 

Ya bu dunya almasız,

Ya da paxıl dunyadı.

Mən necə ayırd edim,

Gerçək, nağıl dunyadı?!

 

Elə duşunməyin ki,

Bu, uşaq arzusudu.

Yaşamalı dünyada

Yaşamaq qorxusudu.

 

Tələsirsiz böyüyüm,

Uşaq qalmaq nə yaxşı.

Hər alma sabah demək,

Uşaq olmaq nə yaxşı.

 

...Kimdir, ötən gunlərim,

Gələn günü yubadan?!

Kaş, heç ayrılmayaydım,

Bu nağıllı dünyadan!..

 

ÖMUR-GÜN YOLDAŞIMA

 

Sükutla yaşardın günlərini sən,

Özünüunutmaq... ya acıq idin?

Məhəbbət ətirli günlərin ikən,

Tərəddüd... sükuta başlanğıc idi...

 

Azı cavab, çoxu sual dünyada,

Sükut yol yoldaşın olardı sənin.

Bu hicran dünyada, vüsal dünyada,

Qəlbində bir ocaq qalardım sənin.

 

...İndi o günlərin mehri-ulfəti,

Əziz xatirətək sənin, mənimdir.

O təmiz sevginin, o məhəbbətin

Sədası gəlir ki, qəmə qənimdir.

 

İndi adımız bir, taleyimiz bir,

Daha heç yuxalma, gəl qəribsəmə.

Həyatda tale də vallah əkizdir,

Həmin sükutunla bir görünsənə...

 

HƏYAT ÖLÜMDƏN UZAQ

 

Olacaqdı, qədərdi,

Kim duymursa, hədərdi,

Xəyal yolu qədərdi,

Həyat ölümdən uzaq.

 

Günlər ötən süvardı,

Təşnə könlü suvardı.

Buluddakı sulardı,

Həyat ölümdən uzaq.

 

Ey  həməsrim, biləsən,

Ömrü vermə yelə sən.

Yaşamağa tələssən,

Həyat ölümdən uzaq.

 

MƏNİM DÜNYAM

 

Günlərimdən toxunursan,

Umduğumdan çox umursan,

Gözlərimdən oxunursan,

Mənim dünyam, mənim dünyam.

 

Sən günəşim, sən ayımsan,

Dünyada tale payımsan,

Gördüm ki, ekiztayımsan,

Mənim dünyam, mənim dünyam.

 

Batman gəldin, ağır oldun,

Hərdən qarabağır oldun.

Üzüyola, fağır oldun,

Mənim dünyam, mənim dünyam.

 

Günahsızdın, günah oldun,

Nalə oldun, gah ah oldun,

Öz- özünə allah oldun,

Mənim dünyam, mənim dünyam.

 

Sən eşqimin məbədisən,

Həyatımın mabədisən,

Müvəqqəti əbədisən,

Mənim dünyam, mənim dünyam...