Elman İsrafiloğlu
Poeziya -2024
GƏL
Bir zaman yadına düşəndə sənin,
Yanıma şaxtadan üşüyəndə gəl,
Səni sevdiyimi bilmək istəsən ,
Qəlbindəki buzlar əriyəndə gəl.
Günlər əvəz edər biri-birini,
Gözü yaşlı qoyar sevgi qəlbini.
Sıxanda tənhalıq, ayrılıq səni,
Həsrət qəlb qapını, hey döyəndə gəl.
Əynindən çıxarıb qaranlıqları,
Yandırarsan qəlbdə sən çıraqları.
Qovarsan qəlbindən sən qınaqları,
Baharı mənim tək,gözləyəndə gəl.
Nə vaxtdan üzülüb əlim, əlindən,
Üzücü sözləri sil, at qəlbidən.
Qısqanclıq köynəyin çıxart əynindən,
Sabahlar günəşi səsləyəndə gəl.
Mənim ad günümdə yandırarsan şam,
Çoxdandı mən sənsiz, tənha qalmışam.
Yadına düşəcəm bir qərib axşam,
Ay Elman, qəddini dərd əyəndə gəl.
HARADAN YADINA , DÜŞDÜM, MƏN SƏNİN
Sanırdım səninçün unudulmuşam,
Kimsəsizlər kimi, mən atılmşam.
Çəkilib dünyada tənha qalmışam,
Haradan yadına , düşdüm, mən sənin?
Bu eşqin yolları dumandır, çəndir,
Arzu, istəklərim pərən-pərəndir.
Yadına düşmüşəm hardan, nədəndir?
Haradan yadına , düşdüm, mən sənin?
Ömrümdən ələnir vəfasız illər,
Daha nəğmə demir əsən küləklər .
Yoluna açılmır, açılmır əllər,
Haradan yadına düşdüm mən sənin?
Solubdur bağçada ətirli güllər,
Şirin xatirəyə, dönüb o ,günlər
Silinib sahildən ləpirlər, izlər,
Haradan yadına düşdüm mən sənin?
Küsübdür baxışlar, küsübdü yollar,
Tab gətirmir daha, həsrətə qollar.
Tikiş də tutmayır qəlbdə arzular,
Haradan yadına düşdüm mən sənin?
Yağır yavaş –yavaş narın yağışlar,
Səni soruşurlar dostlar, tanışlar.
Qəlbimdən sökülüb incə naxışlar.
Haradan yadına düşdüm mən sənin?
Sənsiz acı həyat yaşamışam mən,
Sənsizlik yükünü daşımışam mən.
Daha sənsizliyə alışmışam mən,
Haradan yadına düşdüm mən sənin?
Deyirlər küsənlər bir də barışmaz,
Səndən xoş bir xəbər gətirdi bu yaz .
Ayın işığına sığındım bir az,
Haradan yadına , düşdüm, mən sənin?
BİZ TEZ QOCQALIRIQ,YA VAXT TEZ GEDİR
Vaxtın sahilində durdum, dyandım,
Soyuq sənsizliyi mən qucaqladım.
Vaxtın günlərini hey varaqladım.
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Bir anın içində, bir sutka keçər,
Şirin xatirələr qəlbimdən köçər.
Zaman öz rəngini ömrümə çəkər,
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Çəksək də günləri, ayları geri,
Qaytara bilmərik ötən günləri.
O ötən günlərin görünər yeri,
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Zamanın içində biz qoşalaşdıq,
Qəlbimiz sevmədi, vaxtla dalaşdıq?
Dünən uşaq idik, nə tez yaşlaşdıq?
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Bu dünya zamana ,vaxta bürünər
Sənin də, mənim də ömrümdən keçər,
Səni də məni də vaxt hədəf seçər.
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Ömrümüz qısalır, vaxta əsiirik,
Harasa qaçırıq, hey tələsirik?
Vaxtın süzgəcində biz ələnirik,
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
Hara axıb gedir, bu vaxt, bu zaman?
Saxlaya bilmirik onu bircə an.
Şirin yuxudayıq, oyan, ay Elman,
Biz tez qocalırıq,ya vaxt tez gedir?!
MƏN SƏNİN ÜZÜNDƏ GÜLÜŞ GÖRƏNDƏ
Bu bahar hər tərəf gül-çiçək olar,
Sevincdən gözlərim yaşarar, dolar.
Təbiət bir sevgi nəğməsi çalar,
Mən sənin üzündə gülüş görəndə.
Şadlanar ürəyim, sevinər qəlbim,
Axar çaya dönər şirin sözlərim,
Açılar yoluna sevgim, əllərim,
Mən sənin üzündə gülüş görəndə
Yayar öz ətrini bağçaya güllər,
Tanrıdan güc alar sevən könüllər.
Sanaram dünyanı mənə veriblər,
Mən sənin üzündə gülüş görəndə.
Sevincdən bir anda nitqim dayanar,
Alışar ürəyim, günəş tək yanar.
Dünya gözlərimdə nura boyanar,
Mən sənin üzündə gülüş görəndə.
Dalğalar sahildən səsini yığar,
Bizi ağuşuna məhəbbət sıxar.
Kədəri, qüssəni sevgimiz yıxar,
Mən sənin üzündə gülüş görəndə.
Birgə qısılarıq aylı gecəyə,
Ötən günlər dönər xoş xatirəyə.
Sevincdən əlimi açaram göyə,
Mən sənin üzündə gülüş görəndə.
Salxım söyüd eşqə başını əyər.
İncə əllərinə əllərim dəyər.
Güllər sevgimizə min alqış deyər,
Mən sənin üzündə gülüş görəndə.
DÜNYANIN BƏXTƏVƏRİ
Mən bir kasıb oğlan, sən varlı qlzı,
Hər bir şey ölçülür, pulla deyirsən.
Amma, bu həyatda təmiz sevgini,
Heç zaman pul ilə ölçə bilməzsən.
Məni bu zamanın pəncəsi sıxar,
Sən isə zamanın pul hərisisən.
Gözəllik əbədi deyil, bilirsən,
Sanırsan dəryada su pərisisən.
Haram pullar üstə gəzdikcə əlin,
Sanıırsan dünyanın ən xoşbəxtisən.
Mən göz yaşlarından doğulan adam,
Sən isə dünyanın “bəxtəvərisən”.
Ürək paltar deyil ,ürək don deyil,
İstədiyin zamzn sən geyinəsən.
Qəlbim sevgi yeri, oyuncaq deyil,
Əşya tək sevgimə dəyər verəsən.
Abırı çəkmişəm baxışlarıma,
Sən isə bir saxta sevgi gəzirsən.
Payızda ağacdan qopan yarpaq tək,
Ayağın aitında bir eşq əzirsən.
Mən bir kasıb oğlan, sən varlı qlzı,
Mənim də qəlbim var, sübhə açılar.
Sənin öz yolun var, mənim öz yolum.
Hər kəsin yoluna tale iz salar
Kiminsə qəlbini qurdlar parçalar...
SƏNƏ GÖZ YAŞLARI YARAŞMIR , GÜLÜM.
Ulduzlar gecələr göydə sayrışır,
Sevənlər, sevilir, küsür, barışır.
Xumar gözlərinə gülüş yaraşır,
Sənə göz yaşları yaraşmır , gülüm.
Sən gülsən sevinər, dolmaz gözün də,
Çiçək baxışların solmaz gözündə.
Ağlasan gülüşün qalmaz gözündə
Sənə göz yaşları yaraşmır , gülüm.
Sevgi çığırları qalsın üzündə,
Payızın şarkıısı vardır izində.
Sevginin rəsmi var xumar gözündə ,
Sənə göz yaşları yaraşmır , gülüm.
Zaman külək kimi əsir qəlbimdən,
Sənə olan sevgim tutur əlimdən.
Sevirəm, kəlməsi düşmür dilimdən,
Sənə göz yaşları yaraşmır , gülüm.
Sevgi dolu baxış səpdim gözünə,
Yığıldı sevincim, dərdim gözünə.
Gülüşün rəsmini çəkdim gözünə,
Sənə göz yaşları yaraşmır , gülüm.
Elmanam, göz yaşın silə bilmirəm,
Sənsiz şənlənmirəm, sənsiz gülmürəm,
Yalan danışmağı öyrənənmirəm,
Sənə göz yaşları yaraşmır , gülüm.