Koronavirusla mübarizə üçün robot yaradıldı - FOTO

17:40 21-03-2020 23

Koronavirusla mübarizə çərçivəsində uzaqdan dərmanlama prosesinə imkan verən “epidemiyaya qarşı robot” düzəldilib.

“HaberGlobal”ın məlumatına görə, yeni texnika mərkəzi ofisi Çində yerləşən “Fly Dragon” şirkəti tərəfindən hazırlanıb.

Şirkətdən bildirilib ki, püskürdücülərlə həyata keçirilən dərmanlamanın bu işi həyata keçirən şəxsin səhhətinə zərər vermə ehtimalı var. Belə mənfi halların qarşısının alınması üçün hazırlanan robot isə açıq məkanlarda 1 km məsafədən idarə edilir.

İnsanların həyata keçirdiyi dərmanlama zamanı 5-10 litr dərman daşına bildiyi halda, “epidemiyaya qarşı robot”lar üçün bu göstərici 50 litrə bərabərdir.

Həmçinin sözügedən texnika saatda 15 min kvadrat metr ərazini dərmanlaya bilir.

Saatda üç km sürətlə hərəkət edən bu qurğular insanlar vasitəsilə həyata keçirilən dərmanlama prosesindən üçqat daha effektiv nəticələr göstərir.