Balakəndə narkotacir tutuldu - FOTO

10:40 29-04-2020 524

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini, 22 yaşlı İslam Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada, ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib.

O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman 14,22 qram qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq aparılır.