Ceyhun Bayramov Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə video iclas keçirib

20:40 23-05-2020 22

Tələbə Gənclər Təşkilatlarının sədrləri ilə geniş formatda video iclas keçirilib

21 may 2020 il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovla baş tutan onlayn konfransda müzakirə edilən məsələlər barədə ATGTİ-nin 23 may 2020-ci il tarixində keçirilmiş geniş formatda video iclasında ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının sədrlərinə ətraflı məlumat verilib.

İclasda koronavirus pandemiyası dövründə Azərbaycan hökuməti tərəfindən müvafiq istiqamətlər üzrə atılmış addımlar, ali və orta ixtisas təhsili müəssisələrində məsafədən tədrisin təşkili yönündə həyata keçirilən təbdirlər barədə Təhsil nazirinin qeyd etdiyi məlumatlar paylaşılmış, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələr üçün e-telebe.edu.az elektron portalının istifadəsi, təqaüdlərin verilməsi, semestr qiymətləndirilməsində edilmiş yeniliklərə dair məsələlər müzakirə olunub.

Daha sonra TGT sədrlərini maraqlandıran suallar cavablandırılıb, şərh və təkliflər qeydə alınıb. Tələbələrin iyun-iyul aylarında keçiriləcək imtahan sessiyası və digər mümkün suallarının toplanması üçün TGT-lər tərəfindən sorğuların davamlı şəkildə keçiriləcəyi bildirilib. Sorğuların nəticələrinə əsasən, tələbələri narahat edən məsələlər operativ şəkildə aidiyyəti üzrə rəsmi qurumlara təqdim olunacaq. Həmçinin, Təhsil Nazirliyinin məsul nümayəndələri ilə gələcəkdə də mütəmadi görüşlərin keçiriləcəyinin faydalı olacağı qeyd olunub.