Azərbaycanda beynəlxalq axtarışa verilən terrorçu Rusiyadan ekstradisiya ediləcək

15:40 12-06-2020 340

Dörd il əvvəl Azərbaycan vətəndaşı xarici ölkədə terror təşkilatına qoşulub, sonra isə Rusiyada gizlənib. İndi həmin şəxs ölkəmizə təhvil veriləcək.

Azərbaycan dövləti tərəfindən bu şəxs beynəlxalq axtarışa verilib.

Permnews.ru xəbər verir ki, terrorçu ötən ilin oktyabr ayında Perm hava limanında tutulub.

Onu Azərbaycana təhvil vermək qərarına gəlsələr də, saxlanılan şəxs bu qərarla razılaşmayıb və Perm Regional Məhkəməsinə müraciət edib. Hakim prokurorluğun nümayəndələri ilə razılaşıb və onun şikayətini rədd edib.

Hazırda saxlanılan şəxs istintaq təcridxanasındadır, yaxın vaxtlarda Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək.

Ural Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, o, İran və Suriyada fəaliyyət göstərən terrorçu qruplaşmalarda iştirak edib. Həmin şəxs İrana 2016-cı ilin martında gedib və orada odlu silahdan, partlayıcı maddələrdən, cihazlardan istifadə üzrə təlim keçib.