Abşeronda komendant postundan heroin keçirmək istəyən şəxs saxlanıldı - FOTO/VİDEO

12:00 19-11-2020 40

Xırdalan şəhərində qurulan  komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib.

Həmin çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs  tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.