Gəncin koronavirusa yoluxması bütün ailəni ölümdən xilas etdi - FOTO/VİDEO

09:00 02-02-2021 427

Amerikanın Konnektikut şəhərindəki Norviç şəhərinin gənc sakini koronavirusa yoluxduğu üçün özünün və ailə üzvlərinin həyatı xilas olub.

Bu barədə “News Channel 21” telekanalı xəbər verir.

Məlumata görə, 17 yaşlı Mayklda koronavirus aşkarlanıb. O, xəstəlikdən tez sağalsa da, karantin bitən günün səhəri halı pisləşib və sinə ağrılarından şikayət etməyə başlayıb. Bundan narahat olan anası Nikol Uilson oğlunu xəstəxanaya aparıb. Əvvəlcə həkimlər mədə qıcqırmasından şübhələniblər, lakin yeniyetmənin bir müddət əvvəl koronavirusa yoluxduğunu öyrəndikdən sonra hər ehtimala qarşı qan analizindən keçiriblər.

Nəticə Uiolsonu dəhşətə gətirib.

“Az qala huşumu itirirdim, dizlərimdə taqət kəsildi”, - deyə ana olanları xatırlayıb.

Analiz göstərib ki, Mayklın ürəyində partlamaq üzrə olan səkkiz santimetrlik anevrizma (arteriya divarlarının nazikləşməsi və uzanması nəticəsində arteriyaların şişməsi və qabarmasıdır) var. O, təcili əməliyyata alınıb.

Əməliyyat uğurlu keçib. Lakin vəziyyəti hələ tamamilə normallaşmayıb. Belə ki, beyinə kifayət qədər qan getməyib, buna görə onun başı gicəllənib və görməsi zəifləyib. Buna baxmayaraq, müalicədən sonra onun tam düzələcəyi bildirilib.

Mayklın koronavirusa yoluxması qardaşlarının və bacısının da həyatını xilas edib. Çünki bu sayədə onların hamısının “Marfan sindromu”ndan (birləşdirici toxumalarda fəsad yaradan irsi xəstəlik) əziyyət çəkdiyi təsbit edilib. Hazırda uşaqların hamısı müalicə olunur.