Tanınmış hakim: “Evdəkilərə deyirdim ki, döyüşə getmək istəyirəm, burada narahatam” - VİDEO

12:00 02-02-2021 516

Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində incəsənət sahəsindən tutmuş idmana qədər bütün vətəndaşlar səfərbər oldu. Döyüşlərdə iştirak edənlərdən biri də Azərbaycan Premyer Liqasında hakimlik edən Kamal Umudludur. 

“Qafqazinfo” 25 yaşlı referi ilə görüşərək onun müharibə xatirələrini dinləyib. 

Məlum olub ki, Kamal müharibə başladıqdan 3 gün sonra cəbhə bölgəsinə yollanıb. O, yaxın dostları müharibəyə yollandıqdan sonra hərbi komissarlığa zəng etdiyini və döyüşlərə yollanmaq istədiyini bildirib. Torpaqlarımızın azadlığı uğrunda apardığı döyüşlərə gedən gənc hakim yaxınlıqlarına düşən artilleriya mərmisindən sonra əsl müharibəni hiss etdiyini deyir:

“Yaxın dostlarım artıq döyüşlərə qoşulmuşdu. Özümə yer tapa bilmirdim. Sentyabrın 30-da hərbi komissarlığa zəng etdim və cəbhəyə yollanmaq istədiyimi bildirdim. Evdəkilərə də deyirdim ki, mən getmək istəyirəm, özümü burada narahat hiss edirəm. Sentyabrın 30-da hərbi komissarlığa yollandım və yola düşdük. İlk olaraq Goranboy rayonunda Ballıqaya deyilən yerə getdik. Demək olar ki, bütün atəş səsləri yaxınlıqda eşidilirdi. Goranboyda bir gün qalıb Bərdəyə yollandıq və orada ilk dəfə yaxınlığımıza artilleriya mərmisi düşdü. O zaman müharibənin içində olduğumuzu hiss etdik”.

Umudlunun sözlərinə görə, Bərdədəki İdman Olimpiya Kompleksində məskunlaşsalar da, ermənilərin raket hücumu zamanı oranı tərk etməli olublar:

“Bildiyiniz kimi, ermənilər həmin kompleksi vurmuşdular. Biz isə həmin hücumdan bir neçə saat qabaq oranı tərk etmişdik. Əgər 2 və ya 3 saat geciksəydik, o zaman aramızda çoxlu şəhidlər ola bilərdi”.