“Charlie Hebdo” Meqan Marklın qalmaqallı müsahibəsi ilə bağlı karikatura yayımlayıb - FOTO

02:20 13-03-2021 569

Fransanın “Charlie Hebdo” satirik jurnalı II Elizabetin gəlini Meqan Marklın kral ailəsində irqçiliyə məruz qaldığı ilə bağlı qalmaqallı müsahibəsi ilə bağlı karikatura yayımlayıb.

Lenta.ru-nun məlumatına görə, jurnalın üz qabığı “Twitter”də paylaşılıb.

Karikaturada Kraliça II Elizabetin Sasseks hersoqiniyasını ayağı ilə boğduğu təsvir edilib.

Jurnalın manşetində “Meqan Bukinqem Sarayından niyə qaçdı?” yazılıb. Meqanın adından isə “Nəfəs ala bilmədiyim üçün”, - deyə bildirilib.

Bir çoxlarının fikrincə jurnal bu karikatura ilə ABŞ-da 2020-ci ilin mayında saxlanılarkən ölən qaradərili Corc Floyda da işarə vurub. Həmin vaxt polis kişinin boynunu dizi ilə əzərək təhlükəli boğma texnikasından istifadə etmişdi. Floydun son sözləri də “mən nəfəs ala bilmirəm” olmuşdu.

Bundan sonra, bütün ölkədə və bir sıra digər dövlətlərdə qaradərililərin hüquqları ilə bağlı “Black Lives Matter” hərəkatı başladı.

Yeri gəlmişkən, qalmaqallı müsahibə zamanı Meqan Markl deyib ki, kral ailəsində onun oğlu Arçinin dərisinin rəngi “müzakirə obyekti olub”.