Doğuş qəpiklik təzminat istədi

07:40 24-04-2021 500

Türkiyəli məşhur müğənni Doğuş həmkarı Bilal Sonsesi ona aid mahnını oxuduğuna görə məhkəməyə verib.

DHA məlumat verir ki, söhbət “Elin olamam” mahnısından gedir.

Doğuşun vəkili Eda Salman bildirib ki, Sonses həmin mahnını dəyişərək ifa edib.

İddiaya görə, sözügedən mahnıda Doğuşun məşhur “Bunun adına yürek derler” bəstəsinin bəzi hissələrindən istifadə olunub. Bu səbəbdən Doğuşun əməyinin boşa getdiyi, mənəvi zərər gördüyü hesab edilərək Sonsesdən 5 kuruş (1 qəpik) təzminat tələb olunub.

Eyni zamanda, məhkəmənin verəcəyi qərarın B.Sonses tərəfindən Türkiyənin ən çox tirajlanan 3 qəzetində yayınlanması tələb edilib.