Qarabağ erməniləri Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirdiyi üçün İrəvanı qınadılar

21:20 27-05-2021 468

Ermənistanla Azərbaycan arasında Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov və bir qrup Qarabağ ermənisi Ermənistan sakinlərinə müraciət ediblər.

“İnterfaks-Azərbaycan”a daxil olan müraciətdə deyilir:

“20 iyun seçkilərinin yaxınlaşması ilə Ermənistanda hazırkı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və müxalif namizədlər arasında daxili siyasi mübarizə alovlanır. Daha çox seçicini öz tərəfinə çəkmək və daha vətənpərvər görünmək üçün bütün siyasi qüvvələr Azərbaycana şifahi hücum taktikasını seçiblər. Xüsusilə də, İrəvandan guya Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzurdakı Ermənistan ərazilərini ələ keçirməsi ilə bağlı əsassız ittihamlar səslənir.

Biz, ilk növbədə, erməni xalqına müraciət edirik. Hörmətli Ermənistan vətəndaşları, heç bir işğal barədə söhbət gedə bilməz. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlərin delimitasiyası prosesi gedir. Onsuz da mürəkkəb olan vəziyyəti siyasiləşdirmək və çətinləşdirmək istəyən qüvvələrin yedəyində getməyə ehtiyac yoxdur. Aydın məsələdir ki, bəzi bölgələrdə ölkələr arasındakı sərhədlərin haradan keçməsinə dair tərəflər arasında fikir ayrılıqları var.

Sovet dövründə mövcud olan sərhədlər əsasında bu məsələlərin həllinə davam etmək lazımdır. İstənilən halda, sərhədləri müəyyənləşdirmək lazımdır. Sərhədlər nə qədər tez müəyyən olunsa, hər iki tərəf üçün də bir o qədər yaxşı olar. Daha sonra Azərbaycanla Ermənistan arasındakı yollar və kommunikasiya xətləri açılmalıdır. Ermənistanın özünün siyasi, iqtisadi və sosial vəziyyəti, ilk növbədə, bundan asılıdır”.

Müraciəti Artur Ağacanov, Valeri Yeritsyan, Georgi Arakelyan, Leva Yaxşibekov, Karina Yeritsyan və başqaları imzalayıblar.