RUHUN SEVGİ FƏZİLƏTİ
Bağışlayan və rəhm edən Allahın adı ilə
Sevgi ruhun elə bir fəzilətidir ki,o, hər bir insanda fitrətən verilmiş ilahi nemət olub və ondan insanın ətrafdakılarına istəyi, məhəbbəti yarana bilir. Yaranmış istəklər sevginin özü deyil.
Sevgi yalnız insan nəfsi paklaşıb ruh kimi olduqda insanla Allah (c.c) arasında yaranmış ülvi bir hissdir. Ancaq, biz varlıq aləmində Allahın (c.c) bizə nəsib etdiyi beş hiss üzvü vasitəsilə dərk edib xoşladığımız şeyləri sevdiyimizi deyirik.
1.Gözün görüb xoşladığı şeylər. Məsələn, gözəl simalar, təbiətin füsünkar gözəlliklərin görüb sevmək.
2.Qulağın eşidib xoşladığı şeylər. Məsələn, gözəl səslər, gözəl musiqini qulaq vasitəsilə eşidib sevmək.
3.Qoxu bilməklə xoşlanan şeylər. Məsələn, gözəl ətirli gülləri qoxlamaqla sevmək.
4.Dad bilməklə dadlı təamları sevmək.
5.Toxunaraq dəri vasitəsilə incə, zərif şeyləri sevmək.
İnsanın maddi aləmdə sevgisinin müxtəlif növləri vardır:
1.İnsanın özünə və varlığına olan sevgisi.
2.Kişinin qadına, qadının kişiyə sevgisi.
3.İnsanın ona başqası tərəfdən yaxşılıq etdiyinə görə sevgisi.
4.İnsanın təbiətə olan sevgisi.
5.Uşağın uşağa, qocanın qocaya, eyni peşə sahiblərinin məsələn , həkimin həkimə sevgisi.
6.İnsanın öz ixtirasına olan sevgisi.
7.Ata-ananın övladlarına olan, qohumun qohuma olan sevgisi.
8.Peyğəmbər, imam sevgisi. Əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s) belə buyurmuşdur: “Məni özündən, ailəsindən, oğul-uşağından artıq sevməyən şəxs mömin deyil.”
Peyğəmbər, imam sevgisindən də üstün ən ülvi sevgi Allah (c.c) sevgisidir. Yəni, insan Allahı (c.c) sevməli, hətta Ondan qeyrisinə məhəbbət bəsləməməlidir. Ancaq bu elə də asan iş deyil. Bunu ancaq, arif insanlar bacararlar. Nəfsi paklanıb təskiyə olmayanlar bu böyük xoşbəxtlikdən məhrumdurlar. Necə ki, Allah-Təala Özü buyurur: “Onlar dünya həyatının zahirini bilirlər, batindən, axirətdən isə xəbərsizdilər.”
Bir də insan hər hansı şeyi sevməsə , ya insanda həmin şeyə qarşı biganəlik, ya da nifrət yaranar. Ancaq, Allahı (c.c) sevən kəsin daxilindən bütünlüklə nifrət silinmişdir. Allah-Təala hədisi-qüdsdə belə buyurur: ”Məni sevən, Mənlə dost olan bəndənin gözü (bəsirət gözü) yalnız Məni “görür”, qulağı (qəlbin qulağı) da yalnız Məni eşidir, dili də yalnız Məni çağırır.” Bu bəndə ətrafdakı bütün insanlara faydalı olmağa çalışır.
Vidadi Hidayət