Vidadi Hidayət
HİDAYƏT YOLUNUN NURU
Rəhman və Rəhim olan Allahın adı ilə
...Adəm (ə)-dan bəri hər bir bəşər övladı bu dünyada Allahın (c.c) təyin etdiyi ömrü yaşayıb başa vurmuşdu və bu gün də yaşayıb başa vurmaqdadır.Hal-hazırda Yer kürəsində təxminən yeddi miliyard səkkiz yüz iyirmi min insan yaşayır. Bu insanların dinindən, irqindən, varlı, kasıb olmağından asılı olmayaraq Allah (c.c) hər birinin xəmrini eyni yoğurmuşdur. Hər birinə Öz Zatından eyni mahiyyət kəsb edən, eyni sayda mənəvi dəyər yarada bilən fəzilətlərdən ibarət əmanət olan ruh bəxş etmişdir.Ancaq, insanlar müxtəlif coğrafi məkan və informasiya müxtəlifliyində, fərqli adət-ənənəyə malik mühitlərdə dünyaya gəlib boya-başa çatdığından özlərinin eyni Zatdan olduqlarını unudub hər kəs öz daxili aləmində ruhdakı mənəvi dəyərlərdən uzaqlaşaraq özü üçün nəfsin meyllikləri hesabına milyardlarla fərqliliklər yaratmışlar.Əslində hər birimizin Ağası, Mövlası eyni olub Yaradanımızdır. Valideynlər isə Mövlamızın yerdə dünyaya yeni bəşər övladının gəlməsində, onların boya-başa çatmasında, təlim-tərbiyəsində (Əlbəttə Allah (c.c) Özünün bəşəriyyətə göndərdiyi öyüdlə olmasını istəyir.) əsas rol oynayan amillər fərdlərdir. Ancaq, bu gün övladlar valideynlərinin deyil, müxtəlif şeytani tərbiyə metodlarını özlərindən asılı olmayaraq daha çox qəbul edir və mənimsəyirlər. Və bu şeytani təlim-tərbiyəni özləri üçün mənəvi dəyər hesab edirlər. On dörd əsr bundan qabaq əziz peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurmuşdur:“Qiyamətdən qabaq övladlar valideynlərinin deyil, zəmanəsinin təlim-tərbiyəsini qəbul edəcəklər.”
Bəşəriyyətin bu durumu faciədir, insanlğın itməsinə gətirib çıxarır. Əgər mümkün olsaydı bu gün dünyaya gələn hər bir övlad eyni bir öyüd olan Allah (c.c) öyüdü ilə tərbiyələnib boya-başa çata yeddi nəsil sonra gözəl mənəvi dəyərlərə malik bəşəri cəmiyyət formalaşardı. Bu dünya bizim üçün cənnət olardı.
...Kitabda insanları ümumi bəşəri dəyərlərə malik olan ruhun fəzilətləri ilə yaşamağa çağırmaq istəmişəm ki, hər kəs öz nəfsini rəzalətlərdən paklandırdıqdan sonra nicat tapıb əsl həqiqətləri görə bilər. Nəfsin paklanması isə hər kəsin hidayət tapmasına bağlıdır.
Hidayət üçün Allah (c.c) tək bircə yol müəyyən etmişdir. Hər kəs o yol ilə gedib sona çatsa ruhun bütün fəzilətləri hesabına kamil mənəvi dəyərlər əldə edib Allah (c.c)-a təslim olan xalis müsəlman ola bilər.(Dilindən, irqindən, dinindən asılı olmayaraq) Bu kitabda hidayətin hər kəsin qəlbi diləyi ilə bağlı olub Allah-Təaladan asılı olduğunu bəyan etmək istəmişəm. Maddi aləmdəki yolları əsasən Günəş işığı ilə görüb hərəkət edə bilirik. Ancaq, mənəvi aləmdə hər kəs üçün qaranlıq olan hidayət yolunu yalnız Allah-Təalanın nəsib etdiyi hikmət nuru ilə getmək mümkündür. Hidayət və insanları kamala çatdıran yolun nuru hər kəsə Allah (c.c) tərəfindən olan öyüdü anlamasını təmin edir və yaşadır. Oxucuya çatdırmaq istəmişəm ki, ən ali bəşəri məqama çatdıran hidayət yolu zahiri düşüncələrlə deyil, hər kəsin ruhunun öz əzəli Zatına birləşdirən yoldur. Bu yolu hər kəs qəlbən diləsə Allah (c.c) nəsib edər. İnşəallah.