Moskvada Fərman Salmanovun büstünün və auditoriyasının açılışı olub - FOTO

18:40 16-10-2021 277

S.Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində (RDGKU) məşhur azərbaycanlı geoloq, geologiya və mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 90 illik yubileyi münasibətilə onun büstünün və adına olan auditoriyanın açılışı olub.

“Report”un Rusiya bürosu xəbər verir ki, büstün müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.

Tədbiri açıq elan edan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun rəhbərliyinə və iki ölkə arasında münasibətlərin möhkəmlənməsində verdiyi böyük töhfəyə görə şəxsən Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Heydər Əliyev Fondu Rusiyada çoxlu layihələr həyata keçirir - məktəbləri təmir edir, abidələr ucaldır, müxtəlif tədbirlər keçirir. Fondun fəaliyyət coğrafiyası Həştərxandan, Volqoqraddan Sankt-Peterburqa kimi çox genişdir. Bu gün isə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun büstü açılır”, - səfir deyib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycanın görkəmli nailiyyətlərini tanıtmaq üçün uzun illər göstərdiyi səylərə görə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirib.

Nazir Qərbi Sibirin Tümen bölgəsində nəhəng neft-qaz yataqlarının kəşfinin Fərman Salmanovun adı ilə bağlı olduğunu qeyd edib: “O, dünya tarixində böyük neft və qaz yataqlarının kəşfində iştirak etmiş ən məhsuldar geoloqdur”.

RDGKU-nun kafedra müdiri, Rusiyanın əməkdar geoloqu, İ.M.Qubkin adına mükafatın laureatı Vaqif Kərimov Fərman Salmanovun adına auditoriyanın və onun büstünün açılmasının universitet üçün əlamətdar hadisə olduğunu qeyd edib. O, Fərman Salmanovun Tümen bölgəsində 130-dan çox neft və qaz yatağını kəşf etdiyini və bu yataqlar bir qisminin ehtiyatlarına və məhsulun keyfiyyətinə görə unikal olduğunu bildirib.

Universitetin prorektoru Yuri Panov da Heydər Əliyev Fonduna minnətdarlığını bildirib və söyləyib ki, Fərman Salmanov adına auditoriya məşhur azərbaycanlı geoloqun təcrübəsini öyrənəcək bütün tələbələri üçün işlək olacaq.

Tədbirdə həmçinin geoloqun yaxınları və qohumları iştirak ediblər.