Dövlət Agentliyi şəraitsiz evdən video paylaşan əlilin iddialarına CAVAB VERDİ - FOTO

10:40 29-10-2021 378

“Sumqayıt şəhər sakini, III qrup əlilliyi olan Bəxtiyar Hüseynovun sosial şəbəkə səhifəsində yayımlanan çıxışında səsləndirdiyi fikirlər əsassızdır”.

HerGun.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs şəraitsiz və yaşayışa yararsız yerdən video çəksə də, əslində yaşadığı ev başqadır:

“Ərazi Məşğulluq filialının əməkdaşları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 22 ünvanında olub, vətəndaşın şikayətini araşdırıblar. Müəyyən olunub ki, B.Hüseynov videomüraciətində göstərdiyi evdə deyil, yanında olan ikimərtəbəli evdə yaşayır. 

Ailə tərkibi 3 nəfərdən ibarətdir. Həyat yoldaşı Natəvan Məhərrəmova ilə rəsmi nikahları yoxdur, övladı məktəblidir. Ailəyə bu ilin mayınadək ünvanlı sosial yardım da verilib. B.Hüseynov və həyat yoldaşının məşğulluğuna dəstək göstərilməsi üçün müvafiq sənədlərlə ərazi məşğulluq mərkəzinə yaxınlaşmaları tövsiyə olunub”.