Nağılları gerçəyə çevirən Azərbaycan reallığı

21:40 31-10-2021 533

Cəmi 1 il əvvəl ağlımıza gələrdimi ki, Füzulidə yeni aeroport tikəcəyik, Türkiyə prezidentinin təyyarəsi ora enəcək, onun rəsmi qarşılanma mərasimi Zəngilanda keçiriləcək?

Bu suallarla “Kaspi” qəzəti öz oxucularına müraciət edir.

Məqalədə bildirilir ki, cəmi 1 il qabaq bütün bunlar bizə nağıl kimi gələrdi.

Amma indi nağıl deyil, şirin bir reallıqdır.

Dost-düşmənə verilən mesaj

Şuşa Bəyannaməsindən sonra Füzuli aeroportunun açılması, Zəngilanda Azərbaycan və Türkiyə prezidentləri arasında aparılan danışıqlar Cənubi Qafqazdakı yeni geosiyasi reallıqların sahədə təsdiqi, dosta, düşmənə nümayişidir.

Artıq Zəngəzur dəhlizinin açılmasına da çox qalmadı.

Bunun üçün bütün maneələr aşılmaqda, hazırlıqlar başa çatmaqdadır. Prezident İlham Əliyevin bir neçə ay əvvəl dediyi "ya bu dəhlizi xoşluqla açacaqlar, ya da biz onları buna məcbur edəcəyik” fikri yadınızdadırmı? Onda Ermənistan rəsmiləri daş atıb başlarını tuturdular ki, "heç bir dəhliz olmayacaq, bu barədə danışmağa belə dəyməz”.

Üstündən çox keçmədi

Üstündən çox keçmədi, onları başa saldılar ki, bu, olmalıdır. Sənin istəyib-istəməməyindən asılı deyil. Hətta bəzi qonşularımızın qahmar çıxmağı da köməyə çatmadı. Moskva səfərindən dərhal sonra Paşinyan Minskdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında özü quzu kimi elan etdi ki, Azərbaycan Naxçıvana həm dəmiryolu, həm də avtomobil yolu imkanı əldə edəcək. Bundan sonra da yenə öz ölkəsinin parlamentində bəyan etdi ki, daha onların yeni torpaqlar əldə etmək arzuları yoxdur, Qafqazı əməkdaşlıq regionuna çevirmək istəyirlər.

Bunun ardınca Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin bünövrəsini qoydular. Yolun tamamən açılacağı gün də uzaqda deyil. 8 aya beynəlxalq aeroport tikməyi bacaran Azərbaycan Türkiyənin də dəstəyi ilə ən qısa zamanda Zəngəzur dəhlizindən keçəcək dəmiryolu və avtomobil yolunu da istifadəyə verəcək.

Bir sözlə, nağıllar gerçəkliyə çevrilir.

Xoşbəxt sonluqlu nağıl

Bütün bu nəhəng gəlişmələrin fonunda Ermənistan çox gücsüzdür. Onların artıq regionda baş verən proseslərə real təsir imkanları yoxdur. Hətta xarici havadarları da proseslərə heç bir müdaxilə edə bilmədiklərini görüb, həvəsdən düşüblər. Onların da gücsüz olduğunu anlayan Ermənistan, yeganə çıxış yolunun Rusiyanın qoltuğuna sığınıb Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq olduğunu dərk edib. Zaman keçdikcə, işğaldan azad olunan ərazilər gülüstana çevrildikcə, Bakıdan Naxçıvana, Türkiyəyə və Türkiyədən Bakıya şütüyən qatarları, avtomobilləri gördükcə, nə qədər miskin durumda olduqlarını, dünyanın inkişafından nə qədər geridə qaldıqlarını, son 30 ili necə fövtə verdiklərini bir daha anlayacaqlar. Anlayacaqlar ki, neçə onillikdir miflərlə yaşayıblar!

Anlayacaqlar ki, qarşılarında Azərbaycan deyilən nəhəng bir güc var və artıq onunla zarafat etmək olmaz!

Bu gün bölgədə baş verənlər bizim üçün, müttəfiqlərimiz üçün, ümumilikdə region üçün xoşbəxt sonluqlu nağılın başlanğıcıdır!