Almaniyada Zəfər Günü ilə bağlı sərgi təşkil edilib - FOTO

19:20 06-11-2021 417

Almaniyanın Köln şəhərindəki Domplatte kilsəsinin qarşısında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən HerGun.Az-a verilən məlumata görə, Komitənin dəstəyi, Alman-Azərbaycan Mədəniyyət Evi və Köln Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı ilə fotosərgi nümayiş etdirilib.

Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallara və məlumatlara diqqət cəlb edilib. Kölndə yaşayan tarzən Vahid Məmmədovun ifasında Azərbaycan musiqisi səsləndirilib.

Sərgi ilə maraqlanan yerli sakinlərə bir il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı erməni işğalçılarından azad etdiyi, Qarabağda irimiqyaslı bərpa-quruculuq işlərinin başlanması barədə məlumatların əks olunduğu broşürlər və Zəfər Günü münasibətilə xüsusi hazırlanmış şirniyyatlar paylanılıb.