Eldar Əzizovdan yaşıllıqlar barədə vacib tapşırıq - FOTO

16:00 20-12-2021 398

Bir müddətdir ki, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir. Bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Bakıda iynəyarpaqlı ağacların mühafizəsi məsələlərinin müəyyənləşdirilməsi üçün xaricdən ekspertin dəvət edilməsinə qərar verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən HerGun.Az-a verilən məlumata görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bir sıra alim və mütəxəssislərinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə məlumat verilib.

Keçirilən müşavirənin də əsas məqsədi Abşeron iqlimi üçün olduqca əlverişli olan bu ağacların kütləvi qurumasının səbəbləri, xəstəliyin fəsadlarının aradan qaldırılması, onunla mübarizə tədbirlərinin müəyyənləşdirilməsi və birgə tədbirlərin görülməsidir.

Müşavirədə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirdi ki, ağacların qurumasına səbəb olan göbələk xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində nazirlik tərəfindən bu günə kimi 3 000-dən çox bu xəstəliyə yoluxan ağacın kəsilməsi barədə rəy verilib:

“Həmin rəylər əsasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları xəstə ağacları kəsərək oduncaqları utilizasiya edib”.

Müzakirələrdə çıxış edən alimlər və mütəxəssislər dünya ölkələrinin praktikasında oxşar halları, o cümlədən qonşu Gürcüstanı da nümunə gətirərək bildirdilər ki, bu xəstəlikdən qurtulmağın yeganə yolu xəstə ağacların kəsilməsi, utilizasiya edilməsi, çıxarılan ağacların yerinin və ətrafdakı ağacların dərmanlanmasıdır. Müşavirədə bu xəstəliklə mübarizə tədbirləri çərçivəsində bu günədək bir sıra vacib aqrotexniki tədbirlərin həyata keçirilməsi vurğulanıb. Bununla yanaşı operativliyin artırılması üçün Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən xəstə ağaclarla bağlı rəy verilməsini, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin isə bu ağacların kəsilərək utilizasiyası işlərinin tezləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.