Köküm, özüm, sözüm Azərbaycanım

20:53 04-05-2023 608

      Hər bir insan oxunulmamış bir kitaba bənzəyir. İnsanın  dünyaya gəlişindən başlayaraq  onun ömür yoluna  nəzər salsaq görərik ki, bu ömür yolu qalın bir kitabdır. Sadəcə bu ömür kitabının səhifələri  vərəqlər deyil, yaşadığı günlərin sayıdır. Və bu kitabın qalınlığı da  həmin günlərin sayı ilə səhifələnir. Bu səhifələrin az bir hissəsini insan yaza bilir.Qalan bir hissəsi isə zaman adlı axar çayın suları altında itib-batır.Ömür kitabının səhifələri varaqlanan şair dostlarımdan biri  də Moskvada yaşayan, şair-publisist, ziyalı Babakişi Beyləqanidir.  Babakişi Beyləqani  yeganə yazardır ki, Rusiya Federasiyasında  “Moskva bulaqları” (Moskovskiy rodniki) kitabını  ərsəyə  gətirib. Eyni zamanda  yeganə yazardır ki,  Azərbaycanda da bulaqlara aid ilk kitab yazıb və çoxsaylı oxuculara təqdim edib.

    Babakişi Beyləqani ilə dostluğumuzun tarixcəsi də qəribədir.

...Beyləqanda şair dostlarımla yaradıcılıqla bağlı söhbət edirdim. Söhbət əsnasıda şair Ədalət Cümşüdoğlu bizə bildirdi ki, Moskva şəhərində yaşayan, orada yazıb-yaradan  şair Babakişi Beyləqani  doğulduğu Aşıqlı kəndinə gəlib.Babakişi müəllim haqqında çox eşitmişdim. Amma,  onunla şəxsi münasibətim yox idi. Məndə Babakişi müəllimlə görüşmək istəyi yarandı. Şair dostlarıma təklif etdim ki, Aşıqlı kəndinə gedib Babakişi müəllimlə görüşmək  çox yaxşı olar.

   O vaxtlar Beyləqan ədəbi birliyinə rəhbərlik edən Səmədxan Beyləqanlı (Allah rəhmət eləsin), şair-yazıçılardan Əjdər Əliyev (Allah rəhmət eləsin), Asif Cəfərli (Allah rəhmət eləsin), Baxşeyiş Şirinov, Ədalət Cümşüdoğlu və mən  Aşıqlı kəndinə şairlə görüşə getdik.

      ...O gündən sonra Babakişi müəllimlə dostluğumuz daha da gücləndi, möhkəmləndi.Bu insanın necə bir vətənpərvər, yurdsevər, dostcanlı, el-obaya bağlı olduğunu gördüm.Günlər bir-birini əvəz etdi. Bizi bir-birimizə daha çox yaxınlaşdıran sözə olan sevgimiz oldu. Babakişi müəllimin  “Azərbaycan bulaqları” və “Azərbaycan bulaqlarında” adlı  iki kitabların redaktoru oldum.

            Babakişi Beyləqani  1976-cı ildə M.V.Lomonosov  adna  Moskva  Dövlət  Universitetinin tarix  fakultəsini  bitirmişdir. O, uzun illər həmin  universitetdə işləmişdir. Babakişi Beyləqani  Moskvanın  850 illiyi, M.V.Lomonosov  adna  Moskva  Dövlət  Universitetinin 250 illiyi, M.V.Lomonosovun 300 illiyi  medalları ilə  təltif olunmuşdur. Babakişi Beyləqani  Rusiya Federasiyasının Voloqodski və Moskovski  vilayətlərinin  sovxozlarında baş baytar  həkimi  vəzifəsində  çalışaraq  buradakı insanların  dərin  hörmətini qazanmışdır.

      ... Vətən sevgisi, ei-oba sevgisi ilə yaşayan şair uzun illər qürbətdə-Moskvada yaşamasına baxmayaraq,  ürəyi həmişə Azərbaycanla-Vətənlə döyünüb, bu gün də döyünür.Babakişi müəllimin şeirlərinin böyük hissəsindən  Vətən qoxusu,Vətən ətiri, Vətən sevgisi gəlir. Bu da onu  oxucuya sevdirir. Azərbaycan tarixini mükəmməl bilən Babakişi müəllim harada olmasından, harada yaşamasından asılı olmayaraq doğma ölkəsi, doğulub-boya başa çatdığı Aşıqlı kəndi barədə  öz müsafirlərinə  ətraflı və əhatəli  məlumat çatdırmağı xoşlayır.

   ...Azərbaycan ikinci dəfə müstəqillik  qazandıqdan sonra  xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə  ikinci dəfə siyasi hakimiyyətə gəlişi Babakişi müəllimdə də gələcəyə böyük inam yaratdı. Moskvada yaşayan Babakişi müəllim  ulu öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərlə qürur duyur, bu fenomenal insanın mislsiz xidmətlərini dəyərləndirən milyonlarla insanlardan biri olaraq, bu Dahi Şəxsiyyətlə fəxr edir.  Azərbaycanı dünyaya tanıdan ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Dünyaya tanıtdın Azərbaycanı” şeirini ərsəyə gətirir.Xalqın məhəbbətini, sevgisini  bütün ölkədə qazanmış dahi şəxsiyyət Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində gördüyü işləri sayıb qurtarmaq olmaz, deyir:

 

Ulu Öndər Heydər Azərbaycanda,

Qurub yaratmışdı dağda, aranda.

Yazmaqla qurtarmır gördüyü işlər,

Unutmaz Heydəri  bizim nəsillər.

 

Çox çətin zamanda ordunu qurdu,

Xalqına həmişə bir dayaq oldu.

İyirminci əsrin Dahi İnsanı,

Dünyaya tanıtdı Azərbaycanı!

 

      Ölkəmizin çiçələnməsi, qüdrətlənməsi üçün öz ömrünü xalqa  həsr etdi.Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimi, əbədi olması üçün çalışdı. Ulu Öndər Heydər Əliyev bütöv Azərbaycanın  gələcəyini İlham Əliyev kimi uzaqgörən siyasi xadimə həvalə etməkdə də yanılmadı.

   Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev ölkəmizi inamla gələcəyə aparan Dövlət Başçısıdır. Ulu Öndər Heydər Əliyev siyasi kursunu  uğurla  həyata keçirən Prezident İlham Əliyev xalqın sevgisini,məhəbbətini qazanıb.Cənab Prezidentimizin rəhbərliyi ilə  Azərbaycan çiçəklənən bir diyara çevrilib. Ölkəmiz sürətlə inkişaf etməyə başlayıb və mükəmməl ordumuz yaranıb. Azərbaycan ordusu  cənubi Qafqazda ən güclü  olub. Bu ordu ilə hər bir azərbaycanlı fəxr etməyə başlayıb,qürur duyr  ki, Azərbaycanın  güclü ordusu var.

 

İlham Əliyev də haqqın yolunda,

Məşhurdur dünyaya uğurları da.

Çox gücləndirdiyi müzəffər ordu,

Cənubi Qafqazda birinci oldu.

 

    Ölkəmiz qüdrətləndikcə, ordumuz gücləndikcə Dövlətimizin Başçısı  işğal altında qalan  torpaqlarımızın azad edilməsinin vaxtının  yaxınlaşdığını düşündü.Prezident İlham Əliyev  Qarabağı və ətraf rayonları  işğaldan necə azad etməyi planlaşdırdı.

   Çünki  O, Ata vəsiyyətinə əməl etməli və Qarabağı  işğaldan azad etməli idi. Bunun üçün güclü ordu lazım idi. Bütün bunları düşünən Prezident İlham Əliyev Qafqaqzın ən güclü ordusunu yaratdı. Bir həmlə ilə mənfur Ermənistan ordusunu darmadağın edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Ata vəsiyyətinə əməl etdi.

 

Ulu Öndər Heydər arzularında,

Bütövlük istərdi Azərbaycanda.

Görmüşdü hər yanı, həm Qarabağı,

İstərdi qaytara ana torpağı.

 

...Prezident İlham da ata yolunda,

İllərlə çalışdı, qüvvə  qolunda.

Müzəffər ordusu gücləndi xeyli,

Günlərlə döyüşə artırdı meyli.

 

Elə ki, verildi “ İrəli”  əmri,

Döyüşə başladı mərd əsgərləri.

Qırx dörd gün döyüşdə zəfər qazandı,

Ata vəsiyyətinə sadiq qaldı!

 

...   27 sentyabr 2020-ci il. Azərbaycanın  tarixinə qızıl həriflərlə yazıldı. Başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla müzəffər Ordumuz  qırx dörd gün ərzində mənfur Ermənistan qoşunlarını  iti qovan kimi torpaqlarımızdan qovaraq el-obamızı işğaldan azad etdk. Xalqımızın sevinci yerə-göyə sığmırdı. Axı, bu günü  düz otuz ilə yaxın idi  ki, gözləmişik.  Bu tarixi qələbə başımızı uca etdi, üzümüzün gülüşü  qayıtdı. Bundan ruhlanan Babakişi müəllim  “Düz əmrin verdi Prezident İlham” şeirini yazdı:

 

Ali Baş Komandan verəndə  əmri,

 Döyüşə atıldı mərd əsgərləri

İgid oğulları görən erməni,

Qaçaraq boş qoydu  səngərlərini.

 

Aslan tək ordusu Azərbaycanın,

Məhv etdi ordusun Ermənistanın.

Ali Baş Komandan, O, bir qəhrəman,

Rəhbərlə fəxr edir can - Azərbaycan.

 

     Vətən müharibəsində xalqımız dəmir yumuruq kimi birləşdi. Bütün dünya bu birliyə mat qalmışdı. Ermənipərəst ölkələr bizim qələbəmizə həsəd apardı. Amma,  qardaş ölkələr Türkiyə, Pakistan  bizə dəstək verərək hər zaman Azərbaycanın yanında olduqlarını bildirdilər. Bu tarixi anları yşayan şair yazır:

 

 Eşq olsun, Heydər oğlu İlhama!

Eşq olsun, qəhrəman, igid  xalqıma!

Eşq olsun, Baş Bakanım Ərdoğana!

Eşq olsun, qəhrəman Azərbaycana!

Eşq olsun, zəfər çalan Ordumuza!

Eşq olsun, igid oğullarımıza!

 

    Babakişi Beyləqani təvəzökar  insandır. Onun sözünün cazibəsinə düşən hər kəs onun sehrindən ayrılmaq istəmir. Sadə, xalq dilində yazdığı şeirlər onu oxucuya  daha çox sevdirir. 

    Onun şeirləri də özü kimi sadədir. Babakişi  Beyləqani  həmişə sülh adamı olub, sülh carçısıdır. Bütün dünyaya, insanlara sülh arzulayır. İnsanları müharibə etməyə yox, sülhə səsləyir, Babakişi Beyləqani.  Bu baxımdan  onun böyük məharətlə, ustalıqla yazdığı  “Sülh” şeiri oxucuda maraq doğurur:

 

Cənubi Qafqazda sülhün yolunda,

Böyük işlər görür Azərbaycan da.

Davamlı tutaraq sülhün bayrağın,

Yandırır zülmətdə  nurlu çırağın.

 

     İnsanları haqqa, ədalətə, sülhə səsləyən  Babakişi Beyləqani yaşadığımız dünyada  çoxlu haqsızlıqlarla rastlaşır. Bu haqsızlıqlar şairi  gecə-gündüz narahat edir. Dünyamıza sülh arzulayan şairin vətəni işğal altında olanda da öz haqq səsini ucaldaraq  mənfur düşmənlərimizi  sülhə səsləyir.

    Azərbaycanın  sülh çağırışlarına  məhəl qoymayan Ermənistan rəhbərliyinə, ermənilərə  müraciət edərək  bildirir ki, müharibələrin sonu yoxdur. Müharibələr fəlakət, ölüm gətirir.  Ən nəhayət bütün  müharibələrin sonu sülhlə qurtarır,-deyir, Babakişi Beyləqani.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyən şair mənfur erməniləri qan tökməkdən çəkindirməyə çalışır. Prezident İlham Əliyevin  düzgün siyasəti nəticəsində Azərbaycanın uğura imzalar atmasını böyük məharətlə qələmə ala bilir, Babakişi Beyləqani:

 

 Sülhün, inkişafı, sülhün yolunda,

Şox işlər görülür Azərbaycanda.

İlham Əliyevin düzgün planı,

Uğura aparır Azərbaycanı.

 

Ədalətsizliklər gördük illərlə,

Rastlaşdıq  haqsızlıq, vəhşiliklərlə.

Mənfurlar dağıdıb, söküb qəbirlər,

Faşistdən də pisdir bu ermənilər.

 

     Azərbaycanın sülh çağırışları  bəzi dünya dövlətlərinin  diqqətində olsa da erməni faşistlərini dəstəkləmələri  şairin qəlbində  düşmənə nifrət hissini daha da alovlandırır.Ermənilərin Qarabağda, işğal etdikləri ata-baba torpaqlarımızda törətdikləri vəhşilikləri, soyqrımları dünya xalqlarına  çatdıra bilir.Azərbaycan həqiqətlərini deməyən ölkələri pisləyir, həmin ölkələri düzgün  informasiya verməyə çağırır:

 

Düzünü deməyir bəzi ölkələr,

Yalana, riyaya  çox yol verirlər.

Dostlar başa salsa erməniləri,

Tez başa vurarıq  mərhələləri.

 

Sülh olur axırı müharibənin,

İtkisi olsa da hər bir ölkənin.

Sülh olsa insanlar qurar, yaradar,

Ölkəsin dünyaya onlar tanıdar.

 

      10 dekabr 2020-ci il tarixdə Azərbyacan xalqı 44 günlük müharibənin  QƏLƏBƏ gününü, ZƏFƏR gününü təntənə ilə qeyd etdi.Bu gün  qızıl həriflərlə tarixə yazıldı. Bu şanlı qələbənin qazanılmasında başda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev olmaqla  rəşadətli Azərbaycan Ordusu  oldu.   2020-ci il 10 dekabrdan başlayaraq hər il bu tarixi günü ZƏFƏR  Bayram kimi qeyd  edirik.“Müzəffər ordumuz qovdu düşməni” şeirində şair deyir:

 

Ali Baş Komandan, müzəffər ordum,

Sizinlə fəxr edir bu ana yurdum.

Zəfəri yurduma  bəxş edibsiniz,

Bu şanlı zəfəri qeyd edirik biz..

 

Və ya

 

İgidlik göstərdi qəhrəman ordu,

Döyüşdə düşmənə zərbələr vurdu.

Qarabağdan qovub erməniləri,

Ölkəyə gətirdi şanlı zəfəri.

 

    Babakişi Beyləqani bu kitbını  44 günlük davam  edən və qələbəmizlə başa çatan  vətən müharibəsindən qələbə ilə çıxan xalqımıza həsr edib.Bu kitabda demək olar ki, şeir və poemaların hər biri igid övladlarımızın şücaətindən  bəhs edir.Mənfur düşmən  ata-baba torpaqlarımızı işğal etdikdən sonra  həmin əraziləri dağıdıb, talan etmişdi. Vəhşiliklər törədən ermənilərin  cinayətlərini “Ağdam” şeirində göstərən şair, erməniləri  dünyanın ən alçaq adamları adlandırır. Böyük bir  şəhəri yerlə-yeksan edib, bir dənə də olsun  bina qoymayan vəhşilərə nə ad vermək olar?

-Ağdamda daş-üstə daş qoymayan erməni vandalları digər rayonlarımızı da  talamışlar.  Təkcə onu deyim ki, Birinci Qarabağ müharibəsində  altı min ağdamlı vətən uğurunda döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.   Efir vasitəsi ilə Ağdamın vətən müharibəsindən sonrakı görüntülərini izləyəndə ürəyim  bu mənzərəyə tab gətirmədi. İlahi , bu gözəl guşə nə hala salınıb?-deyir, Babakişi Beyləqani.

 

...İnsanlar baxanda bu gün  Ağdama,

Lənətlər deyirlər Ermənistana.

Talanıb, dağılıb Ağdam  şəhəri,

Mənfurlar ediblər vəhşilikləri.

 

     Torpaqlarımız işğaldan azad olundu. İndi Ağdam və işğaldan azad olunan  bölgələrimizdə tikinti-quruculuq, bərpa  işləri aparılır. İnanırıq ki, tezliklə Ağdam və digər rayonlarımızın  əvvəlki  şöhrəti özünə qayıdacaq.İşğaldan azad olunmuş rayonlarımızda, kənd və qəsəbələrimizdə  möhtərəm Prezidentimiz cənab İlham  Əliyevin  sərəncamları ilə  titanik quruculuq-abadlıq, bərpa işləri aparılır:

 

Yenidən qurulur Ağdam şəhəri,

Bərpa olur onun gözəllikləri.

Böyük bir məkanı Azərbaycanın,

Ucalar şöhrəti yenə Ağdamın.

 

   Bu gün Qarabağ və ətraf rayonlar düşməndən azad edilib. İndi həmin yerlərdə möhtəşəm  abadlıq-bərpa işləri aparılır. Dünyanın bir çox dövlətlərindən  buraya gələn jurnalistlər , turistlər, insanlar ermənilərin törətdikləri vəhşilikləri, cinayətləri öz gözləri ilə görürlər.Bu cinayətləri törədənləri pisləyir, lənətləyirlər.

      Uçmış binaları, evlərin yerində müasir tipli,yeni ağıllı kənd,qəsəbə, şəhərlər salınır.

İndi Qarabağda salınır yollar,

Evlər ucaldılır, burda büsat var.

Düşmən dağıtdığı yurd yuvaları,

Biz abad edirik el-obaları.

 

   Ermənilər bəşəriyyətin qara yarasıdır.  Harada bir irəliyə gedən insan görsələr  onu məhv etmək, öldürməyi düşünürlər,terror nəticəsində də öz  murdar  niyyətlərinə çatırlar. “Erməni terroru”  şeirində şair ermənilərin cinayət əməllərini  gözəl təsvir edir:

 

Erməni terroru uzun illəri,

Törədib çox yerdə cinayətləri.

Təxribat əməli ermənilərin,

Göstərir onların pis əməllərin.

 

 Terror təşkilatı Ermənistanda,

Cinayət törədir qonşularında.

Qanundan danışan bəzi ölkələr,

Terrorçuya dayan, heç deməyirlər.

 

    Maraqlıdır ki, dünyanın gözü qarşısında  ermənilərin törətdikləri cinayətlərə də bir çox  dünya dövlətləri susur. Bu isə şairi narhat edir.

      Babakişi Beyləqani ərsəyə gətirdiyi bu kitabda şeirlərin böyük bir hissəsini  44 günlük vətən müharibəsinə, şanlı ordumuzun Qəhrəman Sərkərdəsinə, şəhidlərimizə həsr edibdir desəm yanılmaram.Şairin qəlbi, ruhu Qarabağla döyünür. O, uşaqlıq,yeniyetmə və gənclik illərini Kəlbəcər, Şuşa, Laçında keçirib, burada sərin sulu bulaqlardan içib, dağ havası qəbul edib. Dağlardan  axan çaylar kimi  sözləri ilə insanların qəlblərinə söz-söz axıb, ürəkləri  sərinləşdirib, qüvvət verib. “ A dostlar, nə desən var Qarabağda” şeirində şair Qarabağın  füsnkar gözəlliyini vəsf edərək yazır:

 

Şairlər məskəni olub bu diyar,

Ariflər mətləbi gendən anlayar.

Şairlər bəhs edər səf-səf dayanar,

Nə gözəl səslənir tar Qarabağda,

A dostlar, nə desən var Qarabağda.

 

Mat qalarsan burda açan güllərə,

Xalı tək bəzənər  hər dağ, hər dərə.

Xoş ətir yayılır sanki  qəlblərə,

Axtarıb taparsan yar Qarabağda!

A dostlar, nə desən var Qarabağda!

 

   XXI əsr bütün Türk dümyası üçün uğurlu oldu. XXI əsr Türkün  yüksələn vaxtı, dünyada böyük nüfuz  sahibi  olduğunu  göstərdi. Babakişi müəllim də Türk oğlu, Türk olduğu ilə fəxr edir. 2020-ci ilin sentyabr ayında  mənfur düşmən ermənistanın  ölkəmizə  qarşı etdiyi işğalçılıq siyasəti zamanı Türkiyənin Azərbaycanın yanında olmasından qürur duydu.44 gün davam edən müharibədən sonra da Türkiyə Respubliksının  Baş Bakanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi, müxtəlif vaxtlarda Azərbaycana gəlişindən ruhlanan şair  qələbə ətirli şeirlər yazaraq bu tarixi səfəri alqışlayır. Türkiyə-Azərbaycan qardaşlığı ilə fəxr edir.

 

İyirmi birinci əsr ... 

Haqq savaşı.

Türkiyə  yurduma  bir dəstək oldu.

Pakistan da dəstək oldu xalqıma,

Doğma Qarabağı ordum qorudu.

Səsimizə səsin verdi Ərdoğan,

Türkün ər oğludu, ərdi Ərdoğan!

 

İlhamla-Ərdoğan haqq yolundadır,

Onların birliyi, Türkün birliyi.

Bu birlik qırılmaz, qırılmaz heç vaxt,

Bu birlik göstərir xoş gələcəyi.

Hər bir Türkü igid, bilər Ərdoğan,

Türkü xoş günlərə səslər Ərdoğan!

 

    Tanınmış insanlar haqqında söz demək, şeir yazmaq  şairdən məsuliyyət tələb edir. Bu baxımdan Babakişi müəllim ərsəyə gətirdiyi şeirlərin demək olar ki, hər birini yaşayaraq yazıb. Tanıdığı insanların  hər kəs tərəfindən sevildiyini görən şair ürəyini şam kimi əridərək belə şəxsiyyətlər haqqında şeirlər, nəğmələr yazmağı bacara bilmişdir. Şeirləri oxunaqlı və rəvandır.

    Babakişi Beyləqaninin ürəyi hər zaman  Türk dünyasının qüdrətlənməsi ilə  döyünür. Görüşlərimiz zamanı  həmişə bu sözü eşidirəm. “Allah Türkün bayrağını həmişə uca etsin”.   Türk həmişə ucalardan uca dayanmalı, dünyaya insanlığı  öyrətməlidir.

 

Yüksəlsin  hər zaman Türkün bayrağı,

Türkün al bayrağı aşağı enməz.

Nə qədər Türk xalqı ayaq üstədir,

Türkün düşmənləri ucala bilməz.

Düşmənin qəddini bükür Ərdoğan,

Türk dünyasın dərdin, çəkir Ərdoğan!

 

     “Köküm, özüm, sözüm Azərbaycanım”  kitabında  müəllifin  “Azərbaycana  həsr olunmuş ömür”,  “Atatürk”,  “Şuşa baş tacısan, ana vətənin”, “Qarabağ” və “Karonavirus” adlı   poemaları öz əksini tapıb.

     “Azərbaycana  həsr olunmuş ömür” poema xalqımızın ümummlilli lideri  Heydər  Əliyevin mənalı ömür yolundan bəhs edir. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu poema  Babakişi müəllimin  ən sanballı  əsərlərindən biridir. Poema öz oxunaqlılığı ilə seçilir.Şair göstərir ki,Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişi ilə  yurdumuzda çiçəklənmə dövrü başladı. Azərbaycan dünyada tanındı:

 

Heydər dühasıyla  tanındı yurdum,

Sovet məkanında ucaldı yurdum.

Ölkəmiz ucaldı, dirçəldi gün-gün,

Dünyaya Heydərlə tanıtdı özün .

 

Şəhərlər salındı, kəndlər salındı,

Zavodlar tikildi xoş gün başladı.

Xalq Ulu Öndəri  sevdi ürəkdən,

Heydər öz xalqına bağlandı qəlbdən.

 

      Öz mənalı ömrünü xalqına  həsr edən  Ulu Öndər Heydər Əliyev  Azərbaycanı inkişaf etdirdi, dünyaya tanıtdı. XX əsrin sonlarında ölkəmiz  dağılmaq  təhlükəsi ilə üzləşəndə də müdrik siyasətçi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev  həmişə olduğu kimi yenə də xalqımızın  yanında oldu. Azərbaycan məhv olmaqdan qurtuldu:

 

Hər zaman  xalqı ilə qəlbi döyündü,

Günəş tək göylərdə  Heydər göründü.

Xalqın dar günündə köməyə gəldi,

“Yaşa Heydər”-sözü göyə yüksəldi.

 

Dahi  Ulu Öndər  Azərbaycanda,

Qurub yaratmışdır,  özü hər yanda .

Saymaqla qurtarmaz gördüyü işlər,

Heydəri vətəndə  çox-çox sevirlər.

 

    Ümummilli lider Heydər Əliyev elə şəxsiyyətdir ki, onu hər bir azərbaycanlı sevir, onunla  fəxr edir.Azərbaycanı məhv olmaqdan xilas edən  Ulu Öndər Heydər Əliyev irsi bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

 

Ulu Öndər irsi davam eyləyir,

İnsanlar bu irsdən hey bəhrələnir.

Abad olur ellər, dəyişir hər yan,

Gülüstana dönür can Azərbaycan!

 

...Prezident İlhamdı yurdumda Rəhbər,

Düşünür xalqını hər axşam, səhər.

Doğma Azərbaycan  güclənir hər gün,

Rəhbərimiz deyir dünyada sözün.

 

    Babakişi Beyləqaninin  söz bazası  çox böyükdür. O, istənilən mövzuya  öz prizmasından  baxır və onu qələmə almağı bacarır. Qəlbən obasına, elinə, doğma Azərbaycana, bütün Türk dünyasına  bağlı olan şairin söz dəryası  daima təlatümlüdür.  Onun yazdığı  poemaların hər biri öz oxunaqlılığı ilə oxucunun qəlbində iz salır.   Türkiyə -Azərbaycan birliyi, dostluğu, qardaşlığı əbədidir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu qardaşlığı bildirən  müdrik kəlamı “Biz bir millət, iki dövlətik ”  sözü hər birimizin ürəyindən xəbər verir.  Babakişi Beyləqani Türk dünyasını sevən şairlərimizdəndir. Mustafa Kamal  Atatürkə həsr olunan  “Atatürk” poeması da öz rəvnlığı ilə seçilir:

 

Türkiyə səninlə  ucaldı gün-gün,

Ucaldı göylərə Türkün ad-sanı.

Zülmətdən qurtardin  eli-obanı,

Mat qoydun işinlə bütün cahanı,

Sənə nəğmə deyir, dillər Atatürk

Fəxr edir səninlə, ellər Atatürk!

 

Yazıldı tarixə o böyük adın,

Sən oldun  yurdunun qəhrəman oğlu.

Sən Türkün əsgəri, həm komandanı,

Getdiyin yol oldu, daim haqq yolu,

Açıldı yoluna əllər Atatürk,

Fəxr edir səninlə ellər Atatürk!

     

   2022-ci il  Şuşa şəhərinin yaranmasının 270 illiyini  yüksək səviyyədə qeyd edəcəyik. Ömrünün ən gözəl çağlarını  Şuşada keçirən Babakişi Beyləqani  1959-cu ildə Şuşa Kənd Təsərrüfatı texnikomuna daxil olmuş və 1963-cü ildə həmin texnikomun baytarlıq fakultəsini  fərqlənmə diplomu ilə bitirmişdir.Ttexnikomda oxuduğu  dörd  il ərzində Şuşanı,şəhərin ətrafını qarış-qarış gəzmiş,onun  qədim  tarixə malik olan muzeylərini görmüş, məşhur adamları ilə görüşmüşdür. O, Xan Şuşinskini, Bülbülü və başqa  tanınmış insanları sevinclə xatırlayır.Babakişi müəllim Şuşadan,  İsa bulağından, Turşsu bulağından , Cıdır düzündən  və s. maraqlı söhbətlər edir.   Şuşada texnikomda oxuduğu illər ərzində  tez-tez  “Şuşa ” qəzetində məqalə və şeirləri  dərc olunub. Həmin illərdə Babakişi müəllimə “Şuşa“ qəzetinin   fəal müxbiri deyirdilər. Babakişi müəllim  Xankəndi (Stepanakert) şəhər    radiosndan  Şuşa pioner düşərgəsində  uşaqların  istirahətindən, Şuşa Kənd Təsərrüfatı texnikomunun  və Şuşa Pedaqoji texnikomunun fəaliyyəti barədə  və s . mütamadi olaraq  çıxışlar etmişdir.  Şuşaya  qəlbən bağlı olan  Babakişi müəllim  Şuşanın 270 illik yubileyinə biganə qala bilməzdi.Bu tarixi  hadisə Babakişi Beyləqanini yeni bir  poema yazmağa sövq etdi.   “Şuşa baş tacısan ana vətənin”  poeması  şairin Şuşanın 270  illiyik yubileyinə həsr olumnuş ən sanballı hədiyyəsidir.

      Bu poema XX əsrin sonlarında  mənfur  Ermənistan ordusu tərəfindən  otuz ilə yaxın işğal altında qalan Şuşanın və Qarabağın XXI əsrin əvvəllərində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərilyi ilə Şanlı Ordumuz  tərəfindən işğaldan azad edilməsindən bəhs edir.8 noyabr 2020-ci il Şuşanın  işğaldan  azad olunma tarixidir.

      Bu tarixi günü bizə yaşadan Prezident İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna eşq olsun!-deyir,Babakişi Beyləqani:

 

Ali Baş Komandan,  əbədi yaşa,

Layiqdir ordumuz, Sizlə alqışa.

Qələbə sevincin  yaşatdın  bizə,

Layiqsiniz hər vaxt, Siz  sevgimizə.

 

Yazıldı tarixə bu qələbəmiz,

Şuşalı  günləri  yaşayırıq biz.

Şuşam  qayıtmışıq köksünə sənin,

Şuşam  baş tacısan, Ana Vətənin!

 

     Babakişi Beyləqaninin  bu kitabda işıq üzü görən “Qarabağ” poeması da öz rəvanlığı ilə seçilir. Otuz ilə yaxın bir  dövrdə Qarabağ  şərəfsiz erməni  quldurlarının  əsarətində  inildədi. Şairin  kövrək qəlbi  bu illər ərzində  neçə dəfə dolub, boşalıb.  Silahlı Qüvvələin  Ali Baş Komandanı  müzəffər İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Ordumuz  erməni işğalçılarını  Qarabağdan “İti qovan kimi” qovaraq  ata-baba torpaqlarımızı  işğaldan azad etdi: 

 

 Qarabağ bizimdir! Əzəldən bəri,

Qovuruq  o, yurddan erməniləri.

Babalar, nənələr yaşayan yeri,

Fitnəkar düşməndən alırıq geri.

 

Uğurla ordumuz gedir irəli,

Qovur Qarabağdan erməniləri.

Sağ olsun Ordumuz, deyir xalqımız,

Döyüşə hazırıq bizim hamımız.

 

     XXI əsr xalqımıza zəfər bəxş elədi. XXI əsr  həm də bütün dünyanı, xalqımız böyük təhlükə ilə üzləşdirdi. Əsrin bəlası COVİD-19 dünyanı vahimyə saldı. İnsanlar  evlərindən belə çxa bilmədilər, hətta bir-birləri ilə görüşə də bilmədilər. Ana övladları ilə, qardaş bacısı ilə, əmioğlu, əmiqızı, dayıuşaqları ilə  yaxından təmasda olmaq belə yasaq oldu.İnsanlar əvvəlki kimi bir-birinin evlərinə qonaq getməkdən belə çəkindilər. Dünyanı təlaşa salan bu virusun vurduğu bəla ilə hər kəs üzləşdi. Ölkəmizdə də bu virusa qarşı Dövlət səviyyəsində mübarizə aparıldı. Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin qayğısı sayəsində ölkəmizə gətirilən vaksinlər  təmənnasız olaraq  insanlara vuruldu. Həkimlərimiz özlərini təhlükəyə ataraq  vətəndaşlarımızın  sağlamlığı üçün ələrindən gələn köməklikləri etdilər ki, itkilərimiz az olsun. Bütün bunları görən Babakişi Beyləqani belə ağır şəraitdə “Korona virusla mübarizə”  poemasını ərsəyə gətirdi. Bu poema  dəyərli dostum, şair-jurnalist, Azərbycan Yazıçılar Birliyinin, Azərbaycan  Jurnalistlər Birliyinin üzvü, “Sözlü sehrli Dünya” almanaxının  redaktoru Gülxas Səmədlinin  rəhbərlik etdiyi “Müstəqil Respublika” qəzetində dərc olundu.

 

Bağlandı sərhədlər, gediş-gəlişlər,

Verildi hamıya sərt göstərişlər.

Karantin qaydası olsa da ciddi,

Dünya yüz minlərlə insan itirdi.

 

    Qaranlıqda işıq  tapmaq  çox çətindir. Söz də belədir.O söz  yaxşı olur ki, onu şairə Uca Yaradan  bəxş edir. Uca Tanrının insan qəbinə endirdiyi sözlər insanlar tərəfindən sevilir və müəllifinə uğurlar gətirir. İşıqlı aləmdən zülmətə düşüb nur axtaranlar  çox vaxt arzularına çata bilməyirlər. Babakişi müəllim isə sözləri ilə zülməti işıqlandırır, nurlandırır. O, parlaq şeirləri ilə sanki  zülməti nurlandırır, zülmətə düşənlərə  işıqlı yol göstərir, insanların qəbində Tanrı sevgisi yaradır, insanları doğru yola səsləyir.

   İnanıram  ki, “Köküm, özüm, sözüm Azərbaycanım”  kitabı da əvvəlki kitabları kimi Babakişi Beyləqaniyə  daha çox oxucu  sevgisi qazandıracaq. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Elman İsrafiloğlu,

Prezident təqaüdçüsü, AYB,AJB-nin üzvü, hergun.az saytının rəhbəri, “Quruluş” qəzetinin  təsisçisi və baş redaktoru, “Sözlü sehrli dünya “ ədəbi məclisinin sədri.