Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır

18:51 21-06-2023 300

     Məlumdur ki, Azərbaycan tarixən sivilizasiyalar arası dialoqun inkişafına öz töhfəsini verərək, bəşəriyyətə bədii fikir salnaməsində yeni səhifələr açmış nadir şəxsiyyətlər bəxş etmişdir. Belə nadir şəxsiyyətlərdən biri də Nizami Gəncəvidir. Dahi Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratmışdır. Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də, məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Nizami Gəncəvini Azərbaycan şairi adlandıranlar da haqlıdırlar. Onun 1500 illik İslam mədəniyyətinin yetirməsi, dünya şairi adlandıranlar da eyni dərəcədə haqlıdırlar, amma bu gəncəli dahini kainat şairi adlandırsalar da haqlıdırlar... Nə yaxşı ki, Azərbaycanın övladları belə bir həqiqətlə lap kiçik yaşlardan tanış olmaq bəxtiyarlığına sahibdirlər. Axı orta məktəbdə oxuyarkən bizim ədəbiyyat dərsliklərimiz, ana dili, Azərbaycan dili kitablarımız Nizami Gəncəvinin adı, onun müdrik rəsmi ilə açılırdı. Uşaqkən fəxr edirdik ki, Nizami bizimdir. İnsan yetkinləşdikcə dərk və fəxr edir ki, Nizami Gəncəvi bizim olmaqla yanaşı, həm də, dünyanındır, çünki Nizami Gəncəvi milli mənsubiyyətindən, dilindən, dinindən, cinsindən, dərisinin rəngindən asılı olmayaraq bütün bəşəriyyət üçün tükənməz bir xəzinə yaratmışdır. Nizami Gəncəvi söz sənətini yüksəldən bir sənətkar olmaqla bərabər müasir insanın fikrən və ruhən formalaşmasında misilsiz xidməti olan düşüncə dahisidir.

   Nizami Gəncəvi Azərbaycan xalqının düşüncə və duyğularını ifadə etdiyi kimi, eyni zamanda bütün başqa xalqların da mənəviyyat və tarixini böyük məhəbbətlə tərənnüm etmişdir. O, bir müsəlman və türkçülüyü ilə yanaşı, digər dinlərə, xalqlara da münasibətdə çox tolerant olmuşdur. Onun bu tolerantlığı İslam dininin mahiyyətindən irəli gəlmişdir. Sadəcə olaraq, ədibin bir alim kimi islami dəyərlərə mükəmməl şəkildə yiyələnməsi, onları dərindən dərk etməsi, onun öz dövrü və bizim yaşadığımız dövrdə cox önəmlidir. Milli-mənəvi dəyərlərin dərki məsələsi, bütün dövrlərdə və yeni olmuşdur. Bu baxımdan, ədibin mövqeyi müasir həyatımızda öz aktuallığı ilə seçilir. Onun bu baxışları dövründən asılı olmayaraq öz əhəmiyyətini qoruyub saxlayır və onun əsərlərinin tədqiqinin nə qədər vacib olması zərurətini ortaya çıxarır. Mütəfəkkirin həm milli, həm də, ümumbəşəri ideyaları, müasir qloballaşma şəraitində dünyaya inteqrasiya bıxımından və inteqrasiya şəraitində inkişaf baxımından önəm daşıyır. Onun müvafiq ideyaları həm milli, həm də, qlobal səviyyədə özünü doğruldan fikirlərdən ibarətdir. Buna görə ədibin əsərlərinin xarici dillərə tərcümə olunaraq yayılması, Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, dünyada sülh mədəniyətinin inkişafına böyük tövhədir. Nizami Gəncəvi irsinin tədqiqi, müsəlman Şərq fəlsəfəsinin öyrənilməsi baxımından aktualdır, çünki uzun müddət Avropada orta əsr müsəlman Şərq fəlsəfəsinə əhəmiyyət verilməmiş və sadəcə olaraq, bu fəlsəfənin antik fəlsəfənin təqlidçisi olması fikri irəli sürülmüşdür. Orta əsr müsəlman Şərqində yazıb yaradan mütəfəkkirlərin əsərlərinin elmi tədqiqi nəticəsində məlum olur ki, antik dövrdə nəzəri şəkildə qoyulan bir çox problemlər orta əsr müsəlman Şərq elmində inkişaf edərək təkmilləşmiş və daha praktiki formada özünü birüzə vermişdir. Orta əsrlərdə Azərbaycan ərazisində inkişaf edən ictimaiiqtisadi və mədəni həyat üzərində sosial-siyasi münasibətlər formalaşmışdır. Belə bir mürəkkəb, ziddiyyətli bir dövrdə yaşayıb yaradan ədib, regionun keçmiş və dövrünün mədəni irsini mənimsəyərək, öz əsərləri ilə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin gələcək inkişafına güclü təsir göstərmişdir. O, özündən əvvəlki elmi, dini, fəlsəfi fikirləri dərindən mənimsəmiş, öz xalqının və regionun mifologiyasını, fəlsəfəsini, tarixini, dini baxışlarını dərindən bilmiş, onları dərk edərək öz əsərlərində tənqidi, eləcə də, müqayisəli araşdırma metodu əsasında istifadə etmişdir. Onun mütərəqqi fəlsəfi fikirləri, cəmiyyətin idarə olunması barədə ortaya qoyduğu ədalətli sosial-siyasi idarəetmə modelləri, sosial ədalətsizliyə qarşı çıxışları, onun dövrünün fərqli ictimai xadimlərindən və mütəfəkkirlərindən olduğunu göstərir. Nizami Gəncəvi dühası bu baxımdan bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlamışdır. Bu irsin araşdırılması, mədəni-mənəvi təkamül istiqamətimizin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Mövzunun araşdırılması, həmçinin, Azərbaycan xalqının fəlsəfi fikir tarixinin orta əsrlərdə inkişafını göstərən bir amildir, çünki ədibin fəlsəfi fikirləri ümumi müsəlman Şərq fəlsəfi fikrinin yerli türk xalq yaradıcılığında əks olunan xalq fəlsəfi müdrikliyi ilə sintezidir. Onun əsərlərinin tədqiqi, xalqımızın tarixinin, mənəvi irsinin və xalq fəlsəfi fikir tarixinin öyrənilməsi baxımından önəm daşıyır. Nizami Gəncəvi əsərlərində insan, təbiət və cəmiyyət münasibətlərini vahid bir harmonik sistemdə götürmüşdür. Ədibin insanın təbiətə münasibətində bir çox ekoloji problemlərin həlli öz yerinə düşür. Həmçinin, onun insanın insana və qanuna münasibətindən bir çox sosial-hüquqi problemlərin həlli keçir. Bu problemlərin həlli müasir dövrümüzdə böyük əhəmiyyət daşıyan məsələlərdəndir. Nizami Gəncəvi insanın kamilləşməsində əməyin rolunu xüsusi vurğulayır, çünki əmək insanları mənəvi xəstəliklərə düçar olmaqdan xilas edir. O, insanın mənəviyyatının müstəqil olmasına və təkmilləşməsinə şərait yaradır. Buna görə də, ədib əsərlərinin hamısında əməyi, halal qazancı tərənnüm edir. Nizami Gəncəvinin kamil insan obrazları əbədiyyətə qovuşmaq eşqi ilə ucalan insanlardır. Onlar Tanrı-təbiət münasibətlərini tamamlayan, İlahi Varlığın tərkib hissəsi kimi həm maddi, həm də, ruhani sistemlərin mükəmməl vəhdəti və mikrosistemi olan insanlardır. Nizami Gəncəviyə görə, kamil insan özündə özünü kəşf edən və ya özü ilə özünə qalib gələn insandır. Əslində, onun qəhrəmanlarının hamısı bu yoldan keçmiş və özünə qalib gələn insanlardır. Məsələn, İskəndərin əbədiyyət axtarışına səfəri, onun öz mənəvi aləminə etdiyi sufizmin seyrü-süluk səfəridir. Onun öz səfərində təsadüf etdikləri, əslində onun mənəvi ziddiyyətlərinin ortaya qoyduqlarıdır. Yaxud, onun metafizik sosial reallıq olan «xoşbəxtlər ölkəsi» ilə qarşılaşması, onun düşüncəsində yaratmaq istəyi cəmiyyətin arzularıdır. Bununla ədib, əsərin süjetində mənəvi aləmin maddi aləmlə üzvi bağlılığını və ya keçid formalarını göstərir. Əslində, bu keçid formaları insan varlığında müəyyənləşir. Buna görə də, o, kamil insan fəlsəfəsi problemində insanın fiziopsixoloji problemlərinə xüsusi diqqət yetirir. Nizami yaradıcılığında insanın kamilləşməsi yolunda ağlın da önəmini xüsusi vurğulayır. İnsanın kamilləşməsi yolunda əsas ruhi atributlardan biri ağıldır. Ağıl insana dünya işlərində xeyiri şərdən seçmək üçün bir vasitədir. İnsan, məhz ona malik olan yeganə varlıqdır ki, onun varlığı üçün də, məsuliyyət daşıyır. İnsanın ruhundan intuisiya vasitəsiylə gələn hər hansı bir bilik, məhz ağlın vasitəsilə rasionallaşır və gerçəkləşir. Yəni ruhani Substansiyanın atributları ağılda inikas olunduqdan sonra, maddi gerçəkliyə çevrilir. İlahi bilik ruh vasitəsiylə duyulursa, ağıl vasitəsiylə rasionallaşır. Ədibə görə, ağlın da mənbəyi İlahi Yaradandır.

     Nizami Gəncəvi başqaları kimi nəzəriyyəçi-pedaqoq olmasa da, onun əsərlərində təlim-tərbiyə məsələlərinə geniş yer verilmişdir. O öz siyasi-ictimai və fəlsəfi fikirlərini bədii əsərlərində ifadə etmişdir. Onun təlim-tərbiyə probleminə fəlsəfi yanaşması, müasir metodoloji və pedaqoji nəzəriyyədə istiqamətləndirici funksiyanı yerinə yetirə bilər. Əxlaq, onun dünyagörüşündə əsas yer tutur. Nizami Gəncəvi bildirir ki, insanın son məqsədi əxlaqlı olmaqdır. Aydın görünür ki, Nizami təfəkkürlə ruhun (mənəviyyatın, hissələrin) vəhdətindən danışır. Onun üçün ifadənin möhkəmliyi ilə əqlin itiliyi bir-birini tamamlayır və bu mənada birinin digərindən ayrı mövcudluğu mümkün deyil. Bunların vəhdətinə isə, müəllimin insani keyfiyyətləri ilə yüksək biliyi bir-birini tamamladıqda nail olmaq olar.

    Müdriklik, hikmət və gözəllik şairi olan Nizami Gəncəvi böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Onun məşhur kitabxanaları, muzeyləri bəzəyən əsərləri, əlyazmaları elmin və mədəniyyətin inkişafına çox böyük təkan vermişdir…

 

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.