Şuşa Qarabağın tacıdır

07:52 06-07-2023 231

     Məlumdur ki, xalqımız  28 il ərzində 8 may tarixini alınmaz qala, Qarabağın baş tacı olan Şuşanın işğalı günü kimi təəssüf hissi ilə xatırlayırdı. Artıq, bu gün Şuşa azaddır. Müzəffər Azərbaycan Ordusu 2020-ci ildə - 44 günlük Vətən müharibəsində Ali Baş komandanın tapşırığını qətiyyətlə yerinə yetirərək, alınmaz qalanı-Şuşanı əlbəyaxa döyüşlərlə azad etdi. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərdi. Şanlı Azərbaycan hərbçiləri təkcə Şuşanın azad edilməsində deyil, bütün döyüşlərdə misilsiz şücaət və qəhrəmanlıqlar nümayiş etdiriblər. Şuşa, əslində, haqlı olaraq alınmaz qala hesab olunurdu. Şəhərə giriş faktiki olaraq bir yoldan ibarətdir. Eyni zamanda, Şuşanın yerləşməsi bütün ətraf əraziləri hədəfdə saxlamaq üçün idealdır, lakin bütün bunlara baxmayaraq, qəhrəman hərbçilərimiz meşələrdən, dərələrdən, cığırlardan keçib, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdılar. Sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovaraq üçrəngli bayrağımızı Şuşada dalğalandırdılar. Şuşanın azad olunmasından dərhal sonra Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də, mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Əlbəttə, onlar qorxmalıdırlar. Həm də təkcə onlar deyil, Azərbaycanı təhdid edən, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək niyyətinə düşən hər kəs bunun səbəb ola biləcəyi nəticələrdən qorxmalıdır. Cənab Ali Baş Komandanımızın da dediyi kimi: “Bizim başqalarının ərazilərində gözümüz yoxdur. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü təmin etdik və bunu da şərəflə etdik. Bütün bunlarla yanaşı, bu faktı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın igid əsgər və zabitləri Şuşaya qədər azad etdikləri bütün digər şəhər və kəndlərimiz, o cümlədən, Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi uğrunda gedən döyüşlərdə də eyni əzm və fədakarlıqla vuruşmuş, misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər. 44 gün davam edən Vətən müharibəsi dövründən ordumuzda bir nəfər də olsun fərari olmayıb." 28 il ərzində Şuşa işğal altında qalsa da, hər bir azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, mədəniyyət beşiyimizə qayıdacağıq. Şuşa Azərbaycanın, eləcə də, bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. İşğal zamanı Şuşanı erməniləşdirməyə cəhd etsələr də, buna nail ola bilmədilər. Ermənistan Şuşanın azad olunacağına inanmaq istəmirdi, amma bizim hədəfimiz bəlli idi. Azərbaycan bayrağı Qarabağın döyünən ürəyində – Şuşada dalğalanmalı idi. Belə də oldu. Artıq bayram günlərində Cıdır düzündə zəfər tonqalları yandırırıq. Şuşa bu gün layiq olduğu yerdədir. Öz sahiblərini qarşılayır. Şəhərdə Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün ənənələr bərpa olunmaqdadır. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyalılarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası, güllələnmiş heykəllərin doğma torpağa aparılması, bir sözlə Şuşa tarixi Azərbaycan şəhəri kimi yenidən öz imicini bərpa edir. Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də, beyin mərkəzinə çevrilməkdədir. Beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı məkan kimi qlobal trendlərin, yeni çağırışların müzakirə olunduğu beynəlxalq platformalara ev sahibliyi edir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin də dediyi kimi: “Şuşa Qarabağın tacıdır, təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Düşmın 28 il ərzində şəhəri dağıtmış, tarixini saxtalaşdırmağa çalışmışdı. Biz isə, 3 ilə yaxındır Şuşaya qayıtmışıq və Şuşa mədəniyyət ocağı, diplomatik mərkəz kimi dirçəlməkdədir. Azərbaycan xalqı bu müqəddəs torpağın əsl sahibi kimi Şuşada bundan sonra da əbədi yaşayacaq.” Şuşanı işğaldan azad etmək müharibənin son məqsədi idi. Həm də, təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır, eyni zamanda ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Buna görə də, xalqımız “Zəfər Günü”nü, məhz 8 noyabr tarixində, Şuşanın azad edildiyi gündə qeyd edir.

     Bu gün artıq, qalib Azərbaycan xalqının tarixinə ən şərəfli günlərdən biri kimi yazılıb və bundan sonra da gələcək nəsillər bu tarixlə daim fəxr edəcəklər. Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillər - ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu “Zəfər Günü”nə gətirib çıxardı. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.