Ordu quruculuğu dövlətimiz üçün prioritet məsələdir

08:10 06-07-2023 285

    Sirr deyil ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmişdir. Azərbaycan Ordusunu, təbii ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Artıq, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri, bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  Ulu Öndər Heydər Əliyevin başladığı və ölkə Prezidenti, cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də, NATO standartlarına cavab verən modern ordusu ilə də diqqəti cəlb edir. 1993-cü ilin yayında Ümummilli Lider  Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, ordu quruculuğu istiqamətində də  mühüm addımlar atıldı. 1994-cü il may ayının 12-də  atəşkəs haqda müqavilə imzalandıqdan sonra, Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.Ardıcıl olaraq, ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi, artıq, bu gün dünyanın ən güclü 50 ordusundan biri olmaqla paralel, Cənubi Qafqazın ən güclü ordusuna çevrildi. Heç şübhəsiz ki, Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan Ulu Öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

    Bu gün, Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli istiqamətdə güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçir. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də, milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi ölkə Prezidenti, cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin diqqəti, qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah, texnika ilə təchizatı məsələsini daim ön planda saxladı. Məhz ölkə Prezidenti, cənab İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq. 44 gün ərzində — noyabr ayının 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri, Rusiya Federasiyasının Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabr ayının 20-də Ağdam, noyabr ayının 25-də Kəlbəcər, dekabr ayının 1-də isə, Laçın rayonları Azərbaycana təhvil verildi. Şanlı Qələbənin şərəfinə dekabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı  düşmənin döyüş meydanında məhv edilən və ya, qənimət kimi ələ keçirilən silah-sursat, hərbi texnikaları da nümayiş olundu. Vətən müharibəsində ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbə təkcə, Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Hal-hazırda, Şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən, düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur. Faktiki olaraq, Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli, eləcə də, dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir. Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur. Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

      Bu gün, ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub, iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib. Ordu quruculuğu həmişə dövlətimiz üçün prioritet məsələlərdən biri olub. Artıq, dövlətimizin hərtərəfli iqtisadi inkişafı, ordu quruculuğunun daha geniş miqyasda inkişaf etməsini təmin edib. Təbii ki, ordu quruculuğu sahəsində həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməklə yanaşı, ölkəmizin müdafiə qüdrətini də artırıb…

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.