Müəllifi Ulu Öndər Heydər Əliyev olan “azərbaycançılıq” ideologiyası xalqın birliyini təmin edir

08:28 06-07-2023 308

   Sirr deyil ki, müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri də, milli ideologiyadır. Tarixi baxımdan isə, onun inkişafı orta əsrlərdə bu istiqamətdə formalaşmış strukturların dağılması, yeni ictimai-iqtisadi quruluşun və bunun nəticəsində formalaşan millətlərin təşəkkülü ilə əlaqədardır. Bütövlükdə, ideologiyanın milli tipi vətəndaşların cəmiyyətə siyasi tələblərini ifadə edir, onların sosial statusunu milli mənsubiyyətlə və milli-mənəvi dəyərlərlə yüksəltməyə istiqamətlənir. Milli ideologiya hər şeydən əvvəl milli dəyərlərin təbiətinin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla, eləcə də, milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin, milli ruhun dirçəlməsinə səbəb olmuşdur. Keçən əsrin 80-ci illərinin sonları xalqımızın milli özünüdərki tarixində önəmli yer tutur. Həmin dövrdə bu prosesin baş qaldırması, tədricən güclənməsinin əsas səbəbi SSRİ adlanan böyük bir coğrafi məkanda yaşayan millətlərə, o cümlədən, xalqımıza qarşı məqsədyönlü təzyiqlərin artırılması, millətin mental dəyərlərdən və adət-ənənələrdən uzaqlaşdırılması, xalqın təbii sərvətlərinin istismarı, müstəqil siyasi fəaliyyətin qarşısının alınması, eləcə də, bu kimi mərkəzdə planlaşdırılmış siyasətin aparılması idi. Əslində isə, bu siyasət yarandığı gündən məhvə məhkum idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ-nin dağılması ilə istiqlaliyyətini bərpa etmiş Azərbaycanda xalqın milli birliyinin yaradılması ən aktual vəzifə kimi qarşıda dayanırdı, çünki həmin dövrün ortaya çıxartdığı çətinliklərin, problemlərin həlli, eləcə də, müstəqilliyin daha etibarlı şəkildə qorunmasının təmin edilməsi, milli dövlətçilik ənənələrinin bərqərar olması, yalnız xalqın ideya birliyinin yaradılmasından asılı idi. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində respublikaya rəhbərlik edən qüvvələr bu tarixi zərurəti obyektiv şəkildə qiymətləndirə bilmədilər. Nəticədə, Azərbaycanda cəmiyyətin bütün təbəqələrini əhatə edən siyasi pərakəndəlik və ideoloji parçalanma meyilləri müşahidə edilməyə başlandı. Halbuki, o dövrdə ümummilli birliyə nail olmaq üçün kifayət qədər obyektiv şərait mövcud idi. Ən acınacaqlısı isə, o idi ki, bu pərakəndəlik xaricdə yaşayan soydaşlarımız arasında da özünü açıq şəkildə büruzə verirdi. O dövrdə hakimiyyətdə olan qüvvələr bu kimi taleyüklü problemləri həll etmək əvəzinə siyasi naşılıq göstərərək milli birlik, milli özünüdərk kimi mühüm siyasi problemlərin həllini şəxsi mənafe və ambisiyalarına qurban verdilər. Həmin dövrdə baş verən hadisələr insanlar arasında milli özünüdərk prosesini gücləndirmiş, ictimai həyatın demokratikləşdirilməsi, həmçinin, Azərbaycanın müstəqilliyi ideyası yüz minlərlə vətəndaşı küçə və meydanlara çıxarmış, milli-azadlıq ideyasının təkamülünə səbəb olmuşdu. Bu dövrdə geniş vüsət almış ümumxalq hərəkatı Azərbaycan xalqını milli birlik və respublikanın azadlığı ideyası ətrafında sıx birləşdirmişdi. Əsrlərdən bəri bu xalqı fitnə-fəsadla parçalayıb milli birliyini pozan bədxahlarımızı qorxudan əsas səbəb xalqımız arasında yaranmış bu birlik və həmrəylik idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasında xalqımızı iki əsrə yaxın bir müddətdə iki yerə parçalayan Araz çayı boyunca çəkilmiş sərhəd məftilləri üzərinə hücum, əslində, xalqımızın taleyinə biganə olan Sovet hakimiyyətinə, Azərbaycanın taleyinə laqeyd olan rəhbərlərin üzərinə bir həmlə idi. Yüz illərdən bəri heç kimin cəsarət edib yaxınlaşa bilmədiyi sərhəd dirəklərinin sökülməsi cənublu, şimallı bütöv bir xalqın bir-birinə qovuşması mərkəzi hakimiyyəti lərzəyə saldı və bu hakimiyyət o vaxtdan sonra bir daha özünə gələ bilmədi. 1989-cu ilin noyabr, dekabr aylarında baş vermiş bu hadisələrdən bir müddət ötdükdən sonra, 1990-cı il yanvar ayının 20-də Sovet qoşunlarının Azərbaycana hücumu böyük faciə ilə nəticələndi. Yəqin ki, bu, Araz çayı üzərində sərhədləri darmadağın edən, azadlığa, müstəqilliyə, xalqın birliyinə can atan Azərbaycana imperiyanın əks cavabı idi, amma yuxarıda sadaladığımız bütün bu hadisələr, yaralar nə qədər dərin və nə qədər ağır olsa da, xalqımız bu yaranın ağrısına mərdliklə dözdü, ürəyində bəslədiyi müstəqillik, azadlıq, birlik, həmrəylik arzularının çiçəklənəcəyinə inamını itirmədi. Xalqımızın milli özünüdərk prosesinin formalaşmasına əsaslı təkan vermiş belə bir tarixi faktı xüsusi olaraq vurğulamaq istərdim. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyət göstərdiyi dövrün əvvəllərində - 1991-ci ilin dekabr ayında Naxçıvan MR Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında tarixi qərar qəbul etdi. Əslində, bu, təkcə xalqımızın birliyinin və həmrəyliyinin təmin edilməsi istiqamətində atılmış addım deyildi, həm də, xalqın bir məslək uğrunda birləşdirilməsinə xidmət edəcək azərbaycançılıq ideologiyasının əsasının qoyulması demək idi. Qeyd edək ki, 1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan MR Ali Məclisinin təşəbbüsünü dəstəkləyərək 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi və həmin günün hər il milli dövlət bayramı kimi qeyd olunması barədə qərar çıxartdı. Son illərdə müstəqil Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilmişdir. Yüzlərlə dövlətlər sırasında Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə, şərəflə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindirir və hər birimiz başa düşürük ki, Azərbaycanın dünya səviyyəsində tanınmasında Ulu Öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir. Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli Lider, azərbaycançılıq ideologiyasının formalaşmasında, xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında və onların təşkilatlanmalarında mühüm rol oynamışdır. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi, lakin bu, asanlıqla başa gəlmirdi. Belə ki, azərbaycanlıların Vətənə bağlılığına, dilini, dinini, milli adət və ənənələrini daim qoruyub saxlamaq kimi gözəl xüsusiyyətlərinə baxmayaraq, onların bir-biri ilə əlaqələri zəif, mütəşəkkilliyi yox dərəcəsində idi. Cəmiyyətdə özünü göstərən milli özünüdərk prosesinin ləngliyi, milləti öz ətrafında birləşdirəcək aparıcı ideologiyaya ehtiyac olduğunu göstərirdi. Cəmiyyətin milli birliyinin təmin edilməsi məqsədilə ona milli-mənəvi dəyərlərə əsaslanan, dünyanın sivil dövlətlərinin inkişafına səbəb olmuş ümumbəşəri fəlsəfi baxışlara söykənən ideologiyanın əsaslarının və strateji inkişaf prinsiplərinin təqdim olunması Ümummilli Liderin xalqı qarşısında ən böyük xidmətlərindən idi. Əgər cəmiyyətə vaxtında təqdim olunmuş bu ideologiya olmasaydı, hərc-mərclik, deqradasiya meyilləri güclənər və nəticə etibarilə milli dövlətçiliyimizin məhvolma təhlükəsi yaranardı. Çağdaş dövrümüzdə əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və millətimizin gələcək inkişafına yönəldilmiş dövlət siyasətimiz elə istiqamətlənmişdir ki, soydaşlarımızı vahid ümummilli ideya ətrafında toplamaqla bir tərəfdən Vətəndə gedən proseslərə fəal sürətdə cəlb edir, digər tərəfdən də onların təşkilatlanmasına yardımçı olur. Bu ideyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev bu ideologiyanın əsas məqsədləri barədə deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında ideya birliyinin yaradılması və bu ideologiyanın əsaslarının hazırlanması prosesi 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq həyata keçirildi. İlk vaxtlar respublikanın daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin davam etməsi və digər ciddi nailiyyətlər qazanmağa imkan verməsə də, aparılmış ardıcıl, məqsədyönlü siyasətin nəticəsi olaraq, 90-cı illərin sonlarında bu sahədə əsaslı dönüş yaratmaq mümkün oldu. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladılar. Dünya azərbaycanlılarının həmrəyliyini və bu həmrəyliyin zamanın mühüm tələbi olduğunu şərtləndirən bir sıra amillər mövcud idi. Hər şeydən əvvəl həmin dövrdə Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi və təbii ki, bu faktın özü xaricdə ölkəmizin maraqlarını müdafiə etməyə qadir olan təşkilatlanmanın yaradılmasını nəzərdə tuturdu. O dövrdə respublikamız beynəlxalq münasibətlər sistemində hələ öz yerini kifayət qədər möhkəmləndirmədiyindən regionda geden proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və digər bu kimi məsələlər barəsində informasiyanı dünyaya yayacaq qüvvə, məhz xaricdə yaşayan azərbaycanlılar ola bilərdilər. Digər tərəfdən, Heydər Əliyev kimi böyük dövlət xadimi belə bir amili nəzərə alırdı ki, dövlət məxsus olduğu xalqın xaricdə yaşayan nümayəndələrinə diqqət göstərməyə borcludur. Böyük Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq ideologiyasının diaspor quruculuğunda üstün cəhəti, ilk növbədə, onun milli maraqlarımızın bütün zəruri istiqamətlərini özündə ehtiva edən tarixi bir konsepsiya olması faktıdır. Xalqımızın milli-mənəvi dəyərlərini, islami-əxlaqi dünyagörüşünü, dünyəvi-humanitar prinsipləri, Şərq və Qərb mədəniyyətlərinin sintezini, türkçülük, avropaçılıq ideyalarını, tarixi təkamüldə varislik və tərəqqiçilik amillərini özündə birləşdirən azərbaycançılıq ideologiyası məhz buna görə də, çox müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuzun vahid bir məqsəd ətrafında birləşməsinə müsbət təsir göstərmişdir. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi fikri, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bütün soydaşlarımızın Vətəni elan edilməsi azərbaycançılıq ideologiyasının ən vacib cəhətləridir. Bu ideologiya xaricdə yaşayan bütün azərbaycanlıların ölkəmizlə iqtisadi əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi təminatı üçün fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin dünya azərbaycanlıları ilə işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən, onları ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də, Vətənimizlə daha sıx bağlamağa stimul yaratmışdır. 2001-ci il noyabr ayının 9 və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xalqımızın milli birliyinə mane olan məsələlər geniş müzakirə olundu və cəmiyyətin bütövlüyünü təmin etmək məqsədilə müəllifi Ümummilli Lider Heydər Əliyev olan azərbaycançılıq ideologiyası barəsində geniş fikir mübadiləsi həyata keçirildi. Ulu Öndər Heydər Əliyev qurultaydakı dərin məzmunlu nitqində dünya azərbaycanlıları arasında həqiqi və davamlı birliyin yaradılmasının əhəmiyyətindən danışdı, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsinin ən aktual vəzifələrdən olduğunu bildirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünə layiq yer tutmasını istəyirik. Azərbaycanlı, bizim həmvətənimiz, həmyerlimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın bu günü nədir, Azərbaycanın gələcəyi nədir”. 2002-ci il dekabr ayının 27-də qəbul edilmiş “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan diasporunun inkişafına dövlət qayğısının daha da artırılması, bu sahədə ciddi nailiyyətlər əldə olunması məqsədilə vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin həllinə imkan yaradan hüquqi prinsipləri müəyyənləşdirdi. Bu sənəd bir daha təsdiq etdi ki, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Bundan başqa, qanunda xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı vahid bir siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsasları müəyyən edilmişdir. Sənəddə Azərbaycan diasporu ilə bağlı təsbit olunmuş maddələrin həyata keçirilməsinə, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılmasına, diasporumuzun təşkilatlanmasına, dünya azərbaycanlılarının birliyinin yaranmasına, dövlətimizin bu sahədə apardığı siyasətin təbliğinə nail olmaq üçün konkret vəzifələr müəyyənləşdirilmişdir. Ümummilli Lider Heydər Əliyev bu tarixi qərarlara imza atmaqla Azərbaycan diasporunun daha mütəşəkkil şəkildə və dinamik fəaliyyətinə əsas yaratmış oldu. Vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi bu tədbirlərin hər biri xaricdə yaşayan soydaşlarımızın milli maraqlarımızın gerçəkləşdirilməsində yaxından iştirakına yönəlmişdir. Bu gün, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. Ötən müddətdə Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrə səfərlərində dünyanın müxtəlif bölgələrində məskunlaşmış həmvətənlərimizlə görüşmüş, diaspor quruculuğu işinin vəziyyəti ilə yaxından maraqlanmış, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görmüşdür. 2006-cı ilin martında Bakıda keçirilən dünya azərbaycanlılarının növbəti II Qurultayında ölkə Prezidenti, cənab İlham Əliyevin çıxışı, yəqin ki, Vətənini sevən, onun tarixi yaralarına və problemlərinə biganə qalmayan hər bir azərbaycanlının xatirindədir. Dünya azərbaycanlıları arasında böyük əks-səda yaratmış bu çıxış, əslində, ümummilli həmrəylik yolunda proqram xarakterli bir nitq idi. Ölkə Prezidenti, cənab İlham Əliyev dəfələrlə həmvətənlərimizin ümumi maraqlarımız ətrafında birləşməsinin tarixi zərurət olduğunu vurğulamış və Ümummilli Lider Heydər Əliyevin bu sahədə əldə etdiyi nailiyyətlərə əsaslanaraq daha da irəli getmək üçün mühüm addımlar atılacağını bəyan etmişdir: “Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir”. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev diasporumuzun mütəşəkkiliyinin möhkəmlənməsinin, soydaşlarımızın milli birlik və həmrəyliyinin təmin edilməsinin Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri olduğunu xatırladaraq xalqımızın, bütün həmvətənlərimizin Böyük Öndərin xidmətləri nəticəsində daha sıx birləşdiyini, Onun müəyyən etdiyi strateji kursa, ideyalara sədaqət nümayiş etdirdiyini vurğulamışdır: “Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, cəmiyyətinin problemləri ilə yaşamalı, onların həlli üçün mənəvi məsuliyyət hiss etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti də Vətənimizin getdikcə artan maddi və mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir”. Bu fikirlər ölkə Prezidenti, cənab İlham Əliyevin diaspor quruculuğuna nə qədər böyük əhəmiyyət verdiyini və həmvətənlərimizin təşkilatlanması məsələsini ən vacib vəzifələrdən biri kimi qiymətləndirdiyini bir daha təsdiqləyir. Sənədin məzmunu Azərbaycan Prezidentinin dünya diaspor quruculuğu işinə münasibətinin prinsipial istiqamətləri barədə dolğun təəssürat yaradır. Bu mühüm amillər həmin müraciəti dövlət başçısının diasporla bağlı yürüdəcəyi siyasətin konsepsiyası kimi də səciyyələndirməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Bu gün milli həmrəylik Azərbaycan dövləti və xalqı üçün kifayət qədər vacib məsələdir, çünki kimin necə qiymətləndirməsindən asılı olmayaraq, indinin özündə də, Azərbaycan dövlətçiliyi üçün təhlükəli amillər mövcuddur. Məhz bu baxımdan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi zərurəti hamı tərəfindən tarixi reallıqların diktə etdiyi qanunauyğunluq kimi qəbul olunmalıdır. Hər bir azərbaycanlı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasına sadiq olmalı, müstəqil dövlətimizin inkişafı üçün əməyini əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir... 

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.