Rəsmi İrəvanın hərbi cinayətləri

17:48 10-07-2023 327

 

    Bildiyimiz kimi, əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək "Dənizdən dənizə Böyük Ermənistan" yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib. Bu illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Tarixi faktlar sübut edir ki, rəsmi İrəvanın uzun illər ərzində davam edən hərbi cinayətləri əsla nə miqyas, nə də ki sərhəd tanıyıb. Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi ermənilər tərəfindən törədilmiş cinayətlərin daha bir sübutudur. Birinci Qarabağ müharibəsi zamanı əsir düşmüş 25 şəxsin Azərbaycan ərazisində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən qətlə yetirilərək Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda dəfn edilməsi insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq bir daha sübut edir ki, Ermənistan ordusu terrorçu ordudur. Əsirlərin, girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi Üçüncü Cenevrə Konvensiyasına əsasən ən ağır beynəlxalq cinayətdir. “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir. Bütün bunlardan əlavə, itkin düşmüş 3890 azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan bu günə qədər  məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.  Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərini görmək istəmir. Heç bir təzyiq və təsirlərin olmaması isə, sanki Ermənistanı növbəti cinayətlərə sövq edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün qanlı cinayətlər həm də Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasının göstəricilərdir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərib. Əlavə olaraq, Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı törətdiyi müharibə cinayətlərini də mütləq şəkildə qeyd etmək lazımdır. Hərbi əməliyyat zonasından kilometrlərlə uzaq şəhər, rayon və kəndlərimizin qadağan olunmuş ballistik raketlərlə vurulması, postmünaqişə dövründə isə mina xəritələrinin təqdim edilməməsi Ermənistanın müharibə cinayətlərinin tərkib hissəsidir. Həmçinin, bu beynəlxalq humanitar hüququn kobud qaydada pozulması deməkdir. Məlum olduğu kimi, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini hər zaman rəhbər tutaraq beynəlxalq humanitar hüququn normalarına riayət etmiş, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşmənə, ancaq döyüş meydanında layiqli cavab verməsi, hərbi əməliyyatları beynəlxalq hüquq və müharibə qanunları çərçivəsində aparması bir daha sübut edir ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqdir və öz siyasətində bu sadiqliyi nümayiş etdirir.

    Çox təəssüflər olsun ki, bu gün, Azərbaycan Respublikasına qarşı haqqı, ədaləti fərqli, qərəzli şəkildə onun ziyanına şərh etmək və pozmaq cəhdləri kimi ikili standartlar davam etməkdədir. Vətən müharibəsinin başa çatmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı hərbi cinayətləri hələ də davam edir. Hər bir halda, bütün məsuliyyəti rəsmi İrəvanın üzərinə düşür. Ermənistan hərbi cinayətkardır və mütləq buna görə beynəlxalq hərbi tribunal qarşısında, həmçinin,  Azərbaycan Respublikasının müvafiq qanunları qarşısında cavab verəcəklər...

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.