Artıq, Cəbrayıl rayonunun elektrik təchizatı var

17:33 05-10-2023 686

    Məlum olduğu kimi, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Ermənistan tərəfindən işğalından azad olunmasının üçüncü ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr tarixi “Cəbrayıl şəhəri günü” kimi müəyyən olunmuşdur. 2020-ci il oktyabr ayının 4-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandani, ölkə Prezidenti, cənab İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu Cəbrayıl rayonunu düşmən əsarətindən azad etdi. Bu hadisədən 4 il əvvəl isə, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir. Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlığı sayəsində 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri, eləcə də, rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri düşmən tapdağından azad olundu. Hərbi əməliyyatlar nəticəsində, ümumilikdə Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra azadlığa çıxaraq əsl sahiblərinə qovuşdu. Beləliklə də, bu uğurumuz nəticəsində Ordumuz əlverişli mövqelər əldə edərək  Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirmək üçün əlverişli imkanlar əldə etdi. Bildiyimiz kimi, 2020-ci il noyabr ayının 16-da Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva  işğaldan azad olunmuş Cəbrayıl rayonuna səfər etdilər. Səfər zamanı cənab Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu rayonun ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi, həmçinin, həmin körpüdə Azərbaycan bayrağını ucaltması isə, təbii ki, böyük tarixi və siyasi əhəmiyyətli hadisələrdən biri idi. Xalqımızın tarixində və qan yaddaşında dərin iz buraxan Xudafərin körpüsü həm milli sərvətimiz, həm də, qürur mənbəyimizdir. Artıq, bu gün Cəbrayıl rayonu işğaldan azad edilmiş digər ərazilərimiz kimi bərpa olunur. Dağıdılmış maddi-mədəni abidələrimiz, məqbərələr, türbələr, qalalar, məscidlər dövlətimizin qüdrəti sayəsində hissə-hissə bərpa ediləcək və gələcək nəsillər üçün qorunub saxlanacaqdır. Digər tərəfdən, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması da bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir və ilkin maliyyə vəsaiti ayrılıb, investorlar müəyyən olunub. Sevindirici haldır ki, artıq bu gün, Cəbrayıl rayonunun elektrik təchizatı var, 4-6 zolaqlı yol çəkilir, rayonun mərkəzi xəstəxanasının və ilk çoxmənzilli yaşayış məhəlləsinin tikintisi gedir. Yaxın vaxtlarda isə,
SOCAR, BP şirkəti ilə birlikdə Cəbrayıl rayonunda 240 MVt-lıq günəş elektrik stansiyanın tikintisinə başlanacaqdır.

    Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlər yüksək sürət və dinamizmlə aparılır. Zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat, logistika imkanları, iqlim xüsusiyyətləri ilə Azərbaycan beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilir. Həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də, qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına əsaslı zəmin yaradıb. Bu illər ərzində görülmüş işlər dövlətimizin, xalqımızın nə qədər böyük potensialının olduğunun bariz ifadəsidir. Erməni quldurları tərəfindən tamamilə dağıdılmış ərazilərə bu tezliklə həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Azərbaycan dövləti qısa müddət ərzində bütün rayonlarımızı yenidən qurmaq, bərpa etmək gücündədir. Hər zaman müxtəlif layihələrdə dünya ölkələri arasında öz imicini qoruyub saxlamağı bacaran dövlətimiz, bu savaşda həm də, hərb sahəsində əldə etdiyi uğurla öyünə bilər. Bu müharibə bizə, həmçinin, dost və qardaş ölkələrlə yanaşı, haqq mübarizəmizə qarşı çıxan, uğurumuza sevinməyən dövlətlərin olduğunu da ortaya qoyub. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyevin tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe, məğlubedilməz sərkərdəlik qabiliyyəti xalqımıza böyük sevinc və qürur hissi bəxş edib. Qazanılan bu möhtəşəm Qələbə ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, sarsılmaz birliyinin və vəhdətinin bariz nümunəsidir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası  Beyləqan rayon təşkilatının məsləhətçisi.