“Böyük Qayıdış” Proqramı

19:32 02-12-2023 225

    Sirr deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin məqsədyönlü siyasəti və məharətli sərkərdəlik qabiliyyəti nəticəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsidir. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu təcavüzkar Ermənistanın 30 illik işğalına son qoymuş, ədalətli müharibə apararaq torpaqlarımızı geri almışdır. Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli hadisəsi olmaqla bərabər, həm də, xalqımızın ədalətli mübarizəsinin bariz nümunəsidir. Bu mənada, Vətən müharibəsi dünya savaş tarixinə ədalətli müharibə nümunəsi kimi daxil olmuşdur. Bütün bunlara görə Vətən müharibəsi Azərbaycan xalqının əsl qəhrəmanlıq dastanına çevrilmişdir. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin qazandığı tarixi Zəfər uzaqgörən, görkəmli dövlət xadimi Heydər Əliyevin göstərdiyi mübarizə yolunun yaradıcı şəkildə davam və inkişaf etdirilməsinin, uğurla başa çatdırılmasının misilsiz nümunəsidir. Məhz Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə Azərbaycan Respublikası ərazi bütövlüyünün həmişəlik təmin olunması problemini tamamilə həll etmişdir. Müstəqil Azərbaycan dövləti bununla ərazi-inzibati cəhətdən özünün bütövlüyünə nail olmuşdur.

     Bildiyimiz kimi, Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi- iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin elan etdiyi “Böyük Qayıdış” Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat-logistika qovşaqlarının formalaşdırılmasına, həmçinin, iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır. Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olan, eyni zamanda üç dövlətin: Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası rəhbərlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarından biri olaraq, Zəngəzur dəhlizinin açılması, regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni də nəzərə alsaq, “Böyük Qayıdış”ın dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir hərəkat olduğunu təsəvvür edə bilərik. Buna görə də, “Böyük Qayıdış” öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də, beynəlxalq hadisədir. Artıq, Qarabağın dirçəldilməsinə, yenidənqurma işlərinə başlanılıb. Ölkə başçısının şəxsən iştirakı ilə işğaldan azad olunan ərazilərimizdə yeni obyektlərin, yolların və başqa mühüm infrastruktur layihələrinin təməli qoyulur. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti mərhələli şəkildə bərpa ediləcək. Bu gün, “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Azad olunmuş torpaqların təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb edilib. Qarabağın əsl cənnət məkanına çevrilməsi, onun yenidən doğulması, yenidən canlanması, dirçəlməsi və bunların fonunda “Böyük Qayıdış” dövlətimiz üçün əsas prioritet məsələdir. Bu, sadəcə hüquq yox, həm də, milli qürur və fəxarət hadisəsidir. “Böyük Qayıdış”la bağlı məskunlaşma Azərbaycan dövlətinin siyasətidir. Bu siyasətin əsas prinsipləri artıq elan olunub. Bu istiqamətdə qarşımızda strateji vəzifələr dayanır. Həmin vəzifələr sırasında məcburi köçkünlərin Qarabağa qayıdışı da yer alıb. Vətən müharibəsində tarixi qələbəyə imza atdıqdan sonra yeni reallıq yaratmışıq. Yeni dövrün əsas hissəsindən biri qürurlu qayıdışı həyata keçirməkdir. Bu proses ədalətli şəkildə həyata keçirilməlidir. Düşünürəm ki, fərqli idarəetmə altında, fərqli yanaşma nəticəsində Qarabağa uğurla qayıdışın həyata keçirilməsinin şahidi olacağıq. Şübhəsiz ki, hər bir azərbaycanlı da bu prosesdə yaxından iştirak etməlidir...

  Sabit Mehdiyev,

  Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.