Rəsmi İrəvanın hərbi cinayətləri

20:05 06-12-2023 286

   Məlumdur ki, əzəli-əbədi Azərbaycan torpağı olan Qarabağa ermənilərin köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti gizli və ya açıq şəkil alaraq qərinələr boyu davam edib. Çar Rusiyasının əli ilə Qarabağda məskunlaşdırıldığı dövrdən bəri ermənilər bizim toponimləri dəyişməyə başlayıb, münbit, əlverişli əraziləri ələ keçirməyə çalışıb və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları ən müxtəlif üsul və vasitələrlə sıxışdırıblar. Ermənilər hələ İrəvana (Qərbi Azərbaycana) köçürülməmişdən əvvəl Qarabağda məskunlaşdırılıb. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən fürsətcil erməni qəsbçiləri 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vandalcasına qətliama uğradıb, soyqırımı aktları törədib. 1918-1920-ci illər isə, xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi amansız qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan, Göyçayda, hətta Arazın o tayında on minlərlə dinc azərbaycanlı əhali soyqırımı aktına uğradılıb, yaşayış yerlərindən qovulub, işgəncələr görüb. Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş soyqırımları heç də Arazın bu tayındakı soyqırımı aktlarından geri qalmayıb. Urmuda, Xoyda, Səlmasda, Makuda, çoxluğunu azərbaycanlılar təşkil edən qəsəbələrdə, kəndlərdə də belə hadisələr törədilib. Üstəlik, Şərqi Anadoluda - Qarsda, Ərdəhanda, Ərzurumda da eyni vaxtda – sanki bir sistem halında vandalizm, soyqırımı aktları törədilib. Təəssüflər olsun ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından didərgin salınması “beynəlmiləl” sovet dönəmində nəinki dayandırılıb, hətta davam və inkişaf etdirilib. Sovetləşmənin ilk aylarında Azərbaycan Zəngəzuru itirib. 1948-1953-cü illərdə isə Ermənistanda – Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından 150 minə yaxın soydaşımız deportasiya olunub. Onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə daha 300 minə yaxın soydaşımız öz doğma el-obasından, yurdundan zorla çıxarılıb. Bununla da Ermənistan faktiki monoetnik dövlətə çevrilib. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən dənizə Ermənistan” adlı başıboş ideyasını gerçəkləşdirmək cəhdi kəndlərin, qəsəbələrin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnib.

  Arazın hər iki tərəfində soyqırımlar uzun illər gizli saxlanılıb. Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət, yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırımı siyasətinə Ümummilli Lider ilk dəfə 1998-ci il mart ayının 26-da imzaladığı Fərmanla tarixi qiymət vermiş oldu. 31 Mart – “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Xalqımız, dövlətimiz hər il soyqırımı qurbanlarını anır, yaddaşını təzələyir, beynəlxalq ictimaiyyəti məlumatlandırır. Rəsmi İrəvanın hərbi cinayətləri uzun illər davam edib. 1988-1994-cü illər içində xarici havadarları tərəfindən açıq və gizli surətdə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal edib. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simasını (simasızlığını) göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 Fevral – Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri, bədnam 366-cı motoatıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Xocalı soyqırımında 613 nəfər, onlardan 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, neçə nəfər əsir və girov götürülüb, işgəncə görüb. Beləliklə, Ermənistanın işğalına son qoymaq üçün güc tətbiq etməkdən savayı yol qalmamışdı. Bu işdə ikili standartlar – beynəlxalq riyakarlıqlar da az rol oynamayıb. Müvafiq nizamlanma üçün 1992-ci il mart ayının 24-də təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu öz fəaliyyətinin 29 ili içində məsələnin həllinə yox, tam tərsinə - dondurulmasına çalışdı. Bununla da illərlə aparılan danışıqlar nəticəsiz qaldı. İşğalçı ölkə olan Ermənistanla, işğala məruz qalmış Azərbaycana eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Azərbaycan isə, daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirdi, münaqişəni sülh, yəni danışıqlar yolu ilə həll etməyə çalışdı. Digər bir təşkilat – bu dəfə, dünyanın ən böyük təsisatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə faktiki acizlik nümayiş etdirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi (822, 853, 874, 884) 27 il kağız üzərində qaldı. 2020-ci ilin sentyabr ayının 27-də başlayan müharibə Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı. Azərbaycan BMT-nin, ATƏT-in edə bilmədiyini özü 44 gün ərzində yerinə yetirdi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi yurddaşlarımızı doğma el-obasından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, mədəni irsinə də ağır zərbə vurdu. Ermənistan bu müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı duruma saldı, şəhər və kəndlərimizdə infrastruktur tamamilə məhv edildi. Ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vuruldu. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanımızın əvəzsiz mədəniyyət abidələri də məhv edildi. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyə tli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidəsi, 15 dekorativ sənət örnəyi) tarix və mədəniyyət abidələri olub. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə illərdir viran qalıb. Uzun illər aparılan sülh danışıqları Ermənistanın qeyri-ciddi, konstruktiv münasibəti səbəbindən bir nəticə vermədi. Ermənistan hərbi-siyasi rəhbərliyi, dünya erməniliyi 2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt və 2020-ci ilin Tovuz döyüşlərindən nəticə çıxarmağı bacarmadı. Hər kəs görürdü ki, Azərbaycan dövləti və xalqı işğalla qətiyyən barışmayacaq, lakin ermənilər bu döyüşlərdən nəinki nəticə çıxarmadı, üstəlik, respublikamıza qarşı diversiyaları davam etdirdi. Erməni siyasətçiləri xalqımıza qarşı təxribatçı açıqlamalardan çəkinmədi.

  2020-ci ilin sentyabr ayının 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakinimiz, o cümlədən 2 uşaq həlak oldu. Nəhayət, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi. 44 günlük müharibədə Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə, bütün cəbhəboyu əks-hücuma keçən Şanlı Ordumuz 1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri geri qaytardı. 2-ci Qarabağ müharibəsi şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Sübut olundu ki, Azərbaycanın Zəfəri heç bir xarici qüvvəyə, dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, Ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcəssüm etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə, xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin iştirakı ilə hərbi əməliyyatların tam dayandırılması haqqında Bəyanat imzalandı. Vətən müharibəsi Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Azərbaycan Ordusunun sentyabr ayının 27-də başladığı uğurlu əks-hücum əməliyyatı sonucunda 5 şəhər, 4 qəsəbə, 286 kənd, habelə, Ağdərə, Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçının işğalda qalan hissələri hərbi əməliyyatlarsız azad olundu. İkinci Qarabağ müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı, 6 nəfər isə, hələ də itkin sayılır. Azərbaycanın Şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Bildiyimiz kimi, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti, cənab İlham Əliyev Vətən müharibəsinin başlandığı günün – 27 sentyabr tarixinin Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb...

  Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.