Poeziya 2023
Elman İsrafiloğlu
PAYIZ AĞLAYIRDI YOLLARIM ÜSTƏ
Quş kimi uçurdu payız əlimdən,
Zamanla qol-qola gedirdim toya.
Payız ağlayırdı yollarım üstə,
Sənsiz bu yollarda iz qoya-qoya.
Sənin gözlərinə yığılmaq üçün,
Payız öz rəngini sərmişdi yerə,
Bu əsən küləklər qolumdan tutub,
Sığınmışam sənsiz xatirələrə.
Bu payız ağlayır gözümdə mənim,
Axan göz yaşımı bir kimsə görmür.
Ələnir ömrümə zamanın yükü,
Bu yükü üstümdən kimsə götürmür.
...Bir şarkı çalınır, vaxtın şarkısı,,
Zamanın havası ta dəbdən düşüb.
Çalınan şarkıya oynamaq olmur,
Zamanın havasın kimsə dəyişib.
Bu toy dəftərinin siyahısına,
Adımı yazıram, mən sına-sına.
Gözümdə ağlayan baxışlarına,
Xoşbəxt ol! Deyirəm, mən yana-yana
Qismətsən mənə yox, sən başqasına.
GƏL APAR, ÖZÜNLƏ BİTƏN SEVGİMİ
Gözlərinin rəsmi gözümdə qalıb,
Günahkar sənsənmi, yoxsa gözlərim?
İsitmir sözlərim daha qəlbimi,
Elə bil itirib “tamın” sözlərim.
Gəl apar, özünlə bitən sevgimi
Sənsiz sənsizliyə yetən sevgimi.
Üzümə açılan nurlu sabahı,
Ayrılıq əlimdən alıb apardı.
Bir çiçək bitmişdi yollarım üstə,
Onu da yolumdan külək qopardı.
Tənha axtarıram itən sevgimi
Gəl apar, özünlə bitən sevgimi.
Əzdin hislərimi, duyğularımı,
Baxmadın gözümdən axan yaşlara.
Səni dəli kimi sevən qəlbimi,
Çırpdın qayalara, çırpdın daşlara.
Gizləmədi duman, nə çən sevgimi,
Gəl apar, özünlə bitən sevgimi.
Gəlin gedən günü bir güzgü kimi,
Əllərimdən düşüb sındı gülüşüm,
Qanadlı at olub zaman tələsdi,
Zamanla, həsrəti necə bölüşüm?
Qaytara bilmədim ölən sevgimi
Gəl apar, özünlə bitən sevgimi.
...Dəniz kənarında əlimdə siqar,
Xəyala dönübsən, baxışın küsgün.
Əriyir ürəyim, qəlbim sönən şam,
Bu axşam haradan yadıma düşdün?
Dalğalar səsləyir ötən sevgimi,
Gəl apar özünlə btən sevgimi.
SEVGİ DİLƏNÇİSİ DEYİLƏM Kİ, MƏN
Zaman külək kimi ötür önümdən,
Qəlbimdən adını vaxt silə bilmir.
Hər gün bir yarpaq tək ömürdən düşür,
Həsrətin bir dərya sonu görünmür.
Ahımdan yaranıb göydə buludlar.
Gözündə ağlayan bulud rəsmin çək.
Saxlaya bilmədin, qəlbində məni,
Düşmüşəm gözündən göz yaşları tək.
Tutub həsrətinin ətəyindən mən,
Qaçıram mən sənsiz gələn səhərə.
Daha gözlərimin gülüşü qaçıb,
Dərdlərim gözümə hopandan bəri.
Bizim sevgimizin dəfn olan günü,
Bu payız ağlayır qollarım üstə.
İndi sənsizləyib ayaq izlərim,
Yıxılıb qalıbdı yolların üstə.
Bir sevgi nədir ki, qıymadın mənə,
İndi sığınmışam xatirələrə.
Sevgi dilənçisi deyiləm ki, mən,
Əl açam, dilənəm, yol ötənlərə.
MƏN SƏNİ SEVİRƏM
Uçub saçlarına qonsun kəpənək,
Sansın saçlarını ətirli çiçək.
Mən də səni sıxım köksümə bərk-bərk,
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
Gözlərim gözünə boylanar, baxar,
Sözlərim qəlbinə bulaq tək axar.
Gecə ulduzları köksünə sıxar,
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
Sevgimiz çağlayan, coşan bir dəniz,
Sevgimiz ən duru çeşmə tək təmiz.
Mənə sən əzizsən, hamıdan əziz,
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
Dəniz sahilini sevdiyi kimi,
Ara ürəyimi, ara qəlbimi,
İsit ovucumu, isit əlimi,
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
Ətirin yayılıb bahar gülü tək,
Sənin həsrətinlə döyünür ürək.
Elləri, dünyanı gəl birgə gəzək,
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
Bu bahar səsləyir hər ikimizi,
Bu bahar yaşadır saf eşqimizi,
Görənlər qısqanır bu sevgimizi.
Ətirli çiçəksən, ay qara gözlüm,
Mən səni sevirəm, sevirəm gülüm.
YALANÇI DÜZLÜYƏ EYLƏMƏZ HƏVƏS
Sağalmaz, xəstəlik olsa canında,
Sağalar, vaxtı var öz zamanında.
Sözünü bilməyən nadan yanında,
Fikir ver, hər zaman, sən öz sözünə.
Ləkə yapışdırma öz vüqarına,
Həmişə arxalan düz ilqarına.
Xəyanət etsən də başqalarına,
Xəyanət eyləmə özün-özünə.
Lovğa, yekəxana, yaltaq adamlar,
Olubdur, olacaq, həmişə də var.
Özündən müşdəbeh kəmfürsət olar,
Dar gündə yalmanar durar üzünə.
Ər oğul həmişə elə, ər olar,
Qiyamətə qoymaz qisasın alar.
“Kasıblar mərd olar”, deyib atalar,
Namərdlər düşməsin cığır- izinə.
Ruhsuzda, cansızda olmaz bil nəfəs,
Yalançı düzlüyə eyləməz həvəs,
Ay Elman,yalandan danışsa hər kəs,
Heç zaman baxammaz Haqqın gözünə.
BU GÜN SƏNİ DƏRDƏ NİŞANLADILAR.
Sevinci, gülüşü üzündə boğub,
Arzunu, istəyi gözündə boğub,
Yolları qəlbinin izində boğub,
Bu gün səni dərdə nişanladılar.
Ümidlərin sındı, yandı arzun da,
Sözlərin qırılıb qaldı ağzında.
Mesajların dondu, dondu yazında,
Bu gün səni dərdə nişanladılar.
Çəkilib gizlində göz yaş tökərsən,
Qəlbində özgə bir sevgi əkərsən,
Ölüncə həsrətin dadın çəkərsən,
Bu gün səni dərdə nişanladılar.
Ətri də dəyişdi gülün, çəmənin,
Dəyişdi baxışın, sözün söhbətin,
Barmağın alışıb, yanmadı sənin,
Bu gün səni dərdə nişanladılar.
İllərlə qəlbində yaşayasıyam,
Bu eşqi ölüncə daşıyasıyam.
Taleylə, qədərlə barışasıyam,
Bu gün səni dərdə nişanladılar.
Şimşəklər səmanı doğrayır bu gün,
Gözlərin gözümdə ağlayır bu gün.
Sevgimi özündən ta ayır bu gün,
Bu gün səni dərdə nişanladılar.
Buludlar ağlayır cığır, izinə,
Bir azca gülüş səp, nəmli gözünə.
Çətir tutammazsan bu yer üzünə.
Bu gün səni dərdə nişanladılar.
Nuru töküləcək gələn sabahın,
Yolu ölçüləcək gələn sabahın.
Rəngi söküləcək gələn sabahın,
Bu gün səni dərdə nişanladılar.
Yolların düşməsin dumana, çənə,
Bu gündən dərd açdı qapısın mənə.
Ağlama, göz yaşı yaraşmır sənə.
Bu gün səni dərdə nişanladılar.
Büküldü bir sevgi payız fəslinə,
Xına da çəkildi zərif əlinə.
Ay Elman, sevgini yığıb gözünə,
Bu gün səni dərdə nişanladılar.
HAQSIZLIQ HƏR ŞEYDƏN AĞIRDIR, AĞƏR.
Dərd var batman-batman çəkər insanlar,
Dərd də var ağrıs adamı yıxar.
Haqsızlıq dərdilə insan barışmır,
Haqsızlq hər şeydən ağırdır, ağır.
Adam var sanırsan sanki mələkdir,
Bir kimsənin xeyir, şərinə gəlməz.
Uzaq dur nadandan, uzaq ol hər vaxt,
Duru olmayanda su da içilməz.
Söz başa düşməyən nadan adamdan,
Nə qədər gen gəzsən bəla tapmazsan.
Xəlbir su saxlamaz, ha su töksən də,
Həyatda yaşamaq gəlməsin asan.
Zamanın atəşi yandırar səni,
İçində zamanın sapı olmasa.
Yüksələ bilməzsən bir vəzifəyə,
Üzünə açılan qapı olmasa.
Dünyaya paltarsız gəlir hər insan,
Paltarsız da köçür hər kəs dünyadan.
Ay Elman, yüz ildə yaşasa nadan,
Yaxşılıq nədir, nə gözləmə ondan.