Çingiz Abdullayev: Əgər səni heç arvadın da oxumursa, özünə necə yazıçı deyirsən? - VİDEO

00:20 11-11-2019 5

Mədəniyyət Naziri Əbülfəz Qarayev mənə danışır ki, bir adamı işə götürürük. Soruşuram ondan sən sonuncu dəfə Filarmoniyada nə zaman olmusan? Cavab verir ki, Filarmoniya nədir? Pedaqoji universitetdə 25 qız Azərbaycan və ədəbiyyat üzrə müəllim olmaq üçün imtahan verirlər. Onlardan 18 nəfər Süleyman Rüstəmin Rəsul Rzanın oğlu olduğunu yazıblar. Süleyman Rüstəm ondan yaşca böyük olub. Yəni heç nəyi bilmirlər. Bu, adama çox pis təsir edir.  

HerGun.Az xəbər verir ki, bu sözləri AzTV-də yayımlanan “Ağ-qara” verlişində “Şöhrət” və “Şərəf” ordenli yazıçı, “Neftçi” Futbol Klubunun müşahidə şurasının sədri, məşhur yazıçı Çingiz Abdullayev deyib.  

O, gənc nəslin mütaliə etmədiyindən şikayətçi olduğunu və buna etirazını bu cür bildirib:  

“Bizim gənclik çox az kitab oxuyur. Düzdür, bu tendensiya bütün dünyada müşahidə edilir, bizdə qat-qat daha çoxdur. Teatrlara getmirlər. Belə olan təqdirdə savadsız kadrlar yetişir. Həkim düz ayağı kəsmir, mühəndis elə bina tikir ki, o, uçur. Bizim uşaqlarımız yaxşı oxumalı, öyrənməlidir. İstəsin, can atsın oxumağa. Uşaqları tərbiyə edəndə ilk növbədə uğurlu olmalarını istəyirik.  

Əfsuslar olsun ki, uğuru biz yalnız pulla ölçürük. Əgər pulu varsa, demək uğurludur. Pulu yoxdursa, əşşi kimə lazımdır alim, yazıçı, bəstəkar?! Təki pulu olsun. Bu səhv düşüncədir. Hər zaman uşaqlara deyirəm ki, Stiv Cobs, Mark Zukerberq, Bill Geyts öz başı, zəkası və zəhməti ilə varlı olublar.  

Siz də onlar kimi ola bilərsiz. Bizdə bu cür insanlar olub, indi də var. Parisə gələndə Tahir Salahovun yanına Pyer Karden gəlib söylədi ki, “Fransanın prezidentindən sizə salam gətirmişəm. Biz fəxr edirik ki, bizim torpağımıza, sizin kimi bir dahi insan gəlib”.  

Bu sözləri eşidəndə, elə bil məni göyə qaldırdılar. Çünki mən Tahir Salahovu uşaqlıqdan tanıyıram. Baxın, görün ki, Azərbaycanlıya nə söyləyirlər! Uğur sözünü biz düzgün başa düşmürük.  

Daha sonra Ç.Abdullayev özünə məşhur hesab edən şair və yazıçılara atmaca ataraq, onları məsxərəyə qoyub:  

“Bizim səkkiz televiziya kanalımız var. Açıb bu səkkiz kanala baxanda, hamı özünü dünya şöhrətli kimi təqdim edir. Ay qurban olum, sənin Tiflisdə, Maxaçkalada bir dəfə də olsun kitabın üzə çıxmayıb, sən axı necə dünya şöhrətli ola bilərsən?”  

Verlişin gedişatında aparıcının “Bir dəfə atanız sizə sual verib ki, “Yazdığın əsərlərə görə, qanorar almasan, yazmağa davam edərsən?” Sizin cavabınız isə “Bəli” olub. Sizcə, bu cür cavab verənləri sayı çoxdur?” sualına xalq yazıçısı belə münasibət bildirib:  

“Hər dəfə xaricdə bir kitabım çap olunub çıxanda, çox sevinirəm. Hazırda vəziyyət çox çətindir, əziyyətlidir. Qonorar alan insan barmaqla sayılacaq qədərdir. Yazıçılar ittifaqında 2000 yaxın üzv var. İnandırım sizi, qonorarı 3-4 adam alır. İndi qonorar vermirlər. Buraxanda da kitabı 200 və ya 500 nüsxə ilə buraxırlar. Mənim nə şadlıq evim var, nə də ki mağazam. Bir az pul olan kimi, varlı, imkanlı azərcaycanlılar şadlıq evi və mağaza açırlar (gülür). Maliyyə baxımından gəlir yerim kitab və filmlərdir. Açığı bilmirəm necə yaşayardım. Amma çox istəyərdim ki, məni çap etsinlər. Pul əsas ola bilməz. Dövlət tərəfindən təltif olunmaq çox yaxşıdır. Çox sağ olsunlar. Amma əsas oxucudur. Əgər oxucu yazdığını bəyənirsə, yazıçısan. Əgər səni heç arvadın da oxumursa, özünə necə yazıçı deyirsən?” 

Çingiz Abdullayev verlişin gedişatında səyahət etməyi çox sevdiyini və hər şənbə-bazar müxtəlif ölkələrə səyahət etdiyini dilə gətirib. O, hətta təyyarədə yandığını etiraf edib:  

“Təyyarədən çox qorxuram. Amma hər il 30-45 dəfə harasa uçuram. Hər şənbə-bazar harasa gedirəm. Bir dəfə təyyarədə yanmışam, bir dəfə təyyarə məni çevirib, başıma daha nələr gəlməyib ki?! Amma görünür ki, məni Allah saxlayır”. 

Rəşad Əliyev