Dünya bir gün “ölü Axilleslərin” həsrətinə çevrilə bilərmi?

20:00 22-03-2020 16

Aqşin Yenisey yazır...

Azadlıq insanın sənətlə cütləşmək istəyidir. Yediyi bizonun şəklini qayaya çəkən ilk insan ölümə meydan oxudu; şəklini qayaya çəkməklə on iki-on dörd il ömrü olan bizonu otuz min il yaşatdı, həm də əti, dərisi ilə onu yaşatdığı üçün öldürdüyü bizona özünün mənəvi borcunu ödədi. Azadlıq həm də borc ödəməkdir; daha geniş mənada!

Hələ yüz il əvvəl dünya ədəbiyyatına ilk mürəkkəb qadın xarakterlərini gətirsə də, bütün ömrünü “niyə evlənmirsən”, yaxud “nə vaxt dəbərirsən” sualının xəcalətini çəkə-çəkə evdə anasının, kənarda fahişələrin yanında keçirən, bəlkə də, bu kəskin “ana və fahişə” yerdəyişmələrinə görə özünün dünyaca məhşur qadın qəhrəmanının timsalında qadın təbiətinin ikiləşmə xüsusunu açıb-ağartdığı üçün “əxlaqsızlıq carçısı” kimi mühakimə və müzakirə olunan fransız romantik-realisti, öz həyat tərzinin düşkünlüyünə: “böyük sənətkar şamı hər iki ucundan yandırır. O, həm də pozğun (oxu: azad) həyat tərzi sürməlidir ki, bununla yaradıcı fantaziyasını qamçılasın” fikriylə haqq qazandıran Qüstav Flober, layiq olmadığı dəbdəbəyə yerikləməsində həyatının məişət bozluğunu, tez-tez xəyanət yanğısının oyanmasında ərinin nəvazişlərini, qucaqdan-qucağa düşməsində həmişə eyni forması və eyni dili olan ehtirasın əbədi yeknəsəqliyini, cəsarətsiz itaətin qadın üçün etdiyi xəyanətin cəzası olmasını, eyni zamanda bağışlanma arxayınlığı yaratmasını və nəhayət, öz əxlaqsız həyat səyahətinə çıxmasında hər həzzin bezginliklə, hər öpüşün daha nəşəlisini axtarmaq tamahı ilə bitməsini günahlandıran Madam Bovari kimi xislətində müqəddəsliyi və şübhəni, xəyanəti və göz yaşını, əyaləti və Parisi birləşdirən ziddiyyətli qadın obrazını yaratmasına baxmayaraq, ədəbiyyatın gələcəyi haqqında deyirdi: “Gələcək ədəbiyyat elmlə incəsənətin nikahından yaranacaq”.

XX əsr elmi-fantastik ədəbiyyatın sivlizasiyadan-sivilizasiyaya uçan zaman gəmiləri, apeyron təbiətli obrazları vasitəsilə göstərməyə çalışırdı ki, artıq elm də din kimi xoşbəxtliyi yerdə yox, göydə, “başqa dünya”da axtarmaq fikrindədir, ancaq əlindəki xəritəni ona dinin verdiyini boynuna almadı. Çünki həyatın sahibinin kosmik iradə olması və bu iradə sahibinin göydə “yaşaması” fikri dindən gəlirdi. Göyü xoşbəxtliyin ünvanı kimi elmə göstərən din idi. Yerdəki xoşbəxtlik axtarışları iflasa uğramışdı, xoşbəxtliyi əvəz edən müvəqqəti ehtiyatlar isə tükənirdi. Elm dinə güzəştə getdi, ya da ən azı, onun başlanğıc ideyasını sınamaq qərarına gəldi.

Elmlə dinin bu gizli görüşünə sənət, həm də Floberin dediyi incə sənət dəvət olunmadı.

Ancaq COVİD-19 pandemiyası bir daha sübut etdi, insan yerin sərvətləri ilə qazandığı pulu, nə qədər ki, “göyə sovuracaq”, yəni kosmik macəraçılığa xəsləyəcək, hətta xoşbəxtliyi fəzanın ənginliklərində tapsa belə, oraya gedib çatana qədər yerdə əhəmiyyət vermədiyi hansısa bir virusdan icazə almalı olacaq. Reallıq budur ki, COVİD-19-un bir az daha fərqli forması insan nəslini can atdığı qalaktik səhayətdən məhrum edə, artıq diqqətə almadığı yer kürəsini onun əbədi beynəlmiləl qəbiristanlığına çevirə bilər. 

Flober “Madam Bovari”də hiss etdi ki, yalnız insana aludəçilik ədəbiyyatı çürükçülüyə aparır. Onun rus müasiri Dostoyevski isə bunun tam əksini düşünürdü, amma bu da gerçək fikirdir ki, rus klassik insan dedikdə yalnız özünün kortəbii aləmi ilə girinc-giriftar olan rus insanını nəzərdə tuturdu. Dünya ədəbiyyatında öz millətinin heysiyyatına bu qədər düşkün olan ikinci bir yazıçı tapmaq mümkün deyil, hətta o, Semipalatinsk katorqasında dost olduğu qırğız alimi Vəlixanova, ayağında dəmir kündə İrtış çayında köhnə gəmiləri sökə-sökə min bir müsibət içində şaxtalı sularda əsə-əsə: “Şərqin sizin kimi avropasayağı düşünən insanları öz xalqlarının Rusiya ilə yaxınlaşmasına kömək edəcək” deməyi də unutmurdu.

Ancaq Floberdən və Dostoyevskidən təxminən yüz il sonra Stanislav Lem, Ayzek Azimov kimi yazıçılar ədəbiyyatın ənənəvi axtarış aləmi olan surətlər, xarakterlər aləmindən uzaqlaşıb, elmin anlayışlar aləminə yaxınlaşdılar. XX əsrdə insan ədəbi sərvət kimi, sanki, tükəndi. Ədəbiyyatda onun xarakterinin, taleyinin yerini avtotəkamül ideyasının sübut etməyə çalışdığı virtual reallıqların mövcudluğu, süni zəkanın yaradılmasının mümkünlüyü kimi fantastik iddialar tutdu.

Stanislav Lem əsərlərində hətta müasir insanın da kosmik əxlaqın, davranışların qaydalarına uyğun olmadığını göstərirdi. Yəni bu əxlaqla insan yeni bir kosmik məkan əldə etsəydi belə, orada da yerdəki insan qədər bədbəxt, yaxud xoşbəxt olacaqdı.

Məsələn, Lem “Solyaris” romanında dini dünyagörüşün bəşər övladının son apokaloptik dayanacağı kimi müəyyən etdiyi əbədi fantastik məkanların, cənnət və cəhənnəmin yerinə kosmosun əngilliklərində kəşf olunan “Solyaris” planetini təklif etdi ki, bu planetin də materiyası ümumilikdə düşünən beyindən, nəhəng təfəkkür laylarından ibarət idi. “Solyaris” Hegelin “Mütləq zəka”sı kimi bütövlükdə bir fövqəlzəka olaraq, ona təşrif gətirmiş insanlara onların təfəkkürünün, yaşantılarının, hiss və emosiyalarının, xarakterlərinin burda, kosmik məkanda acizliyini, cılızlığını, bitib tükənməyən şöhrətpərəstlik və xudbinlik buxovunda vurnuxduqlarını göstərməyə çalışır, onlara yerdənkənar intellektual fəzada heç kim, heç nə olduqlarını özünün apatik, yəni soyuqqanlı münasibəti ilə sərgiləyirdi. “Solyaris” planeti dini kitablardakı Allah obrazının trafareti idi.

Fantastikaya milyardlar, səhiyyəyə qəpiklər xərcləyən dünyanın, bəlkə də, fantastik cəhdlərə meyil etməsi bəşəriyyətin psixoloji antisipasiyasıdır. Fiziki çıxılmazlıq həyəcanından doğan mənəvi xilasolma “uzaqgörənliyidir”. İnsanın “orda bir kənd var, uzaqda, getməsək də, varmasaq da, o kənd bizim kəndimizdir” kimi yaradıcı təxəyyülünün gözləntisidir. Ancaq təsadüfi bir epidemiya ucbatından bu arzu həmişəlik insanın gözündə qala bilər. 

Sənət hərdən dinin, hərdən elmin mirsəzi kimi çıxış etmək fikrinə düşəndə, özünün deyil, onların suallarına cavab verməyə çalışanda nədənsə onların görüşü həmişə reallığın gözündən, qulağından uzaq bir yerdə baş tutur; ya ədəbiyyat, elmi xəlvətə, mifik mövzuların arxasınca qaranlıq keçmişə, allahların yaşadığı Olimp dağının ətəklərinə, ya da elm, ədəbiyyatı fantastik mövzuların işıqgələn səmtinə, gələcəyə, Solyaris planetinin “beyin qırışlarının” dolanbaclarına çağırır. Mifdə və dində allah, dastanda yarımallah-yarıminsan, romanda insan, fantastikada fantom şəklində təsvir olunan ortaq qəhrəman insanın təxəyyül hiperbolasında bir fantastik aləmdən başqa bir fantastik aləmə doğru əbədi səyahətdədir.

Havasını udduğu, suyunu içdiyi dünya ona unutdurulur və hər dəfə qəfil yaxalandığı bir fəlakət ona dünyada yaşadığı xatırlatmalı olur. Necə ki, bəzən ailədə bir evdə yaşasalar da artıq heç bir emosional bağlılıqları qalmayan ər-arvadlar bir-birilərini diri gözlü unudurlar, bir evin içində bir-birilərini xatırlamırlar, yada salmırlar, ta ki, uşaqlardan biri yıxılıb qolunu sındırana qədər. Sənət insanı elmin, dinin maraqlarına qurban verəndə dünya eynən nümunə göstərdiyimiz ailəyə çevrilir.

Enerji resursları tükənir, tükəndicə, Maltusun xəbərdarlıq etdiyi, bəşəriyyətin mənəvi böhranı da dərinləşir. Artıq şirin su ehtiyatlarlını qorumaq üçün hər gün yayımlanan kiçik filmlər çəkilir. Dövlətlər vətəndaşlarından əsgər deyil, terror təşkilatları düzəldirlər, çünki bir çəllək neftə görə özlərinin döyüşməsi gülünc görünə bilər. Siyasi qəbzolmalar kəskinləşir. Müqəddəs kitablar döyüş nizamnamələri kimi təbliğ olunur. Məhkəmə sistemlərini şəxsi mühakimələr əvəz edir. Sıravi xarakterlər ilahiləşir. İnsan allahın təəssübkeşi deyil, özü, yaxını olmağa iddia edir. Apokaliptik zorakılıqlar gündəlik həyat tərzinə çevirilir. Fantastik final kimi düşünülmüş Qiyamət səhnəsi dekorativ təsəvvürlərdən real görüntülər halına gəlir. Elmlə dinin ortaq “başqa dünya” həsrəti bu dünyanı məhv edir.

Bu dəfə realizm utopiyada baş verir. Belə böhranlı tarixi qəbzolmalarda, Lunaçarskinin fikrincə desək, ilk növbədə, yaradıcı təxəyyül yeni xoşbəxtlik axtarışına çıxır.

Köhnə xoşbəxtliklərin darmadağın edildiyi məkan və zaman yaşamaq üçün artıq təhlükəlidir; yeni zamana və yeni məkana qaçış. Özünün fantastik təxəyyülündə “Solyaris” adlı planetin kəşfini də Lem müsahibələrinin birində insanın dünyadan xilasolma ideyası ilə əlaqələndirir: “... insan artıq dünyada yaşaya bilmir, amma ölmək də istəmir”. Bu fantastik köçmənlik ideyası kosmosun və okean dibinin fəthindən uzun illər əvvəl klassik elmi fantastikanın üç atasından biri sayılan Jül Vernin əsərlərində insanın təxəyyül antisipasiyasının nəticəsi kimi sualtı qayıqların, kosmik gəmilərin real təsviri ilə üzə çıxırsa, heyvanlarda bu hal uzun illərin həyat təcrübəsi nəticəsində qazanılan irsi özünüqoruma aktı kimi baş verir.

Biz dünyadan qaça biləcəyikmi və qaça bilsək belə qaçdığımız yerdə başqası ola biləcəyikmi?

Uzun illər savannanın açıq ərazilərində ovçu tüfənglərinə rahat hədəf olan fillər, nəhayət, “başa düşdülər” ki, onları qırğına verən bu açıq-saçıq düzənlərdən köçmək lazımdır və tarixdə “fillərin böyük köçü” baş verdi; fillər xortumlarını aşağı sallayaraq, qüssə və ümid içində nisbətən meşəni xatırladan kollu-koslu yerlərə köçdülər. Amma oranın da kol-kosunu yeyib savannaya çevirdilər.

İnsan bu xislətlə dünyadan qaçsa belə daha təhlükəsiz yer axtaran fillərin vəziyyətinə düşməyəcəkmi?

Hans Qadamer mifləri insanlığın ilkin fikirləri adlandırırdı, qoy fantastik öncəgörmələr də insanlığın son fikirləri olsun. Onsuz da, insan hər iki halda köməksizdir. Keçmiş mifologiyada o, allahların iradəsinə tabe idisə, gələcəyin fantastik məkanı olan “Solyaris”lərdə, ümumiyytlə, heç kimə çevrilir. Antik təfəkkür ölüm allahı Aidin səltənətindən səslənən Axillin kölgəsinin dirilərə xəbərdarlıq kimi hayqırdığı sözlərlə deyirdi ki, miflər və fantomlar səltənətində hökmdar olmaqdansa, yer üzündə muzdur olmaq yaxşıdır. Bu, antik ölünün həyat haqqında nostaljisi idi.

Müasir insan isə ölü Axillin həsrətini çəkdiyi bu yer üzündən xilas olmağa çalışır, onun, istər elmi, istər dini arzusu özünü başqa dünyalara hazırlamaq, daşımaqdır. Ona görə də ideya ölüm üçün son məqsədə yox, təsadüfi bəhanəyə çevirilir. Birinci Dünya müharibəsində xalqların, İkinci Dünya müharibəsində şəxsiyyətlərin mənafeləri toqquşurdusa, çoxdan davam edən Üçüncü Dünya müharibəsi sıravilərin arasında baş verir. Bəşəriyyət lütlənir. Alman rəssamı Hans Memlinqin “Axırıncı məhkəmə” əsərində olduğu kimi.

Hərdən yaşadığımız həyata, dünyaya öldükdən sonra onun həsrətini çəkən ölü Axillin gözüylə baxmaq ümidiylə...