Milli Olimpiya Komitəsi də koronavirusla mübarizəyə qoşuldu

17:00 25-03-2020 20

Milli Olimpiya Komitəsi (MOK) də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. 

HerGun.Az-ın xəbərinə görə, MOK-un əməkdaşları aylıq əməkhaqlarının bir qismini Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

MOK mətbuat xidmətindən bildiriblər ki, qlobal pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri sayan qurum vətəndaşları Olimpiya hərəkatının minlərlə üzvünü koronavirusla mübarizədə aktiv olmağa, özlərini və ətrafdakı insanları qorumaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyi, eləcə də Milli Paralimpiya Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb.

Səbuhi Musayev