Üzərində odlu silah gəzdirən Nardaran sakini tutuldu - FOTO/VİDEO

02:00 16-05-2020 33

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunçu rayonu Nardaran qəsəbəsinin sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərdə əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177 və 234-cü maddələri ilə məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı bir ədəd “Revolver” (naqan) markalı atəşə yararlı tapança, həmin silaha məxsus altı ədəd patron aşkar edilərək götürülüb.

Saxlanılan şəxs silah-sursatın onun üçün “baba yadigarı” olduğunu bildirməklə, polisə təhvil verməyərək, qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.