Toyunu xəstə atasının son dəqiqələrini yaşadığı xəstəxana palatasında keçirdi - FOTO

06:20 17-05-2020 19

Avstraliyanın Kvinslend ştatında yaşayan 37 yaşlı Natali Hoskinson öz toyunu xərçəng xəstəsi olan atasının yatdığı xəstəxana palatasında keçirib.

“The Sun” nəşri xəbər verir ki, Natalinin sözlərinə görə, atası Devidlə həmişə çox yaxın olublar.

Atası onun bütün təşəbbüslərini dəstəkləyib, hər zaman qızına arxa olub.

Lakin Devid 60 yaşında ağır xəstəliyə tutulub. Həkimlər ona xərçəng diaqnozu qoyublar və 13 il xəstəliklə mübarizə apardıqdan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibb işçiləri yaşlı avstraliyalının ağrılarını yalnız morfin inyeksiyaları ilə sakitləşdirə biliblər.

Atasının sağala bilməyəcəyini öyrənən Natali nikah mərasimini xəstəxana palatasında keçirməyə qərar verib:

“Həmişə arzum olub ki, atam toyumda iştirak etsin, xeyir-duasını versin. Vəziyyət belə olanda qərara aldım ki, o, toyda mütləq yanımda olmalıdır. Nişanlım Tim də dərhal razılaşdı. Köhnə dostum, musiqiçi Todd bütün işlərini ataraq, təyyarəyə minib, özünü xəstəxanaya çatdırdı”.

Mənbə bildirir ki, palatada toyun davam etdiyi dəqiqələrdə tibb bacıları dəhlizdə göz yaşlarını saxlaya bilməyiblər. Ən acınacaqlısı isə odur ki, Devidin ürəyi qızının toyu başa çatmamış dayanıb.