İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib

13:40 17-05-2020 20

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. 

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. 

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar. 

Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər. 

Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.