Deputatdan azərbaycanlıların xaricdəki aksiyaları barədə TƏKLİFLƏR

18:40 27-07-2020 403

“Qarabağın, işğal olunmuş bütün torpaqlarımızın azad olunması hər bir azərbaycanlının ən böyük arzusudur. Bu istiqamətdə mübarizə təkcə hərb cəbhəsində aparılmamalıdır. Son vaxtlar xaricdə yaşayan soydaşlarımızın keçirdikləri aksiyalar da bu baxımdan əhəmiyyətlidir”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan diasporu xaricdə bu istiqamətdə erməni diasporu ilə mübarizə aparır.

Millət vəkilinin sözlərinə görə, dünyada erməni lobbisinin güclü olması heç kimə sirr deyil və onlar müxtəlif beynəlxalq təşkilatlara bizim əleyhimizə təsir etmək gücünə sahibdirlər.

“Uzun illərdir Qarabağ məsələsi ilə bağlı erməni lobbisi hər fürsətdə, əsasən də KİV vasitəsilə yalan məlumatlar yayıb və bir sıra hallarda dünya ictimaiyyətini buna inandıra biliblər. Ancaq Azərbaycan dövlətinin beynəlxalq sahədə apardığı düzgün siyasət və gənc diasporumuzun təşkilatlanması nəticəsində beynəlxalq birlik əsl həqiqətləri öyrənməkdədir. İyulun 12-də Azərbaycan - Ermənistan sərhəd xəttinin Tovuz istiqamətində ermənilərin törətdiyi hərbi təxribatdan sonra soydaşlarımız dünyanın müxtəlif ölkələrində ayağa qalxaraq həmrəylik nümayiş etdirdilər. Bu fakt vətəndən uzaqda yaşayan həmvətənlərimizin torpaq sevgisinin, Qarabağa azadlıq arzusunun nə qədər yüksək olduğunun göstəricisidir”, - deyə F.Yıldırım əlavə edib.

Parlamentari qeyd edib ki, son günlər müxtəlif ölkələrdə belə aksiyaların təşkil olunması ermənilərin gerçək üzünü dünya ictimaiyyətinə açıb göstərir:

“Bu da onları çox narahat etməyə başlayıb. İcazəli, dinc aksiya keçirən azərbaycanlılara qarşı törədilən zorakılıq və aqqresiya faktları ermənilərin terrorçu mahiyyətindən irəli gələrək həmin təşvişin sübutudur.

Soydaşlarımıza təşəkkür edirik ki, bu tipli aksiyalar keçirirlər, diplomatik nümayəndəliklərimiz qarşısında erməni yalanlarına qarşı çıxaraq, onları susdurmağa çalışırlar”.

F.Yıldırım söyləyib ki, bütün bunlarla yanaşı biz daha mütəşəkkil şəkildə mübarizə aparmalıyıq və bu istiqamətdə daha effektiv çıxışlar təşkil etməliyik:

“2004-2009-cu illərdə “Avropa Azərbaycanlıları Mərkəzi” adlı diaspor təşkilatının rəhbəri olaraq əldə etdiyim təcrübəyə əsasən əminliklə deyə bilərəm ki, Qarabağ həqiqətlərinin, xüsusilə də, Xocalıda törədilən erməni qətliamı və vandalizm əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında belə aksiyaların mütəmadi olaraq təşkil olunması çox vacibdir. Beləliklə, biz bu məsələyə dünya ictimaiyyətinin diqqətini çəkərək işğalçı Ermənistanın yalanlarını ifşa edə bilirdik.

Bu məqamda qeyd etmək istəyirəm ki, hələ 2000-ci illərin əvvəlində bu istiqamətdə aparılan işlər bizim Türk və Azərbaycan diasporlarının birgə fəaliyyəti nəticəsində daha effektiv şəkildə həyata keçirilirdi. Çünki biz bir millət, iki dövlətik və bizim bir ortaq düşmənimiz var, o da işğalçı Ermənistan dövləti və onun dünyaya yayılmış terrorçu təfəkkürlü nümayəndələridir.

Bu gün də apardığımız haqq davamızda türk soydaşlarımızla birgə çıxış etməli, “Qarabağa Azadlıq” adlı Türk - Azərbaycan platforması yaratmalı və bu istiqamətdə çıxışlarımızı kütləviləşdirərək daha da səmərəli nəticələr əldə etməliyik. Hətta bizi sevən digər dostlarımızın da bu platformaya qoşulacağına inanıram.

Cənab Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, biz bu gün hücum siyasəti həyata keçirməli və hamımız bu istiqamətdə fəal iştirak etməliyik”.

NATO, Avropa İttifaqı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq qurumların mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir.

Deputat bu amilə diqqət çəkərək deyib ki, Brüsseldə diaspor təşkilatlarımızın tədbirlər üçün seçəcəyi doğru məkanlar da çox vacibdir və effektivlik baxımından xüsusi önəm daşıyır.

“Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yürüş üçün düzgün müəyyən edilmiş küçə və meydanlarda təşkil olunacaq genişmiqyaslı aksiyalar inanın ki, qısa bir müddətdə bütün dünyada əks-səda doğuracaq. Beləlikdə də, biz müdafiə yox, hücum siyasəti həyata keçirdəcək və terrorist təfəkkürlü düşmənlərimizə təxribatlar üçün fürsət verməmiş olacağıq. Güc birlikdədir və tək əldən səs çıxmaz. Bunu diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlarımız bir an belə unutmamalıdır”, - deyə Fatma Yıldırım vurğulayıb.

Aqşin Kərimov