Muxtar Babayev: “Təbii fəlakətlərə qarşı infrastruktur yaradılmalıdır”

14:20 19-02-2021 25

“Son dövrlər iqlim dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyini aydın şəkildə görünrük”.

HerGun.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Türk Dünyası Meteorologiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür:

“İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti effektiv şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir.

Məsələnin həlli bir tərəfdən təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanların xilasına və iqtisadi itkiləri azaltmağa kömək edə bilər”.

Nazir qeyd edib ki, dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir:

“Meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizin meteoroloji stansiyalarında avtomatlaşdırılmış, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemləri quraşdırılıb”.

“Meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruridir. Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, TURKMETCAP proqramı tətbiq edilir.

Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozların hazırlanmasında istifadə olunan lazımı faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır.

Forum iştirakçıları olan türkdilli ölkələrlə ətraf mühitin müxtəlif sahələri, o cümlədən meteorologiya sahəsi üzrə ikitərəfli formatda səmərəli əməkdaşlıq həyata keçirilir.

Bununla yanaşı, türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlığı davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik”, - deyə o əlavə edib.