Yanvarda ölkəmizə səfər edənlərin əksəriyyəti Rusiya vətəndaşları olub

18:40 19-02-2021 28

2021-ci ilin yanvar ayında Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Ötən ay ölkəmizə gələnlərin 34,1 faizi Rusiya Federasiyası, 28,4 faizi Türkiyə, 13,1 faizi İran, 11,7 faizi Gürcüstan, 2,1 faizi Ukrayna, 1,5 faizi Böyük Britaniya, 1 faizi Belarus, hər birindən 0,8 faiz olmaqla Özbəkistan və Türkmənistan, 0,7 faizi Qazaxıstan, 0,6 faizi Almaniya, 0,5 faizi İtaliya, 0,4 faizi ABŞ, 0,3 faizi Fransa, 4 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 95,2 faizini kişilər, 4,8 faizini qadınlar təşkil edib.                              

2020-ci ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72 faizi dəmir yolu və avtomobil, 23,4 faizi hava, 4,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül cari ilin ilk ayında da davam edib.